AraşdırmaManşet

Qarabağ ətrafıda yeni oyun: Rus səfir erməni müxalifətiylə niyə görüşür?

Ermənistan Soçidə keçirilən dünənki görüşdən ciddi narahatlıq keçirir. Xüsusən Ərdoğanla Putin arasında məhz Qarabağa dair anlaşmanın olduğunu iddia etməyə başlayıblar. Paralel olaraq, Rusiyanın bu ölkədəki səfiri Sergey Kopırkin dünən sabiq prezident Serj Sarkisyanla görüşüb. Buna qədər isə o, Levon Ter-Petrosyanla da görüşmüşdü.

Erməni nəşirləri yazırlar ki, Soçidə tərəflər arasında anlaşmanın olması barədə ilk xəbərlər yaxın günlərdə üzə çıxacaq. Və narahat olduqları məqam odur ki, Ərdoğanla Putin Qarabağ məsələsində konkret razılığa gələ bilərlər. Lakin onlar bu razılığın dəqiq olaraq nədən ibarət olduğunu bilməsələr də, hesab edirlər ki, proses Xankəndi üçün yaxşı gələcək vəd etmir.

Onlar yazırlar ki, hələ ötən ilin martında bir araya gələn Putin və Ərdoğan arasında da razılaşma olmuşdu. Bunun nəticəsi isə özünü sentyabrda göstərdi. Belə ki, Azərbaycan öz torpaqlarını azad etmək üçün müharibəyə başladı. Ermənilər düşünürlər ki, ikinci görüşdən sonra daha bir müharibə razılaşması olmayacaq. Amma Qarabağdakı separatçıların aqibətinə aydınlıq gətiriləcək.

Əslində, Soçi görüşünün gərgin keçdiyi, amma bir sıra məsələlərdə tərəflərin razılaşdığı dəqiqdir. Ərdoğanın verdiyi açıqlamadan başa düşülən odur ki, Türkiyə Rusiya ilə bir neçə iri layihəyə qol qoyub. Bu layihələr AES tikintisindən tutmuş, sualtı qayıqların inşasına qədər böyük və milyardlıq sahələri əhatə edir. Eyni zamanda, Suriya və Liviya məsələlərində də kompromçislər var. Lakin məsələnin həlli üçün hələ uzun bir danışıqlarda da ehtiyac yaranıb.

Zəngəzur dəhlizinin açılacağını əminliklə deyən Ərdoğanın bundan əminliyinin səbəbi də Kremllə fikir ayrılığının olmamasıdır. Amma diqqətr çəkən bir məqam daha var.

Türkiyə prezidenti açıqlamasında deyir ki, Qarabağ mövzusunda müzakirə aparıblar. Ayrıca Azərbaycanla da bağlı məsələ ətrafında fikir mübadiləsi ediblər. Görünən odur ki, rəsmi Bakı ilə əlaqədar Ankara və Moskvanın başqa bir planı daha mövcuddur. Həmin planın konkret nədən ibarət olduğunu demək çətindir. Yalnız ehtimal etmək olar ki, Bakı yeni bir oyunda önəmli yer alacaq.

Ya da belə bir ehtimal irəli sürmək olar ki, Azərbaycan Qarabağın yerdə qalan hissəsinin qısa zamanda ona veriləcəyi təqdirdə, Rusiyanın başında durduğu layihələrdə iştiraka hazır olacaq. Yəni, hər iki tərəf prosesdən qazanclı çıxmaq istəyir və öz şərtlərini irəli sürür.

Rusiyanın son zamanlar bəzi davranışları isə başqa bir yeni oyundan xəbər verir. Hələ bir müddət əvvəl Qarabağdakı separatçıların rəhbəri Arayik Harutyunyanın İrəvana gəlməsi, ardından onun “müavini”nin Ermənistana getməsi və orada hər ikisinin sabiq prezident Levon Ter-Petrosyanla görüşməsi müəmmalı olaylardan xəbər verirdi. Çünki Ter-Petrosyanın mövqeyi və Qarabağ məsələsi ilə baxışları Arayik və dəstəsinin maraqları ilə üst-üstə düşməməklə yanaşı, həm də düşmən baxışları kimi ehtiva olunur. Onları bir araya gətirəcək səbəbin nə olması kifayət qədər maraqlı olsa da, bu barədə elə də çox məlumatın olmaması ehtimalları səsləndirməkdən başqa yol qoymurdu.

Amma bunlarla yanaşı başqa bir məsələ də diqqəti çəkməyə başladı. Ermənistan müxalifətinin rəhbəri, həm də ölkəsinin keçmiş prezidenti olan Robert Koçaryan da Moskvaya çağırılmışdı. Düzdür, məhkəməsi səbəbindən hələ də Kremlə gedib çıxa bilməyə Koçaryanın yanına oradan birilərinin gələcəyi gözləniləndir.

Və bütün bunların fonunda bir qədər əvvəl Rusiyanın Ermənistandakı səfiri Kopırkin əvvəlcə Levon Ter Petrosyanla, dünən isə sabiq prezident Serj Sarkisyanla görüşüb. Və bu görüşlərlə bağlı detallaı heç bir məlumat verilmir. Üstəlik, Ter-Petrosyandan fərqli olaraq, Sarkisyanın adamları belə bir görüşün keçirildiyini nəinki şərh etmirlər, bəzi hallarda inkar edirlər.

Nə baş verir? Ermənistan müxalifəti hesab olunan bu adamlarla Rusiyanın səfiri niyə görüşsün? İndiyə qədər belə bir görüş təşəbbüsü niyə olmamışdı?

Gedişat, keçirilən görüşlərin ardıcıllıqları Qarabağ məsələsi ətrafında yeni prosesin başladığını əminliklə deməyə imkan verir. Görünən odur ki, Rusiya yeni bir plan hazırlayıb və onun icrasına start verməyə hazırlaşır. Həmin planda isə erməni müxalifətinin hamısının iştirakı nəzərdə tutulub. Plan nədən ibarət ola bilər?

Birincisi, Rusiya Qarabağda yeni hərbi əməliyyatların başlamasını nə istəmir, nə də arzulamır. Onsuz da 44 günlıük müharibədən sonra Qafqazdakı mövqelərinə ciddi xələl gəlib. Növbəti müharibə isə onun avtoritetini birdəfəlik yerlə bir edər. Belə olan halda rusların yeni planı Qarabağ məsələsində yüngül keçidi ehtiva edir. Yəni, Xankəndi ilə bağlı planda rusların yalnız şəhərdə qalması təmin olunur və Laçın dəhlizi də Azərbaycanla birgə qorunur.

Bu məsələ Paşinyan üçün elə də əhəmiyyət kəsb etməsə də, buna təkbaşına qol qoymaqdan çəkinir. Çünki belə bir qərarı tək verməsi ölkəsində ona qarşı ciddi narazılıqla yanaşı, hətta hakimiyyətinin devrilməsinə səbəb ola bilər. Ona görə də, Rusiyaya rəqiblər və ya narazıları razı salmaq üçün onun danışmasını daha məqbul bilib.

İkincisi, Sarkisyan və Arayik eyni medalın iki üzüdürlər. Onlarla iş görmək, Qarabağda xoşagəlməz vəziyyət yaratmaq üçün istifadə olunmaları daha məqbuldur.

Bunu yaxşı bildiklərindən onlarla görüşü ikinci plkana keçirib, öncə Qarabağ münaqişəsini “yaradanlar”dan olan Levon Ter-Petrosyanla bir araya gələrək, təkliflərini veriblər. Lakin rusların onunla ortaq məxrəcə gələ bilməməsi, Sarkisyana üz tutmalarına səbəb olub. Daha doğrusu, planın icrasını Sarkisyan və adamlarının əli ilə realılaşdırmaq qərarı verilib.

Xoşagəlməz plana gəlincə, onu belə qısa təsvir etmək mümkündür: Qarabağda ermənilər Azərbaycan mövqelərinə daha intensiv hücumlar təşkil edib, bu dəfə avtomat silahlardan deyil, qumbaratan və bu qəbildən olan digər silahlardan istifadə edərək, Azərbaycan tərəfinin itki verməsinə nail olmalı, Bakını təxribata çəkməli və bununla da hər hansı bir formada əks hücumun baş verməsini təşkil etməlidirlər. Nəticədə, Azərbaycan tərəfinin əliylə bir neçə sülhməramlının yaralıanması və öldürülməsi bölgədə vəziyyətin dəyişməsinə gətirib çıxara bilər. Üstəlik, bu rusların əlinə ciddi bəhanələr vermiş olar. Ki, Azərbaycanın tələblərini yerinə yetirməkdən imtina etsinlər.

Rus səfirin keçirdiyi görüşlərin real nəticələrini yaxın vaxtlarda müşahidə edə biləcəyik. Əgər Xankəndi və ətrafında hansısa proseslər cərəyan edərsə, prosesin ikinci ehtimal üzərində qurulduğu sirr olmayacaq. Hadisələr Ermənistanda cərəyan edəcəksə, yəni, rus sülhməramlıları ətraf rayonları Azərbaycana verib, Xankəndində qərarlaşacağı təqdirdə, erməni müxalifəti susqun qalacaq və ya qisməın etiraz edəcəksə, o zaman birinci ehtimal özünü doğruldacaq.

Bir sözlər, Rusiyanın Ermənistandakı səfiri Kopırkinin Ter-Petrosyan və Sarkisyanla görüşməsi, habelə bu prosesin içində Arayik və dəstəsinin olması səbəbsiz deyil. Məqsəd ictimai rəyi nəzərdə tutulan plana hazırlamaqdır.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button