GündəmManşet

Qırmızı Bazardakı atışmanın səbəbi bəlli oldu: Əsgərlərimiz ermənilərə hansı dərsi verib?

Xəbər verdiyimiz kimi, dünən Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsi istiqamətində səhər və axşam saatlarında atışma olub. JAMAZ.İNFO bildirir ki, həmin atışmanın səhər saatlarında başlamasının səbəbkarı Qarabağdakı qanunsuz erməni silahlı dəstələri olublar. Həmçinin bununla bağlı, iki video da yayımlanıb.

Lakin separatçılar israrla hər hansı bir atışmanın olmadığını deyirlər. Özünü Qarabağın “deputat”ı kimi təqdim edən Metaxe Hakopoyan iddia edib ki, onlarda bu barədə məlumat yoxdur. Onun sözlərinə görə, atışma Qırmızı Bazarda deyil, ondan xeyli kənarda olub. Guya, Azərbaycan Ordusu hansısa təlim-hazırlıq işləri həyata keçirirmiş.

JAMAZ.İNFO dünən baş vermiş hadisə barədə bəzi məlumatlar əldə edib. Həmin məlumatlarda deyilir ki, Azərbaycan Ordusunun bölgədəki heyəti qəsəbə yaxınlığında qanunsuz olaraq post qurmuş ermənilərə xəbərdarlıq edib. Onlardan tələb olunub ki, “post” və orada qaldırılmış əski parçası yığışdırılsın. Bunun üçün onlara konkret vaxt da verilib. Lakin dünən saat 11:35-də erməni tərəfi xəbərdarlığa məhəl qoymayıb və qəfil mövqelərimizi atəşə tutmağa başlayıb. Bundan sonra düşməni susdurmaq üçün cavab tədbirləri görülüb. Təxminən 40 dəqiqəyə yaxın atışma olub. Yekunda ermənilər postlarını ataraq, qaçıblar. Hadisədən xəbər tutan bölgədə müvəqqəti yerləşmiş rus sülhməramlıları əraziyə gəliblər, danışıqlar aparıblar və vəziyyət sabitləşib. Hətta Qarabağ separatçılarının əski parçası da oradan götürülüb.

Amma ermənilər axşam tərəfi yenidən əraziyə gələrək, “bayraq”larını yenidən qaldırmağa cəhd ediblər. Məsələdən xəbər tutan Azərbaycan tərəfi növbəti dəfə onlara xəbərdarlıq edib. Əks təqdirdə, nəticələrə görə onların məsuliyyət daşıdığını bildirib. Lakin ermənilər ənənələrinə uyğun olaraq, yenə də xəbərdarlığa məhəl qoymayıblar. Nəticədə, Azərbaycan tərəfi xəbərdarlıqdan irəli gələn zəruri tədbrilər görməyə başlayıblar. Ardından isə atışma start götürüb.

Məlumatlı mənbələr bildirir ki, 18:05 radələrində başlayan atışma 1 saata yaxın davam edib. Azərbaycan əsgərləri Qarabağdakı erməni separatçılarını ərazidən çıxararaq, onların qaldırdıqları əski parçasını da endiriblər. Və qəti göstəriş verilib ki, bir daha belə hal təkrarlanarsa, ermənilər üçün daha ağır nəticələrə gətirib çıxaracaq.

Qeyd edək ki, dünən axşam saatlarından etibarən bölgədə vəziyyət sabitdir. Azərbaycan Ordusu şəraitə nəzarət edir. Qarabağ separatçılarının əski parçaları isə Qırmızı Bazar və digər ərazilərdən yığışdırılıb. Məlumatda deyilir ki, bölgədəki rus sülhməramlıları da ermənilərdən “bayraq”ları yığışdırmağı tələb edib.

Qeyd edək ki, hələ bir neçə gün əvvəl erməni mediası Soçidə Azərbaycanın tələblə çıxış etdiyiu barədə məlumat yaymışdı. Həmin məlumatda deyilirdi ki, rəsmi Bakı Qarabağdakı bütün Ermənistan bayraqları və Qarabağ separatçılarının əski parçalarının yığışdırılmasını tələb edib. Əks təqdirdə, bunu məcburi qaydada həyata keçirəcəklərini, zərurət olarsa, mövqeləri atəşə tutacaqlarını bəyan edib. Görşdən sonra İrəvanın təlimatı ilə tələbin yerinə yetirilməsinə başlanılıb. Hətta Metaxe Hakopoyan da təsdiq edib ki, iki gündür Qarabağ ərazisindəki bütün “bayraq”lar yığışdırılır.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button