GündəmManşet

Qarabağda “atan kazaklardır”

Dünən Qarabağdakı qanunsuz silahlı birləşmələr Ağdam rayonunun kəndini atəşə tutaraq, bir hərbçimizi yaralayıb. JAMAZ.İNFO xəbər verir ki, Müdafiə Nazirliyi bununla bağlı məlumat yayaraq, hadisənin Əliağalı kəndində baş verdiyini və baş gizir Dadaşov Sakit Əhliman oğlunun yaralandığını təsdiqləyib.

Bu açıqlamadan təxminən 3 saat sonra Rusiya Müdafiə Nazirliyi açlqma yayaraq, bu ölkənin Qarabağdakı sülhməramlı missiyasının “uğurla” fəaliyyətini davam etdirdiyini, bölgədə hər hansı silahlı insidentin yaranmadığını bildirib. Maraqlıdır ki, Azərbaycan Müdafiə Nazirliyi baş verən silahlı insidentlə bağlı Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinə məlumat verib. Rusiya Müdafiə Nazirliyi də məhz həmin müddət ərzində baş verənlərdən xəbərdar olmalı idi. Lakin görünən odur ki, ruslar ya məsələni ört-basdır etməyə çalışırlar, ya da “günah keçisi” axtarışına çıxıblar.

Qarabağda erməni terrorçularının olduğu sirr deyil. Uzun illərdən bəri qeyri-qanuni silahlı dəstələrin saxlanıldığını isbat etməyə də gərək yoxdur. Elə 10 noyabr razılaşamasına dair bəyanatın 4-cü maddəsində də aydın şəkildə göstərilir ki, Qarabağda qanunsuz silahlı birləşmələr var və onların ərazini tərk etmələri tələbi mövcuddur.

Belə olan təqdirdə, indiyə qədər həmin 4-cü bəndin icrası niyə həyata keçirilməyib? Bu suala çoxmənalı cavab vermək olar. Lakin sualın cavabı birmənalıdır. Rusiya hələ onun işinə yaradığına görə, Qarabağdakı silahlı birləşmələrin oradan çıxarılması və ya məhv edilməsini istəmir. Gələcək üçün planlarının icrasında bu qüvvələrdən istifadə edəcəyi də şübhə doğurmur.

İndiki halda Azərbaycan və Ermənistan arasında münasibətlərin düzəlməsi Moskva üçün əlverişli deyil. Ona görə ki, Kremlin bölgədə hələ həyata keçirmək istədiyi xeyli sayda planları var. Bu planlar Azərbaycan-Ermənistan sərhəddinə nəzarətdən tutmuş, Qarabağda kiçik hərbi baza yaratmağa qədər hər şeyi əhatə edir. Hətta gələcəkdə, “Zəngəzur Dəhlizi”nin qorunması adı altına İran sərhəddinə nəzarəti ələ keçirməyə qədər bütün planları ortalıqdadır.

Ona görə də, Azərbaycan Qarabağdakı qanunsuz silahlı birləşmələri çıxarmaq üçün Monitorinq Mərkəzinə müraciət etməməli, Rusiyadan icazə almamalı, dediyi kimi, öz ərazisi olan Qarabağda antiterror əməliyyatı aparmalıdır. Bu, Azərbaycanın qanuni haqqıdır və kimsə ona irad tuta bilməz. Necə ki, 44 günlük müharibə zamanı da heç bir dövlət (bəzi istisnalar xaric) Azərbaycana etiraz etmədi.

Beləliklə, Qarabağda və Ermənistanla sərhəddə atan kazaklardır. Yerdə qalanlar isə təfərrüat.

Fərda Uğur

 

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button