CəmiyyətManşet

Xocavənddə erməni “naxırçı” saxlanılıb?

Xocavənd rayonunun Çütcü kənd sakini bu gün itkin düşüb. JAMAZ.İNFO xəbər verir ki, 1989-cu il təvəllüdlü erməni əsilli kənd sakininin harada olduğu bilinmir.

Özünü “Qarabağın ombudsmanı” kimi təqdim edən Qeqam Stepanyan iddia edib ki, həmin şəxsi axtararkən onun Xocavənddə yerləşən Azərbaycan hərbçiləri tərəfindən saxlandığını müəyyən ediblər. Onun sözlərinə görə, Cütçü kənd sakini heyvandarlıqla məşğul olub, onun Ordumuzun mövqelərinə yaxınlaşmasının səbəbi isə itən inəklərini axtarmaq olub. “O, itən inəklərini axtararkən Azərbaycan Ordusunun mövqelərinə yaxınlaşıb. Bizə məlum olan odur ki, Azərbaycan hərbçiləri onu saxlayıblar”.

Stepanyan deyib ki, bu barədə təcili bölgədəki rus sülhməramlılarına məlumat veriblər. “Hazırda rus sülhməramlıları məsələ ilə məşğul olurlar. Onlar Azərbaycan tərəfi ilə danışıqlar aparırlar”.

Xatırladaq ki, hələ bir müddət əvvəl Xocavənd rayonu istiqamətində bir erməni sakin də minaya düşmüşdü. Ona ilk tibbi yardımı isə hərbçilərimiz göstərmişdi.

Qeyd edək ki, ermənilər hər dəfə öz diversant və terrorçuları ələ keçən kimi, onlara “naxırçı”, “elektrik” və daha başqa adlar qoyaraq, məsələni yayındırmağa çalışırlar. Azərbaycan tərəfi Xocavənd rayonunun Cütçü kənd sakini olan erməninin əsir götürüldüyü və saxlandığı barədə hər hansı bir məlumat verməyib. Əgər həqiqətən də həmin şəxs diversant və ya terrorçu deyilsə, bunun üçün rus sülhməramlılarına da ehtiyac qalmayacaq. Araşdırmadan sonra həmin erməni sərbəst buraxılacaq.

Ermənilərin indidən “həyəcanlı xəbər”, “əsir götürüldü”, “girov götürüldü” kimi ifadələr işlətməsi isə həm təbliğat xarakteri dağıyır, həm də qabaqdangəlmişlik sayılır. Ona görə, təbliğat xarakteri daşıyır ki, Azərbaycan hərbçiləri haqqında “vəhşi”, “qəddar”, “cəllad” imici formalaşdırsınlar. Eyni zamanda, ona görə, qabaqdangəlmişlik edirlər ki, Azərbaycan tərəfi saxlanılan şəxsin terrorçu olduğunu müəyyən edərsə, ənənələrinə uyğun şəkildə haray-həşir sala bilsinlər.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button