GündəmManşet

Qarabağdakı rus sülhməramlılarından 1200-ə yaxını Ukraynaya göndərilib

Rusiyanın Ukraynaya təcavüzündən sonra ciddi itkilər verməsi artıq rəsmi olaraq təsdiqlənir. İndiyə qədər Ukraynada 13 generalını, minlərlə tank, BTR və digər hərbi texnikasını itirən ruslar, canlı qüvvə sarıdan da çətinlik çəkirlər.

JAMAZ.İNFO xəbər verir ki, 100 gündən artıqdır davam edən müharibədə 32 minə yaxın əsgər itirən, 60 minə qədər yaralısı olan ruslar hələ bir müddət əvvəl Suriyadakı hərbi kontingentini çıxarmağa başlamışdı. Bunun ardından, Orta Asiyadakı bazalaradan da əlavə qüvvələrin cəlb edilməsinə start verildiyi deyilirdi. Həmçinin Osetiya və Abxaziyadakı qüvvələrin də Ukraynaya yönləndirildiyi dəqiqləşmişdi.

Bundan əlavə, Rusiya Ermənistandakı hərbi bazasının da əsas qüvvələrini oradan çıxararaq, Ukraynaya göndərib. Həmin ərəfədə yayılan videogörüntülərdən isə belə məlum olmuşdu ki, təkcə Gümrüdəki deyil, həmçinin Qarabağdakı rus sülhməramlıların da bir qismi Donbasa transfer edilib. Ukrayna tərəfi isə bu yaxınlarda məlumat yaymışdı ki, Qarabağdan dislokasiya edilmiş rus həbçilərinin bir neçəsini əsir götürüb. Bu faktın özü də təsdiq edirdi ki, ruslar canlı qüvvə itkilərinin yerini doldurmaq üçün Qarabağdakı “sülhməramlı”larını da göndərmək məcburiyyətində qalıb.

Ermənistan mediası isə bununla bağlı yazır ki, hal hazırda Gümrüdəki 102-ci bazanın hərbi heyəti və texnikasının böyük hissəsi Ukraynaya aparılıb. Həmin məlumata görə, hazırda Gümrüdəki hərbi bazada rusların bir batalyonu qalıb. Texnika sayı isə barmaqla sayılacaq qədərdir.

JAMAZ.İNFO erməni mediasına istinadən xəbər verir ki, Qarabağdakı rus sülhməramlı qüvvələrinin də yarısı bölgədən çıxarılıb. Məlumata görə, bir ay bundan əvvəl baş vermiş hadisə nəticəsində hazırda Qarabağda 800 nəfərdən az canlı qüvvə qalıb. Hərbi texnikaların isə kiçik bir hissəsi Ukraynaya göndərilib.

Qeyd edək ki, 10 noyabr razılaşmasına əsasən Rusiya Qarabağa 1990 nəfərlik hərbi kontingent gətirib. Onların hazırkı sayının 800 nəfər olduğuna inansaq, o zaman faktiki olaraq Qarabağdan 1200-ə yaxın hərbçinin çıxarıldığını demək mümkündür.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button