ManşetSiyasət

Rus mediasından təxribatçı “təklif”: “Qarabağın dağlıq hissəsi Ermənistana verilməlidir”

Rusiya mediası son günlər Azərbaycana qarşı bəzi yanaşmaları ilə diqqəti çəkirlər. Poznerin Koçaryanı efirə çıxarması, “İzvestiya” qəzetinin ermənilərin mövqeyini müdafiə etməsi və digər mətbuat orqanlarının da bu qəbildən olan məqalələri yeni təbliğat vasitələrinin işə salınmasından xəbər verir.

JAMAZ.İNFO xəbər verir ki, Azərbaycanın əleyhinə olmaqla yanaşı, həm də Kremlin dolayısı ilə arzularını ifadə edən rus mediası son günlər olduqca təhlükəli bir məsələni gündəmə gətirməyə başlayıblar. Moskva hakimiyyətinə bağlı olan “Svobodnaya Pressa” (“Azad Mətbuat”) qəzeti ötən gün bu qəbildən olan məqalə yayımlayıb. Aleksandr Sitkov adlı jurnalistin yazdığı məqalədə Qarabağ münaqişəsi, onun ətrafında baş verənlər və 44 günlük müharibə barədə bir sıra mətləblərə toxunulub. Elə məqalədə ən təhlükəli məsələ isə irəli sürülən təklifdir.

Sitkov yazır ki, Ermənistan Müdafiə Nazirliyinin Baş Qərargah rəisinin müavini Vladimir Poqosyan verdiyi açıqlamasında erməni ordusunun 44 günlük müharibədə fərarilik etdiyini bildirib. Müəllif Poqosyanın daha bir fikrini isə əsaslı hesab etməyib, əvəzində başqa bir təhlükəli fikri gündəmə gətirib. “Poqosyan deyir ki, müharibədə erməni ordusunun 95 faizi fərarilik edib. Onun sözlərindən belə başa düşülür ki, Dağlıq Qarabağ artıq Ermənistana lazım deyil. Amma onun ifadə etdiyi bir fikir həqiqəti əks etdirmir. Poqosyan deyir ki, Rusiya artıq Azərbaycanda özünə hərbi baza qurub və yaxın gələcəkdə Ermənistan ona lazım olmayacaq. Bu səhv fikirdir. İndi gəl bu erməni eksperti başa düş. Onun dərdi kütləvi fərarilikdir, yoxsa onlara hücum edən bir dövlətdə rus hərbi bazasının qurulması”.

Rus müəllif bundan sonra “maraqlı olan nədir” sualını verir. Və əsl məsələni dilinə gətirməyə başlayır. “Maraqlı olan nədir? Azərbaycan tam əmindir ki, hazırkı təmas xətti yaxın gələcəkdə dövlət sərhəddi olaraq leqallaşacaq. Mümkündür ki, bu tezliklə baş verməyəcək. Ən adalətli bölgü odur ki, Qarabağın dağlıq hissəsi Ermənistana, Aran hissəsi isə Azərbaycana verilməlidir. Bbütün hallarda bu bölgü həm Bakı, həm də İrəvan üçün ən yaxşı variantdır”.

Əslində, rus mediasında bu səpkidə fikirlərin yayımlanması hansısa jurnalistin şəxsi təşəbbüsü sayıla bilməz. Aydın məsələdir ki, Rusiya bütün hallarda Qafqazda qalmaq istəyir və bunun üçün bütün şeytanlıqları etməyə hazırıdır. Elə Qarabağda oynadığı oyun da bunun əyani sübutlarından biridir. “İsgəndər” raketi ətrafında yaranan qalmaqal, rus ordusunun sülhməramlı adı altında Qarabağa soxulması, Moskvanın bu və digər spkili açıqlamaları da təsdiq edir ki, Kreml münaqişənin bitməsində maraqlı deyil.

Digər tərəfdən, “Qarabağın dağlıq hissəsi Ermənistana verilməlidir” kimi sarsaq bir təklifin indi gündəmə gətirilməsi səbəbsiz deyil. Bu da Kremldəkilərin ürəyindən keçənlərinin başqa adlar altında təzahürüdür. Bəli, Sitkov hazırkı yerləşmələrin yaxın gələcəkdə dövlət sərhəddi kimi qeydə alınacağını düz yazır. Lakin bu “təmas xətti” Dağlıq Qarabağa aid olmayacaq. O bütünlüklə Azərbaycanın tərkibində olacaq. Nə Bakı bundan imtina edir, nə də imtina edə bilər.

Bir sözlə, Rusiya yavaş-yavaş əsl üzünü göstərməyə başlayıb. 44 günlük müharibədən sonra özünü Qarabağa soxan Moskva Gürcüstandakı kimi olacağını düşünür. Lakin unudur ki, bura Gürcüstan deyil. Üstəlik, Türkiyə faktorunu da lazımi səviyyədə hesablaya bilməyib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button