ManşetÖlkə içi

Samvel Babayan: “Balasanyan rusların vassaldır, onun əliylə Qarabağla Ermənistanın əlaqəsini kəsmək istəyirlər”

Qarabağ separatçıları ordusunun keçmiş komandanı Samvel Babayan bir sıra səs-küylü bəyanatlar verərək Rusiyanı regionda öz maraqlarını təbliğ etməkdə suçlayıb.

Belə ki, iyunun 28-də “Aravot” nəşrində dərc edilmiş məqalədə deyib ki, son müharibə və hadisələrin sonrakı inkişafı Rusiyanın regionda və “Ermənistan hakimiyyətində öz adamlarının olmasında” nə qədər maraqlı olduğunu hər kəsə göstərdi.

“Xüsusi insanlara “stavka etmək” və onları təşviq etmək bütün supergüclər üçün ümumqəbuledilmiş praktikadır. Onlar bir qayda olaraq, potensial liderlərə “stavka edirlər”, lakin Rusiya ilə bağlı bu qayda işləməyib, çünki xüsusi xidmət orqanları və regional kuratorlarla  yanaşı, öz maraqlarını güdən və Rusiya ilə heç bir əlaqəsi olmayan özəl qruplar da burada fəal şəkildə işləyirlər, – o yazır.

“Arsaxda seçkilərdən öncə (2020-ci il may) mənə həmin beşinci kolon müraciət etdi ki, mən onların namizədi Vitali Balasanyanın irəliləməsinə çalışım. O, onlar üçün əlverişli yerli vassal olmaq və Arsaxla və Ermənistan arasında əlaqənin kəsilməsi üzrə planı reallaşdırmaq üçün kifayət qədər itaətkar və idarəolunandır. Yeganə problem xalq arasında reytinqinin aşağı olmasıdır.

O vaxtlar mənə bu təkliflə Qarnik İsaqulyan (prezident Köçəryanın milli təhlükəsizlik üzrə keçmiş müşaviri) da müraciət etmişdi. O, çoxdan beşinci kolona işləyir və müxtəlif dairələrin maraqlarına xidmət edir. Mən antierməni planının iştirakçısı olmaqdan qəti şəkildə imtina etdim və Vətənimin maraqlarını mənə vəd edilən şəxsi maraqlardan üstün tutdum.

Məndən əməkdaşlıqla bağlı imtina alan İsaqulyan hədələrə keçdi – mənə məlumat verdilər ki, KİV-də mənə qarşı çirkin kampaniya başlayacaqlar, həmçinin Rusiyaya getmək imkanlarından məhrum edəcəklər. Kiminlə işlədiyimi bildiyimə baxmayaraq, mən hər halda belə güman edirdim ki, onlar təhdidlərdən o tərəfə getməyəcəklər. Lakin intriqalarla, mənə təzyiq göstərilməsinin vacibliyi barədə ruslara yalan raportlar verməklə mənim adıma qadağa qoya bildilər”, – Babayan yazır.

“Bəli, mən həmişə vurğulayırdım ki, biz ölkəmizin coğrafi mövqeyinə görə Rusiya ilə tərəfdaşlığa məhkumuq, lakin biz bu tərəfdaşlığı bərabərhüquqlu etməliyik. Mən Ermənistana qarşı bu və ya digər yanlış hərəkətlərə və qərarlara görə Rusiyanı həmişə açıq şəkildə tənqid etmişəm. Lakin əgər Rusiya Federasiyasının rəsmiləri ilə dialoqa və əməkdaşlığa həmişə hazıramsa, beşinci kolonlarla heç bir işim olmaz “.

“Bu yaxınlarda Ermənistanda keçirilən seçkilərdə bu qruplaşma yenidən fəallaşdı. Üstəlik, indi bir çox şaxələnmələrə bölünüb və hər kəs öz Rusiyapərəst oriyentasiyasını daha öncə sübut etməyə can atır və bu zaman erməni xalqının və dövlətinin maraqlarını tapdalamaqdan çəkinmirlər “, – Babayan deyib və erməniləri əmin edib ki, “kənardan heç kim gəlib erməni xalqını xarici düşməndən xilas etməyəcək. Bunu biz özümüz etməliyik”.

Qeyd edək ki, Babayan Ermənistanın müdafiə naziri postuna iddia edir. O, özünün gözlənilməz və avantüralı xarakteri ilə tanınır. Onun hazırkı bəyanatı dolayısı ilə göstərir ki, Yerevan Moskvanın tövsiyələrinə əməl etmək niyyətində deyil və öz şərtlərini diqtə etmək istəyir ki, bu da Ermənistan üçün yeni, ciddi itkilərə səbəb ola bilər.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button