GündəmManşet

Xankəndidən Bakıya zənglər edilib? – Ermənilərin Qarabağ icmasından kömək istədiyi iddia edilir

Ötən günlərdə Xankəndiyə Bakıdan və Türkiyədən telefon zəngləri edildiyi barədə xəbər yayılmışdı. JAMAZ.İNFO xəbər verir ki, erməni tərəfinin iddiasına görə, zəng edən şəxslər şəhərdə yaşayan ermənilərə mənzillərini satacaqları təqdirdə, almağa hazır olduqlarını bildiriblər.

Qeyd edək ki, sosial şəbəkələrdə və mediada geniş müzakirə olunan məsələni Xankəndidəki separatçılar da təsdiqləyiblər. Onlar iddia ediblər ki, guya, Azərbaycan və Türkiyə tərəfi bununla ermənilərə psixoloji təsir etməyə çalışırlar.

Bildirək ki, bununla bağlı sosial şəbəkələrdə bir sıra suallar meydana çıxmışdı. Xüsusən bu zəngləri edənlərin erməni əhalisinin nömrəsini haradan tapmaları ilə bağlıydı. Apardığımız araşdırmalar zamanı məlum olub ki, belə nömrələri tapmaq elə də çətin deyil. Belə ki, Qarabağda yaşayan ermənilər öz əmlaklarını satmaq üçün alqı-satqı saytlarına elanlar yerləşdiriblər. Həmin elanlarda mənzillərin qiymətləri və onu satanların telefon nömrələri də qeyd olunub. Yəni, belə nömrələri tapmaq elə də çətin deyil.

Bu dəfə isə məsələ ilə bağlı daha bir maraqlı hadisə yaşanıb. JAMAZ.İNFO-nun əldə etdiyi məlumata görə, əgər dünənə qədər Bakıdan və ya Türkiyədən Xankəndiyə telefon zəngləri edilirdisə, ötən gün tam əksi baş verib. Həmin məlumatlarda iddia edilir ki, Xankədidən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icmasının ofisinə telefon açılıb. Məlumata görə, Xankəndidə yaşayan ermənilər telefon nömrəsini sosial şəbəkələrdən tapdıqlarını deyiblər və onlar kömək istəyiblər. Məlumatda iddia edilir ki, belə müraciətlərin sayı 3 olub. Onlar bir sıra problemlərlə üzləşdiklərini, ərzağa və digər zəruri vasitələrə ehtiyacları olduqlarını bildiriblər.

Qeyd edək ki, anloji xəbərlər erməni teleqram kanallarında da yayılıb. Həmin kanallarda yayılan xəbərlərdə deyilir ki, Qarabağda yaşayan ermənilər problemlərinin həll olunmamasını görüb, Bakıya müraciət etməyə başlayıblar. Onların xəbərinə görə, Qarabağ ermənilərinin sosial vəziyyətləri olduqca ağırdır, ciddi ərzaq və mənzil problemləri var. Oradakı separatçılar isə həmin problemləri həll etmək gücündə deyillər.

Məsələni dəqiqləşdirmək üçün Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icmasının ofisi ilə əlaqə saxlamaq cəhdimiz alınmadı. Məsələ ilə bağlı onların da fikirlərini dərc etməyə hazırıq.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button