AraşdırmaManşet

Qarabağda partizan müharibəsi mümkündürmü?

Son günlər sosial şəbəkələrin erməni seqmentində Qarabağda partizan müharibəsi aparılmasına dair müzakirələr yenidən baş qaldırıb. JAMAZ.İNFO xəbər verir ki, ermənilər hesab edirlər ki, 44 günlük Qarabağ savaşı “ədalətsiz” olub və Azərbaycan Ordusunu “öz torpaqlarından” çıxarmaq üçün bütün imkanlardan istifadə olunmalıdır.

Erməni tərəfi partizan müharibəsinin optimal olduğunu və yazdan etibarən savaşın başladılmasının zəruri olduğunu vurğulayır. Hətta bəziləri “Hadrutdakı səhvləri təkrarlamamağı” tövsiyyə də edirlər.

Qeyd edək ki, erməni tərəfi Qarabağdakı məğlubiyyətini qəbul etmək istəmir. Ona görə də, mütəmadi olaraq “revanş”dan dəm vuraraq, yeni müharibəyə ciddi hazırlaşdıqlarını iddia edirlər. “Hadrutdakı səhv” isə ondan ibarətdir ki, Sünik vilayətində hazırlaşmış 62 nəfərlik qrup cəmi 3 gün duruş gətirə bilmişdi və Azərbaycan əsgəri onları əsir götürmüşdü.

Lakin bütün bunlara rəğmən, düşmən sakit oturmaq fikrində deyil. Elə bu səbəbdən də günün sualı budur ki, ermənilər Qarabağda partizan müharibəsinə başlaya bilərmi?

JAMAZ.İNFO xəbər verir ki, Rusiyanın tanınmış hərbi eksperti Konstantin Sivkov bu məsələ ilə bağlı maraqlı fikirlər bölüşüb. O deyir ki, Qarabağın təbii releyfi bunun üçün əlverişli olsa da,  ərazidə davamlı partizan müharibəsi aparmaq imkansızdır. “Ola bilər ki, hansısa lokal qruplar belə bir istəyə düşsünlər. Lakin onlar qısa müddətdə məhv ediləcəklər”.

Sivkov bildirir ki, partizan müharibəsi üçün bir sıra şərtlər gərəkir. “Birincisi, pratizan müharibəsinin aparılması üçün uyğun yer olmalıdır. Bəli, Qarabağda yerli şərait bunun üçün əlverişlidir. İkincisi, partizan müharibəsi üçün elə bir məkan olmalıdır ki, manevr etmək və ordunun zərbəsi altına düşməmək mümkün olsun. Yerli şəraiti və vəziyyəti nəzərə alaraq deyə bilərəm ki, Qarabağda təbiət buna imkan versə də, məkan əlverişsizdir. Yəni, partizan dəstələrinin manevr etmələri üçün iri sahələr mövcud deyil”.

Rus ekspert bir maraqlı məqama da toxunub. O deyir ki, vacib amillərdən biri də yerli əhali tərəfindən partizanların dəstəklənməsidir. “Hazırda Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilmiş ərazilərdə ermənilər yaşamır və yaxın gələcəkdə, onların həmin ərazilərə köçəcəyi də mümkün görünmür. Bundan başqa, ermənilər evlərini tərk edərkən, onları yandırdılar. Belə olan vəziyyətdə partizanların ərzaqla, silahla təmin edilməsi mümkünsüzdür”.

Amma Sivkov onu da deyir ki, partizan hərəkatlarının uzunmüddətli mübarizə aparması üçün xarici dəstəyin böyük əhəmiyyəti var. “Təmas xəttində tərəflər arasında rus sülhməramlıları dayanır. Onlar indiki şəraitdə münaqişənin yenidən alovlanmasını istəmirlər. Qənimət götürülmüş silahlarla uzun müddət partizanlıq etmək mümkün deyil. Bunun üçün xaricdən davamlı dəstək olmalıdır. Belə olan təqdirdə, partizan dəstəsi həmin silah təhcizatını ya Azərbaycanın hesabına təmin etməlidir ki, bu imkansız görünür. Ya da Ermənistan ordusu onlara dəstək verməlidir ki, onların da hazırda vəziyyəti bu təhcizatı həyata keçirməyə imkan vermir”.

Rus ekspert sonda onu da bildirib ki, praktiki olaraq Qarabağda ermənilərin partizan müharibəsi aparması mümkün deyil.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button