ManşetMedia

Şəhid anasından Prezidentə məktub: “Xankəndində yaşamaq istəyirəm”

44 günlük Vətən Müharibəsində qəhramanlıq göstərərk, Şəhid olan Xalid Həsənin anası Maya Quliyeva dövlət başçısı İlham Əliyevə açıq məktub ünvanlayıb. JAMAZ.İNFO həmin məktubu olduğu kimi təqdim edir:

“Cənab Prezident. Sizə 1993 ci ilin iyulun 4-də Ağdamın işğalından 19 gün əvvəl erməni vandalları tərəfindən işgal olunan Saybalı kəndindən məcburi köçkün olub, 1988-ci ildə maşın qəzası zamanı vəfat edən atasının qəbrini, öz uşaqlıgını-Qozlu bağda, Hasıllarda, Kəhrizdə, Qarqarda, Ojaxverdidə, Məmmədbəylidə, Dəli dağda, Zarıslı düşərgəsində, Şuşa sanatoriyasında qoyub gələn  uşaq deyil, Sizin əmrinizlə Şəhidlərimizin və Qazilərimizin sayəsində 28 il sonra yenidən  Ağdamına, Qarabağına, bütöv Vətəninə qovuşan, o torpağı öpmək üçün balasını Şəhid verən Ana olaraq yazıram…

Qarabağ həsrətimizi, sevgimizi, arzumuzu ötürdüyümüz balalarımız Azərbaycan Əsgəri adını doğruldub, bizi Vətənimizə qovuşdurduqları üçün Xalqımıza zəfəri, xoşbəxtliyi yaşatdığına görə Ordumuza və Hücum əmri verən sizə nə qədər təşəkkür etsək də azdır.

Vətən müharibəmiz başlayan ilk saatlarından Ağdam rayonunda  sizin göstərişinizlə məcburi köçkünlərə tikilib, 2005-ci ildən istifadəyə verilən “Bənövşələr” adlı qəsəbədə məskunlaşan anamın evindən dostlarımın köməkliyi, göstərdikləri yardımlarla anam, qardaşım, mən və iki oğlumla əsgərlərə yardım kampaniyasına başladıq. Hələ Tovuzda Cənab Generalımızın Şəhadətə qovuşduğu vaxtdan sonra səfərbərliyə, Vətən Müharibəmiz başlayandan isə dəfələrlə Orduya könüllü müraciət edən böyük oğlum Xalid Həsən oktyabr ayının 8-də müharibəyə getdi. Oktyabr ayının 19-da yaşadığımız qəsəbə həmişəki kimi düşmən artileriyasından atəşə tutuldu. Anamın evinə düşən mərmidən, anam orta ağır və mən yüngül yaralansaq da, yenə yardımlarımızı davam etdirirdik. Anam əsgərlərə yemək bişirir, mən kiçik oğlum Ömərlə həm yemək, həm də dostların gətirdikləri isti paltarlar, telefon batareyaları, meyvə, şirniyyat, su və digər  ərzaqları lazımlı yerlər və insanlara çatdırırdıq. Təhlükəli olsa da, əsgərlərimiz bizimçün, Vətənimiz üçün daha da təhlükəli yerdəydilər.

Oğlum ön cəbhədə düşmənlə üz-üzəykən, Vətənimi işğaldan Azad edəcək balalarım, qardaşlarım öndəykən mən burda sakit otura bilmədim. Qardaşının kəşfiyyata yazıldığını öyrənən 15  yaşlı Ömərim heç vaxt yemək və ərzaq apardığımız yollarda təhlükənin olduğunu bilə-bilə bir dəfə də tərəddüt etmədi. Noyabr ayının 5-də Xalidimin Şəhid olması xəbəri gəldi. Noyabrın 6-da  Ağdamda yeni salınan Şəhidlər Xiyabanında dəfn etdik “Ərəb” Xalidimi. 2 gün sonra siz bizə – “ƏZİZ ŞUŞA SƏN AZADSAN!” deyərək müjdə verdiniz. Şuşa uğrunda, Şuşa yolunda Şəhid olan Xalidlərim Qələbəni Cənnətdən seyr etdilər…

Nənəsinə söz vermişdi – “Nənə, səni Ağdama, Saybalıya özüm aparacam. Saybalı havası almaq istəyirəm” demişdi…

28 ildir həsrətində olduğumuz Vətənə qovuşduq. Qarabağımız  Şəhidlərimizin bizə əmanətidir. İcazənizlə o əmanətə sahib çıxanlardan biri olmaq istəyirəm. Əgər Xankəndində Azərbaycanlılar yaşayacayıqsa, mütləq inanıram ki, sayənizdə o da olacaq, biz orda yaşamaq istəyirik.

İş olaraq isə canlarının yarısını Qarabağımıza fəda edən  yaşayan Şahidlərimiz-Qazilərim, Şəhidlərimizin ailələri və övladlarının qulluğunda durmaq istəyirəm.

Qarabağımızın abadlaşdırılmasında, yenidən qurulmasında yaxından iştirak eləmək istəyirəm. Çünki Vətənimizin bütün  rayonlarından Qarabağa canlarını fəda etmiş Şəhidlərimizin övladları və Qazilərim qonaq gələndə onların qoluna girib, ataları niyə şəhid, onlara nə üçün qazi olduqlarını fəxarətlə göstərmək istəyirəm…

Qarabağımız üçün can və canlarının yarısını qurban verən balalarımızın borcunu ödəmək kimi bir imkanımız olmasa da, Sizdən acizanə xahişim – mən, qardaşım, anam və 16 yaşlı oğlum Ömər Qarabağımızın cəfasini çəkmək istəyirik ki, səfasını sürəndə də utanmayaq .

Qarabağın dircəlməsini gözləmək, hazıra nazir olmaq istəmirik. O dirçəliş prosesində mənim və ailəmin yaxından iştirak edə bilməyimizə kömək etəməyinizi sizdən xahiş edirəm. Bacara  biləcəyimiz bütün iş təcrübələrimizdən istifadə edərik. Yetər ki, o, əmanətə yararlı olaq .

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button