GündəmManşet

Tehrandan Bakıya daha bir ittiham: “Əlimizdə audio yazılar var”

“Əlimizdə terroçu qruplıarın Azərbaycana köçürülməsinə dair sübutlar var”. JAMAZ.İNFO xəbər verir ki, bunu İran XİN-in rəsmisi Səid Xətibzadə yerli radioya verdiyi açıqlamasında deyib.

O iddia edib ki, guya, həmin “terrorçu qruplar”ın ölkəyə girişini təsdiq edən və danışıqları əks etdirən audio yazılara da malikdirlər. “Biz həmin audio yazıları kəşfiyyat radarları vasitəsi ilə yaxalamışıq və onlar hazırda əlimizdədir”.

Xətibzadə həmin “audio yazıları” Bakıya təqdim etdiklərini də bildirib. “Azərbaycan tərəfinə bunun qəbuledilməz olduğunu söylədik. Onlar da ən yüksək səviyyədə bu məsələni araşdıracaqlarına söz verdilər”.

İran XİN-in rəsmisi Azərbaycanla əlaqələrin çox səmimi, yaxşı və çox qatlı olduğunu bildirib və qeyd edib ki, hazırda hər iki ölkənin rəsmi şəxslərinin qarşılıqlı səfərləri davam edir. “Bölgədə İran və Azərbaycanın dostluq əlaqələrinə malik olmasını istəməyən üçüncü qüvvələr var. Buna görə də, öz məqsədlərinə çatmaq üçün saxta və həqiqətə uyğun olmayan xəbərlər yayırlar. Onlar hər iki ölkənin insanlarının hisslərini öz mənfəətləri üçün istifadə etməyə çalışırlar”.

Xətibzadə sonda onu da vurğulayıb ki, İran və Rusiya 44 günlük müharibə zamanı tərəflər arasında diplomatik danışıqların aparılmasına kömək edib.

P.S. Qeyd edək ki, İran tərəfi hələ müharibə dönəmindən eyni iddialarla çıxış edir. Lakin indiyə qədər hər hansı bir sübut ortaya qoymur. Əgər həqiqətən də onların əlində belə bir məlumat varsa, onlar çoxdan məsələni ictimailəşdirmişdilər. Görünən odur ki, Tehran Bakıya təzyiqlərini artırmaq və istədiyinə nail olmaq üçün bundan sonra da fəaliyyətini davam etdirəcək. Gedişat isə heç də yaxşı perspektiv vəd etmir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button