Media

Anar xülqü

«Azadlıq» qəzetində Anar haqqında tənqid yazanların, müntəzəm olaraq yazanların, hər gün yazmağa çalışanların, imkan olmayanda ən azı həftədə bir dəfə yazmaq istəyənlərin əksəriyyəti Anarın «qılıncının altından» keçdi və biz buna təəssüf etmədik. Ona görə təəssüf etmədik ki, hər kəs öz yolunu özü seçir və həmin cənabların da, dediyim kimi, əksəriyyəti Anara aparan yolu özləri seçdilər.

Mən Anar faktorunu bu qədər qabartmağın əleyhinə olmuşam. Həmişə düşünmüşəm və indi də hesab edirəm ki, Azərbaycanda ədəbiyyatın əhədinin kəsilməsi hansısa bir Anarın yaratdığı fəsad deyil. Anar bu nəticəni yarada bilmək üçün çox xırda adamdır, o, yalnız özü özünü yarada bilər, onu da düz- əməlli yarada bilməz, necə ki, yarada bilmədi. Azərbaycanda həvəskar inşaat sektorunda bir deyim var: ««ştukatur»da düzələcək». Nə deyimdir bu ? Bənna binanı hörür, əyriləri çox olur və bunu bənnaya irad tutanda deyir ki, bunlar yol verilə bilən təbii əyrilərdir və suvaq vuranda bu əyrilər görünməyəcək- bilinməyəcək. Suvaqçı da suvağını vurur, amma əyrilər çox olduğundan düzələ bilmir, onun da bir əsaslandırması olur ki, rəngsaz işlərindən sonra düzələcək. Rəngsaz da işləyir, amma əyrilər düzəlmir, o da divar kağızının üstünə atır və deyir ki, «oboy» bu əyriləri itirəcək. Divar kağızı, elə kağızdandır və təbii ki, daş divarın əyrilərini düzəldə bilməz.

Anar bu prosesin hansı detalıdır, mən deyə bilmərəm, amma dəqiq bilirəm ki, bənna deyil… Heç, suvaqçı da deyil. Divar kağızı ola bilərmi, bunu müzakirə etmək lazım gələcək.

Anar müasir dövrün saray şairi də deyil, çünki qafiyələri qarışıb (ya da qarışdırıb). İndi bir çoxları orta əsrlərdə «saray şairləri»nin olduğunu cəmiyyətin gözünə soxaraq yaltaq ədəbiyyat və yaltaq yazıçı fenomenini bununla əsaslandırmaq istəyirlər. O qədər bəsit- primitiv arqumentdir ki, bu faktı misal gətirənlərin beynindəki möhtəviyyatın- plazmanın özsüzlüyünə heyrət etmək gərəkir. Orta əsrlərdə vətəndaşlar yox idi- rəiyyət vardı, dövlət yox idi- səltənət vardı, avtomobil yox idi- araba vardı, avtobus yox idi- dəvələr vardı… İndi dəvələrin, rəiyyətin, arabaların, səltənətin rəsmən və qanunən olmadığı zamanda özünü saray şairlərinə bənzətməklə dəvələrə və ya at arabasına (yaxşı halda) bənzətməyin heç bir fərqi yoxdur.

Anar Azərbaycan ədəbiyyatının nimdaş şəklidir. Azərbaycanlıların məişət konservatizmi köhnə əşyalardan qurtulmağı çətinləşdirir. Evlər var ki, 30-40- cı illərdən bəri çardaqda və ya zirzəmidə saxlanılan istifadəyə yararsız əşyalarla doludur, əl- ayağa dolaşmayan bir yerlərə atırlar, orda qalır həmin əşyalar, nə zamansa səliqə- sahman yaratmaq istəyəndə yenə də atmırlar, yerini dəyişirlər, çinləyib fərqli şəkildə qalayırlar, yanaşı qoyurlar, amma atmırlar. Bu da fərqli özəllikdir, bunun üzərində baş sındırmaq gərəkdir. Dəqiq bilirəm ki, muzey effekti kimi saxlamırlar, eləcə, anlamsız bir mühafizəkarlıq həmin nimdaş əşyalardan qurtulmağa imkan vermir.

Azərbaycan ədəbiyyat cameəsi Anardan niyə imtina edə bilmir ? Bu, bəlli konservatizmlə bəlkə də, az bağlıdır, daha çox, başqa bir fenomenlə bağlıdır. Azərbaycan cəmiyyəti Anar yaşda olan başqa yararsız miraslardan da imtina edə bilmir axı… Xatırlayıram ki, Anar bir dəfə «Yazıçılar üçün bir qəsəbə düzəldib adını Heydərabad» qoyaq» demişdi.

Bir müğənni vardı. Öldüyündə bütün Azərbaycan cəmiyyəti onu lənətləmişdi, Mədəniyyət naziri dar bir tədbirdə onu «İncəsənət şəhidi» adlandırmışdı və bu epitetə görə naziri də ona qatıb birlikdə lənətləmişdilər. Söhbət İlhamədən gedir, daha doğrusu, gedirdi… Söhbət, elə ondan gedir.

Azadlıqla bağlı keçmiş zamanda danışmaq üçün bir qədər İlhamə olmaq gərəkdir, bir qədər dəvə qatarı, bir qədər zirzəmiyə atılmış və əl-ayağa dolaşmayan nimdaş əşya, bir qədər rəiyyət, bir qədər «saray şairi», bir qədər də «Heydərabad» olmalısan. Bunların hamısının qarışığından düzəldilən xülq azadlıqla bağlı keçmiş zamanda danışanda ondan məmnuniyyət yağmalıdır, necə ki, yağır. Özünün əhəmiyyətini- qabaritini hiss etdirmək və hiss etmək üçün elələrinə azadlıqların öldüyü cəmiyyət gərəkdir.

Əslində, mənə yenə də Anar gərək deyil, «Azadlığ»a da Anar gərək deyil, sadəcə, Anar haqlı olaraq elə hesab edir ki, əgər onu tənqid edən yoxdursa, yaxud onu tənqid edənlər azalıbsa, demək, o, kimsəyə gərək deyil. Haqlı olaraq belə düşünür və ahıl yaşında, ayaqlarının başından qabaqda getdiyi bu çağında kimsəyə gərək olmayan bir həyatı yük kimi daşıyıb aparan ayaqlarına onun özünün də heyfi gəlir, buna görə qəzəblənir, hirslənir… Amma boş verin, doğrudan da, o, heç kimə gərək deyil.

Qənimət Zahid

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button