GündəmManşet

Qarabağdakı separatçı “nazir”: “Rusiya və ya Ermənistana birləşmək gələcəyin işidir”

Bir neçə gün əvvəl Azərbaycan Prezidenti İlham Əliyev öz çıxışında Ermənistanla sülh danışıqlarına hazır olduqlarını, Qarabağ münaqişəsinin bitdiyini və Zəngəzur məsələlərinə toxunmuşdu. JAMAZ.İNFO xəbər verir ki, dövlət başçısının bu açıqlamasından sonra Ermənistanda ciddi narahatlıq yaranmağa başlayıb.

Orada düşünürlər ki, Azərbaycan Qarabağ məsələsini müharibə yolu ilə həll etdi, indi isə Zəngəzur istiqamətində hücuma hazırlaşır. Hətta rəsmi Bakının Şərqi Zəngəzur iqtisadi rayonunu yaratmasını belə izah edirlər ki, yaxın gələcəkdə Zəngəzurun Qərb hissəsi də onların əlinə keçəcək. Tədirginlik, narahatlıq və qorxunun fonunda İrəvandan da açıqlama gəlib. Onlar da danışıqlara hazır olduqlarını bəyan ediblər. Lakin sərhəddə təxribatlarından da əl çəkmək niyyətində deyillər. Naxçıvanla sərhəddə bir əsgər və bir zabitimizin yaralanması, Şuşanın mütəmadi olaraq atəşə tutulması bunun əsas nümunələrindən biridir. Görünən odur ki, Ermənistan Qarabağda və sərhəddə gərginliyi artırmaqla bir sıra planlarını həyata keçirmək istəyir. Lakin bu yaxıda mövzu həmin planlar deyil, Qarabağda mənzillənmiş separatçıların sərgilədiyi mövqedir.

Belə ki, Qarabağdakı terrorçuların nümayəndəsi, özünü “xarici işlər naziri” kimi təqdim edən David Babayan “Armenpress” Agentliyinə müsahibə verib. Həmin müsahibəsində Babayan əslində bir sıra maraqlı məqamların, bundan sonra atacaqları addımları barədə danışıb.

O iddia edir ki, Azərbaycan artıq yeni bir cəbhə açıb və onun adı Zəngəzur cəbhəsidir. Bunu yeni geosiyasi cəbhə kimi qeyd edən separatçıların nümayəndəsi bildirir ki, əgər uzun illər bu barədə sadəcə danışırdılarsa, artıq proses reallığa çevrilməyə başlayıb. “Uzun illər biz deyirdik ki, Allah eləməsin Qarabağ zəifləsin, ana-Ermənistan ölümcül təhlükə ilə üzləşməsin. Bir çoxları düşünürdü ki, Qarabağ yaxşı yaşayacaq və Ermənistandan tam ayrılacaq. Xeyir, bu olmayacaq. Bəli, Qarabağ zəifləyib və Zəngəzur cəbhəsi də açılıb. Hazırda Azərbaycan Zəngəzurda geosiyasi cəbhə açmaq istiqamətində mübarizə aparır”.

Babayan deyir ki, Qarabağ geosiyasi, psixoloji, iqtisadi və digər sahələrdə bərbad haldadır. “Biz reanimasiyadayıq. Bu qoruyucu qalxan qırılıb artıq. O dağılıb, o məhv edilib və artıq yeni bir cəbhə, Zəngəzur cəbhəsi açılıb”.

Separatçıların nümayəndəsi iddia edir ki, Şərqi Zəngəzur İqtisadi Rayonunun yaradılması gələcək üçün düşünülmüş planın tərkib hissəsidir. Onun sözlərinə görə, yaxın vaxtlarda həmin iqtisadi rayon vilayətə çevriləcək. “Artıq məsələ Sünikin işğalı mərhələsinə keçib. Sadəcə, böyükmiqyaslı müharibə şəklində deyil. Bu proses mərhələ-mərhələ həyata keçiriləcək”.

Böyük “geosiyasi proseslər” barədə “danışan” David Babayan nəhayət, Qarabağla bağlı məsələyə də toxunub. Onun “dəruni bilgiləri” fonunda anlaşılan fikri budur ki, separatçıların əlində bir neçə plan var. Və həmin planlardan biri də Rusiyaya birləşmək barədə addımın atılmasıdır. “Biz heç zaman Azərbaycanın tərkib hissəsi olmayacağıq. Bu birmənalıdır. Bunu hamı qəbul etməlidir. Məsələn, səfirlər Şuşaya getdilər. Faktiki olaraq həmin dövlətlər Azərbaycana dedilər ki, “Qarabağ sizindir”. Bu bizim üçün qəbuledilməzdir. Biz deyirk ki, burada iki variant var. Ya biz sona qədər dayanacağıq, son qanımıza qədər savaşaraq, öləcəyik, ya da xalq olaraq bu torpaqlardan çıxıb gedəcəyik. İkinci variant isə odur ki, biz heç vaxt Azərbaycanın tərkib hissəsi olmayacağıq. Bu bizim mövqeyimizdir”.

Qondarma “nazir” bu sözlərindən sonra məkrli planlarını dolayısı ilə dilinə gətirib. O əvvəlcə deyib ki, Qqarabağ rus sülhməramlılarının nəzarəti altında özünü “müstəqil”, “ayrıca subyekt” kimi görür.

O, Qarabağın Ermənistana və ya Rusiyaya birləşə biləcəyi, habelə rus psportu ilə Qarabağda yaşayacaqları ilə bağlı suala da cavab olaraq deyib ki, bu barədə danışmaq üçün tezdir və bu gələcəyin işidir. “Baxın, bu bardə danışmaq üçün hələ tezdir. Bu gələcəyin işidir. Ən başlıcası odur ki, biz Azərbaycanın tərkib hissəsi olmayacağıq. Biz suverenliyimizi qoruyub, saxlayacağıq. Sonrasına isə baxarıq”.

P.S. David Babayanın dediklərindən başa düşülən əsas məqam odur ki, Qarabağdakı erməni terrorçuları fürsət axtarırlar. Onlar “müstəqillik”, “suverenlik” kimi məsələlərdən göz kül üfürmək üçün istifadə edirlər. Özləri siyasət oyununun “peşka”ları olduqlarının da fərqindədirlər. Elə o səbəbdən də gah Ermənistana, gah Rusiyaya birləşəcəkləri və ya rus pasportu alaraq, Qarabağda qalacaqları barədə nəinki düşünür, hətta bunun üçün canfəşanlıq edirlər.  

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button