ManşetSiyasət

Rus analitiklər Bakı-İrəvan münasibətlərini necə təhlil edirlər?

Aleksandr Xramçixin: “Eskalasiyalar olacaq, amma bu müharibəyə çevrilməyəcək”

Vladimir Yevseyev: “Ermənistanın son hərəkətləri vəziyyəti müharibəyə gətirib çıxarıb”  

Ötən həftə Prezident İlham Əliyev işğaldan azad edilmiş Kəlbəcər, Laçın və Zəngilan rayonlarında səfərdə olub. JAMAZ.İNFO xəbər verir ki, Kəlbəcərdə hərbi hissənin açılışı zamanı dövlət başçısı bir sıra fikirlər səsləndirib.

İlham Əliyev çıxışı zamanı bəyan edib ki, Ermənistanla sərhəddi gücləndirməklə yanaşı, Ordunun yeni və müasir silahlarla təhciz edilməsi üçün müqavilələr imzalanıb. Yaxın gələcəkdə isə Azərbaycan Ordusunun arsenalında müasir və dəqiqvuran silahların olacağı barədə xəbərdarlıq edib.

Qeyd edək ki, prezidentin bu açıqlaması təkcə, Ermənistanda deyil, həmçinin Rusiyada da geniş müzakirəyə çevrilib.

JAMAZ.İNFO bildirir ki, Rusiyalı hərbi analitik Aleksandr Xramçixin deyib ki, Azərbaycan gücə diqqət yetirməklə, müharibədə qalib gəlməyi və bu qələbəni siyasi vasitəyə çevirib, irəliaparmaq istəyir. Onun sözlərinə görə, bu, Azərbaycanın hazırkı siyasətini müəyyən edir. “Azərbaycan başa düşür ki, müzakirə olunan məsələlərlə bağlı Ermənistanın qərar qəbul etməsi tez başa gələn deyil. Lakin Bakı gözləmək istəmir. Eyni zamanda, Azərbaycan başa düşür ki, Ermənistan müharibədən sonra yaxşı vəziyyətdə olmadığı üçün prosesi uzatmağa razı ola bilər və zaman, xüsusən də bu gün çox şey dəyişə bilər. Və niyə gözləmək istəmir? Bunun izahı var və izahı da budur ki, bir neçə aydan sonra dünyanın necə görünəcəyini, fövqəlgüclərin hansı təsirə və hansı maraqlara malik olacağını proqnozlaşdırmaq çətindir. Ola bilər ki, sabah Azərbaycanın maraqlarına zidd olan vəziyyət yaransın. Gördüyümüz kimi, Türkiyə və Azərbaycan hazırda təkcə Rusiya deyil, həm də Qazaxıstan, Gürcüstan, Aİ və digər ölkələrlə fəal işləyir və hərbi potensiala diqqəti davam etdirir. Çünki bu, müasir dövrdə mühüm amildir”.

O hesab edir ki, hər zaman hərbi eskalasiya təhlükəsi var, amma bu müharibə olmayacaq. Hərbi analitik bir çox ekspertlərlə razılaşır ki, yeni dünya düzəninin qeyri-sabit yolunda hərbi element münasibətlərdə çəkindirici, eləcə də məsələlərin həlli üçün məqbul yol kimi istifadə oluna bilər. Onun sözlərinə görə, indi bütün dünyada məşhur olan məhdudlaşdırma mexanizmləri mövcuddur. “Ona görə də, təkcə, Azərbaycan və ya Türkiyə deyil, bir çox dövlətlər ordunun modernləşdirilməsi və gücləndirilməsindən danışırlar. Çünki bütün dövlətlərin problemləri var. Dünyadakı mövcud vəziyyət əlavə tədbirlərə ehtiyac yaradır. Türkiyə və Suriya kürdlərə qarşı yeni əməliyyata hazırlaşır, hər kəs öz problemlərini həll etmək üçün bu vəziyyətdən istifadə etməyə çalışır. Türkiyə və Azərbaycan Ermənistanla problemlərini həll etməyə çalışır. Bu, uzun müddət onların əleyhinə işləyə bilər”.

Aleksandr Xramçixin qeyd edib ki, bütün bunlardan sonra, ağır müharibədən sonra olduğu kimi, Ermənistan hakimiyyətinin Ermənistanın həmin sahədə verdiyi itkiləri necə aradan qaldırmağa çalışması, onu necə bərpa etmək və sairdən asılıdır. “Bununla bağlı hər şey anlaşılmazdır. Mən Ermənistanda nə baş verdiyini, nə danışıldığını anlamıram”.

Sülh dövrünün imkanlarından danışan analitik qeyd edib ki, Cənubi Qafqazda tam və davamlı sülhün bərqərar olması şansları çox azdır. Ona görə ki, regionun özünün problemləri kifayət qədər mürəkkəbdir və  dünyadakı mövcud vəziyyət öz növbəsində buna heç bir töhfə verə bilmir. “Dünya uzunmüddətli qeyri-sabitlik vəziyyətindədir. Bütün ölkələr hərbi-siyasi diplomatiyanı, təhlükəsizliyi gücləndirməlidir, heç bir məsələdə illüziyalara yol verilməməlidir”.

Digər rus hərbi analitik analitik Vladimir Yevseyev isə hesab edir ki, Ermənistan hakimiyyəti ordusunun döyüş effektivliyini tez bir zamanda bərpa etməli, Ermənistan-Rusiya hərbi-siyasi münasibətlərini daha da gücləndirməli idi. “Lakin bu istiqamətdə heç bir iş görülməyib. Üstəlik, Ermənistan Rusiya ilə əlaqələri zəiflədib, bununla da Ermənistanın təhlükəsizliyini təhlükə altına alıb. Nəticədə, Türkiyə və Azərbaycanın döyüşkən siyasətini gücləndirib”.

Yevseyev Ermənistanda Baş Qərargah rəisinin olmamasına da diqqət çəkib. “Niyə bu məsələləri həll etmirlər? Niyə bütün oxlar Rusiyaya yönəlib? Ermənilər buna cavab verməlidirlər. Bunun indiki çağırışlara uyğun olub-olmadığını qiymətləndirməlidirlər. Müşahidə etdiyimiz kimi, hazırda çox geridəyik. Bu da bizi müharibə vəziyyətinin davam etməsinə gətirib çıxarıb”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button