ManşetÖlkə içi

Yaralı halda əsgərlərini mühasirədən çıxaran qəhrəman: Polkovnik “Krutoy” Rəşad kimdir?

2020-ci ilin sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun işğal altında olan torpaqlarımızın azad olunması uğrunda həyata keçirdiyi əks-hücum əməliyyatları dövlətimizin malik olduğu hərbi gücü və qüdrəti bütün dünyaya nümayiş etdirdi.

44 gün davam edən Vətən müharibəsi ordumuzun gücü ilə yanaşı xalqımızın da birliyini və əzmkarlığını göstərmiş oldu. Qüdrətli Azərbaycan əsgəri, zabiti, eləcə də döyüşlərə qatılan könüllülər xalqımızın necə qorxmaz, cəsarətli və şücaətli olduğunu bir daha dünya ictimaiyyətinə çatdırmış oldular.

Təsadüfi deyil ki, Vətən müharibəsində göstərdiyi şücaət və qəhrəmanlıqları ilə milyonlarla insanın ürəyini fəth edən döyüşçülərimizin adları bu gün də dillər əzbəridir. Adları dilimizin əzbərinə çevrilən igid oğullarla yanaşı, müharibə zamanı düşməni lərzəyə gətirən gizli qəhrəmanlarımızın da sayı kifayət qədərdir. Bu cür gizli qəhrəmanlardan biri də Vətən müharibəsində düşmənə qan udduran “Krutoy” ləqəbli polkovnik-leytenant Rəşad Nəsirovdur.

Rəşad Nəsirov kimdir?

Polkovnik-leytenant Rəşad Nəsirov uzun illərdir Azərbaycan Ordusunda xidmət edir. Artıq beş ildir ki, onu hər kəs “Krutoy” ləqəbi ilə tanıyır.

Nəsirov Rəşad Ramiz oğlu 1978-ci il dekabrın 25-də Cəlilabad rayonunun Günəşli kəndində anadan olub.

O, ibtidai təhsilini doğulduğu kənd məktəbində alıb. 1993-cü ildə orta məktəbi 7-ci sinifdə tamamlayaraq Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qəbul olub. 1996-cı ildə oranı bitirdikdən sonra hərbi təhsilini Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində (indiki Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəb) davam etdirib. Burada da o, hərbi peşənin sirlərinə dərindən yiyələnib. Beləliklə, R.Nəsirov artıq 2000-ci ildə leytenant rütbəsi alaraq döyüş bölgəsinə xidmətə yollanıb.

Hərbçimiz nə zamandan Krutoy ləqəbi ilə tanınmağa başlayıb?

O, 2016-cı ilin Aprel döyüşlərində düşmənə qan udduran hərbçilərimizdən biridir. Onun bu döyüşlərdə düşmənin xeyli sayda itki verərək geri çəkilməsində böyük rolu və xidmətləri olub. Əlahiddə tank tabor komandiri kimi döyüşlərdə igidlik nümayiş etdirən hərbçimiz göstərdiyi şücaət və qəhrəmanlığına görə “Hərbi xidmətdə fərqlənməyə görə” 2-ci dərəcəli medalı ilə təltif olunub və vaxtından əvvəl polkovnik-leytenant rütbəsinə qədər yüksəlib. Məhz igidliyi və qorxmazlığı ilə şəxsi heyət arasında böyük nüfuza sahib olan qəhrəman zabitimiz Aprel döyüşlərindən sonra “Krutoy” ləqəbi ilə tanınmağa başlayıb.

Polkovnik-leytenant Rəşad Nəsirov xidmət dövründə hər zaman fərqləndiyi üçün Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən dəfələrlə bir çox təltiflərə, medallara layiq görülüb.

O, 44 günlük Vətən müharibəsində tabeçiliyində olan yüzlərlə əsgər və gizir heyəti ilə birlikdə düşmənin məhvində böyük xidmətlər göstərib. R.Nəsirov müharibənin ilk günlərində bir neçə gün briqada komandirinin müavini vəzifəsində xidmət edib. Amma cəmi dörd gün sonra briqada komandiri yaralandığı üçün onun vəzifəsini polkovnik-leytenant Rəşad Nəsirov davam etdirib. O, müharibənin davam etdiyi müddət ərzində iki dəfə yaralanıb.

Qəhrəman zabitimiz ilk dəfə döyüşlərin şiddətli vaxtında – oktyabrın 21-də yaralansa da, döyüş meydanını tərk etməyib, tabeçiliyində olan şəxsi heyəti tək buraxmayıb. Xidmətini düşmən üzərində addım-addım, qarış-qarış qələbə qazanmaqla davam etdirib. Bu davranışına görə şəxsi heyətin hər zaman hörmətini qazanan R.Nəsirov hərbçilərin ən sevimli komandirinə çevrilib. R.Nəsirov Azərbaycan Ordusunun ən peşəkar, bacarıqlı və istedadlı hərbçilərindən biridir.

O, Vətən müharibəsində Xocavənd istiqamətində gedən döyüşlər zamanı da yaralanıb. Amma yaralı olmasına baxmayaraq, onun təcrübəsi, peşəkarlığı nəticəsində verdiyi tapşırıqlar uğurla icra edilib və mühasirə tam yarılıb. Onlar itki vermədən mühasirədən çıxıb, düşmənin isə onları mühasirəyə salan xeyli sayda hərbçisi məhv edilib.

Yalnız bundan sonra komandir Nəsirov hospitala göndərilib və müalicəsi yekunlaşıb sağaldıqdan sonra yenidən xidmətə qayıdıb.

Polkovnik-leytenant Rəşad Nəsirov hazırda xidmətini N saylı hərbi hissədə hərbi hissə komandirinin müavini vəzifəsində davam etdirir.

O, Vətən müharibəsində göstərdiyi igidlik, şücaət və qəhrəmanlığına görə Ali Baş Komandan tərəfindən “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə, həmçinin “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunub.

Qəhrəman polkovnik-leytenantımız ailəlidir, üç övladı var.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button