Media

3 May azad medianın günüdürmü? – RƏYLƏR

Müstəqil Azərbaycan jurnalistikası 3 May – Ümumdünya Mətbuat Azadlığı gününü  pis göstəricilər və perspektivlərlə qarşılayır. Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun təşkil etdiyi vebinarın iştirakçıları belə fikrə gəliblər.

Beynəlxalq hesabatlara əsasən Azərbaycan azad olmayan ölkələr sırasındadır, Sərhədsiz Reportyorlar beynəlxalq təşkilatının mətbuat azadlığı indeksinə görə isə ölkə dünyada 167-ci yerdədir.

Bir neçə jurnalist və bloger həbsdədir ki, bu da ATƏT-in və Avropa Şurasının üzvü olan ölkə üçün ciddi göstəricidir.

Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin fikrincə, azad kütləvi informasiya vasitələrinin sıxışdırılması ilə bağlı dövlətin 20 il bundan öncə başladığı fəal siyasət dayanmaq bilmir, əksinə, inkişafdadır. “O, özünü bütün sahələrdə – özünümaliyyələşdirmə üçün məhdudiyyətlər, jurnalistlərə və kütləvi informasiya vasitələrinə fiziki və məhkəmə təzyiqləri, informasiyaya çatımlığın bloklanması kimi sahələrdə göstərir”, – o deyib.

Əliyev qeyd edib ki, medianın inkişafı üzrə yeni Agentliyin yaradılması və  “Media haqqında qanunun “gizli” hazırlanması Azərbaycanda kütləvi informasiya vasitələri və söz azadlığının boğulması siyasətinin daha da sərtləşdiriləcəyi planlarından xəbər verir.

“Azadlıq” qəzetinin və “Azərbaycan saatı” proqramının redaktoru, mühacirətdə olan Qənimət Zahid də bu fikri dəstəkləyib. O hesab edir ki, kütləvi informasiya vasitələrinə təzyiqlər artacaq ki, bu da avtoritar rejimin mahiyyətindən irəli gəlir.

“Mən daim təqiblərə məruz qalıram, keçən il döyüldüm və bu gün bütün ictimai tədbirlərdə hüquq-mühafizə orqanları öz jurnalist vəzifələrimi yerinə yetirməyimə mane olurlar”, – 7gun.az-ın əməkdaşı  Natiq İsbatov bildirib.

Araşdırmaçı- bloger Mehman Hüseynov bildirib ki, korrupsiyanı ifşa edən süjetləri hazırlayarkən müxtəlif maneələrlə üzləşir. “Bizə korrupsionerlərin villalarının videoçəkilişləri üçün dronlardan istifadə etməyi  qadağan edirlər, bundan əlavə, dronlar qanunla qadağan edilməsə də, onları aldılar “, – o deyib.

Bloger bildirib ki, parlamentdə  məmurların, deputatların, yəni hakimiyyət nümayəndələrinin villalarının çəkilişinə qanunvericilik məhdudiyyətlərinin tətbiqi məsələsi müzakirə olunur.

Bloger Sevinc Sadıqova uydurma ittihamla mühakimə olunmuş həyat yoldaşı Əfqan Sadıqovun azadlığa buraxılması üçün fəal mübarizə apardığına görə xüsusi xidmət orqanları tərəfindən təqiblərə məruz qaldığını deyib. “Onlar məni şəxsi həyatıma dair video ilə təhdid edirlər, amma mən heç bir şeydən qorxmuram, çünki davranışımda əxlaqsız bir şey yoxdur”. – o deyib.

Bloger İmaməddin Alimovun fikrincə, kütləvi informasiya vasitələrinin hazırkı tənəzzülü, informasiya mühitində aqressiyanın artması dövlətin siyasətinin, sərt senzuranın nəticəsidir. Nəticədə keyfiyyətli jurnalistika öz yerini aşağı səviyyəli informasiya meydançasına verib.

Rusiyadan bloger Elmar Elminur hesab edir ki, jurnalistika rasional olmalıdır. “Biz jurnalistikanın mənəvi aşınmasına, söyüş və təhqir vasitəsinə  çevrilməsinə yol verməməliyik. Bunun üçün ən yaxşı yol həqiqəti söyləməkdir”.

Müzakirə iştirakçıları ölkə daxilində konsolidasiyanın vacibliyindən də danışıblar. “Amma bu, çətin ki mümkün olsun, çünki artıq konsolidasiya üçün kimsə yoxdur. Son üç ildə bu istiqamətdə bütün cəhdlər uğursuz olub”, – Mehman Əliyev şəxsi təcrübəsindən çıxış edərək bildirib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button