AraşdırmaManşet

Sərhəddə və Şuşa yaxınlığında nə baş verir? – DETALLAR

Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin görüşünə dair ziddiyyətli xəbərlər gəldiyi bir vaxtda, istər Qarabağda, istərsə də Ermənistanla sərhəddə vəziyyət yenidən gərginləşməyə başlayıb. JAMAZ.İNFO xəbər verir ki, Şuşa yaxınlığında erməni terror-təxribat dəstəsinin müəyyən edilməsi, 1 erməninin öldülülməsi, üçünün isə yaralanması prosesin başlanğıc nöqtəsi kimi qəbul edilir.

Şuşada nə baş verib?

Hadisələrin ilk nöqtəsi olan Şuşa yaxınlığındakı təxribat barədə rəsmi Bakı hər hansı geniş açıqlama vermir. Lakin məlum olan odur ki, 7 noyabrda Şuşa şəhəri yaxınlığında özlərini “Su İdarəsi”nin əməkdaşları kimi təqdim edən 4 erməni (onlar mülki formada olublar) ərazidəkki su xəttinin ətrafında cəmləşiblər.

JAMAZ.İNFO-ya verilən məlumatda qeyd edilir ki, həmin ermənilərdən başqa, ərazidə digər bir və ya bir neçə silahlı terrorçu dəstənin olması üçün əsaslı şübhələr yaranıb. Dövlət başçısı, ordu generalları, ən əsası isə Türkiyənin müdafiə naziri Hülusi Akar və daha bir neçə generalın Şuşaya səfər etməsi, habelə kəşfiyyat orqanlarının əlində təxribat ola biləcəyi barədə dəqiq məlumatın olması təcili tədbirlər görməyi zəruri edib.

Hərbi mənbələrdən verilən xəbərlərdə qeyd olunur ki, Xüsusi Təyinatlıı Qüvvələr və bölgədəki digər hərbi birləşmələrin heyəti təcili ərazidə yoxlama və axtarış işlərinə başlayıblar. Birinci təxribat qrupunun yeri müəyyən edilsə də, onlar aradan çıxmağa nail olublar. Özlərini “Su İdarəsi”nin əməkdaşı kimi təqdim edən 4 erməninin isə ələ keçəcəyini görən düşmən, meşəlikdən açdığı atəşlə onları vurublar. Nəticədə, 1 erməni ölüb, digər 3 nəfəri isə ağır yaralanıb.

Ermənilərin konkret olaraq hansı təxribat planı hazırladığı barədə dəqiq məlumat verilmir. İstər hərbi, istərsə də qeyri-hərbi mənbələr bu barədə israrla susurlar. Lakin hadisələrin gedişatı belə deməyə əsas verir ki, sözügedən təxribat cəhdi heç də yaxşı nəticələrlə sonuclanmaya bilərmiş. Bu hətta böyük bir skandala səbəb olacaqmış.

Ordu yüksək hazırlıq vəziyyətinə gətirilib

Məlumatlı mənbələr Şuşa yaxınlığında baş verənlərdən sonra Ordumuz tərəfindən Laçın Dəhlizinin bağlandığını, bütün ərazidə axtarış-əməliyyat işlərinin aparıldığını, yalnız hadisədən bir gün sonra yolun açılmasına icazə verdiyi qeyd edilir. JAMAZ.İNFO-ya verilən məlumatlardan belə anlaşılır ki, Azərbaycan Ordusu hətta bölgədə patrul xidməti həyata keçirən rus sülhməramlılarına da dəhlizə daxil olmağa icazə verməyib.

Bundan başqa, Qarabağ və Ermənistanla sərhəddəki bütün Ordu birləşmələrimiz yüksək döyüş hazılrlığı vəziyyətinə qaldırılıb. Hətta bəzi məlumatlara görə, vəziyyət o qədər kritik olub ki, hər an hərəkət əmri veriləcəyinə əmnilik çox yüksək olub.

Ermənilər təxribatlarını necə ört-basdır edirlər?

Bildirək ki, erməni tərəfi təxribat planları işə yaramadıqdan sonra günahı Azərbaycan tərəfinin üzərinə atmaq üçün geniş fəaliyyətə başlayıblar. Belə ki, onlar guya, hadisə baş verən ərazidən Azərbaycan hərbçilərinə məxsus bıçaq tapdıqlarını bildirib, hətta fotolarını paylaşıblar. Lakin çox ciddi səhvə yol verdiklərinin də fərqinə varmayıblar. Daha doğrusu, yalanlarının üstü açılıb.

Əvvəla, erməni tərəfi məlumat yayıb ki, Şuşa yaxınlığında 4 erməni uzaqdan açılan atəş nəticəsində vurulub. Onların açıqlamasında qeyd edilir ki, Xankəndi sakini olan sözügedən “su idarəsinin işçiləri” ərazidə su xəttini düzəldərkən, atəşə məruz qalıblar. Ardından da hadisə yerində bıçaq tapırlar, özü də üzərində Azərbaycan Bayrağının əksi olan kəsici alət. Elə yalanları buradan məlum olur.

Birincisi, əgər Azərbaycan əsgəri ermənini uzaqdan açılan atəş nəticəsində məhv edibsə, o zaman hadisə yerində bıçaq nə işə yarayıb? Axı, özləri deyirlər ki, “uzaqdan açılan atəş”. Yəni, əsgərimiz təxribatçıları görüb, zərərsizləşdirib və oradan uzaqlaşıb. Bəs, bıçaq nə üçün lazım olub? Məgər Azərbaycan əsgəri o qədər səriştəsizdir ki, döyüş və əməliyyat bölgəsində bıçağını itirsin? Ermənilər özlərinə adət ediblər, elə zənn edirlər ki, əsgər döyüşdə silahını atıb qaçar.

İkincisi, həqiqətən də həmin erməniləri Azərbaycan əsgəri vurubsa, niyə məhz onlardan birini öldürüb və daha 3-nü yaralı saxlayıb? Qarşıdakı təxribatçı müqavimət göstərirsə, onun yaralanması mövzu olmur, birbaşa “məhv edilsin əmri” verilir və icra olunur.

Üçüncüsü, ermənilər Şuşa şəhərində mühüm dövlət təbirinin keçirildiyi, dövlət ərkanının, üstəlik, xarici qonaqların da iştirak etdiyi bir mərasim ərəfəsində rus sülhməramlılarına xəbərdarlıq etmədən əraziyə niyə daxil olublar? Su xətti problemi var idisə, bu barədə rus sülhməramlılarına müraciət edilməli, icazə alınmalı və sonda onların müşayəti ilə ərazidə iş görülməsinə start verilməliydi. Lakin bunların heç biri baş verməyib. Demək ki, ortada təxribat planının olduğu dəqiqdir və “su idarəsinin işçiləri” də məhz terror-təxribat dəstəsinin üzvü olublar, onların məhv edilməsi də ərazidəki digər erməni terrorçuları tərəfindən reallaşdırılıb.

İndi isə günahı Azərbaycanın üzərinə atmaqla, məsələni ört-basdır etmək və “mülki əhali” deyib, beynəlxalq təşkilatların qapısını yağır etməyə başlayıblar.

Kəlbəcərdə ikinci təxribat

Şuşa məsələsinin üzərindən bir gün keçməmiş növbəti hadisə Kəlbəcərdə qeydə alınıb. JAMAZ.İNFO Azərbaycan Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, noyabrın 9-u Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu Yellicə yaşayış məntəqəsi istiqamətindəki mövqelərinə yol çəkən mühəndis texnikalarını atıcı silahlardan atəşə tutub. “Bölmələrimiz tərəfindən dərhal adekvat cavab tədbirləri görülüb. Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır”.

Ermənilərin bu təxribatlarını ört-basdır etmək üçün dərhal hərəkətə keçəcəyi gözlənilən idi və gecənin bir aləmində Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb ki, guya, Azərbaycan Ordusunun bölmələri sərhəddə yaxın Xaçik kəndinin sakininin traktoruna güllə atıblar. Hətta güllə traktorun şüşəsini qırıb və guya, sürücü də təsadüf nəticəsində sağ qalıb.

İrəvanda hərbi və siyasi rəhbərlik arasında ikitirəlik

Qeyd edək ki, bütün bunlar rəsmi Bakının tez zamanda sərhədlərin delmitasiya və demarkasiya prosesinə başlanması, habelə nəqliyyat və iqtisadi əlaqələrin açılması məsələsini Ermənistandan tələb etməsinin təzahürləri və ən əsası sülh sazişinin imzalanması ilə bağlıdır. Çünki bu yaxınlarda Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin görüşü gözlənilir və orada ən azı ilk iki məsələ ilə bağlı razılaşmanın olması gözlənilir.

Gedişatdan belə başa düşmək olar ki, Ermənistanda siyasi rəhbərliklə hərbi rəhbərlik arasında ciddi ixtilaf var. Belə ki, erməni hərbçiləri Azərbaycanla hər hansı bir razılaşmanın olmasını isətmirlər və bunun qarşısını almaq üçün bir sıra ciddi təxribatlara əl atmaqda israrlıdırlar. Elə Şuşa yaxınlığında və Kəlbəcərlə sərhəddə baş verənlər də bunu deməyə ciddi əsas verir.

Nəzərə alaq ki, baş nazir Nikol Paşinyan orduda ona tabe olmayan xeyli sayda revanşist qüvvələrin olduğunu yaxşı bilir. Qalstyan, Tonoyan və hazırkı müdafiə naziri Arşak Karapetyanın da revanşist olmasından xəbərdardır, lakin onları əvəz edəcək hər hansı bir kadrı yoxdur.

Təxribatlar artacaq

Hadisələrin dinamikası, proseslərin gedişatı belə deməyə əsas verir ki, erməni tərəfi istər Qarabağda, istərsə də sərhəddə təxribatlara əl atmaqda davam edəcək. Unutmayaq ki, hələ ötən ay Ağdərədə bir erməninin vurulmasının ardından, ermənilər tərəfindən əsgərimizin Şəhid edilməsi faktı mövcuddur. Bu dəfə də bəhanə edib, 4 “su idarəsi işçisi”nin vurulımasını əsas gətirərək, bölgədə xidmət edən hərbçilərimizə qarşı analoji addımın atılması gözləniləndir.

Eyni zamanda, belə təxribatların çoxalması ermənilərin işinə yarayacaq ki, onlar bununla həm “biz də varıq” mesajını vermiş olacaqlar, həm də danışıqlar prosesini pozmaq üçün istifadə edəcəklər. İndiki mərhələdə Qarabağdakı separatçıların tərəf olaraq qəbul edilməməsi, onların adam yerinə qoyulmaması, təxribat hallarının arta biləcəyindən xəbər verir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button