Media

AŞ: Azərbaycan jurnalistlərin həbsdə olduğu ölkələr sırasındadır

Ötən il dekabrın sonunadək Avropa Şurası üzvləri ərazisində 56 jurnalist və media işçisi həbsdə olub. Həmin ölkə və ərazilər Azərbaycan, Rusiya Federasiyası, Ukraynanın Rusiya tərəfindən qanunsuz ilhaq olunmuş Krım yarımadası, Türkiyə və Böyük Britaniyadır.

Avropa Şurasının Jurnalistikanın Qorunması və Jurnalistlərin Təhlükəsizliyinin Təbliği Platformasının illik hesabatında belə deyilir. Hesabat “Gərginlik və münaqişə vaxtı mətbuat azadlığının qorunması” adlanır.

Hesabata görə, medianın zəbti, yəni özəl mediaya dolayısı ilə hökumətin nəzarət etməsi azalmayıb: «Bu nəzarət ya media sahibləri ilə rahat münasibət qurmaq, ya da onlara təzyiq göstərməklə həyata keçirilir. Nəticədə hökumətə dost güclü media sistemi formalaşır, bu media ölkəboyu ideya və informasiyanı yayır, müxalif və fərqli düşünənləri çıxdaş edir», hesabatda qeyd olunub.

Hesabatda bildirilir ki, Türkiyə, Azərbaycan və Rusiya rəhbərləri illərdir bu taktikadan istifadə edirlər, onların dizayn verdiyi “model” Macarıstan və Polşa kimi digər üzv ölkələrdə mənimsənilir: “Bu iki ölkə medianı nəzarətə almaq cəhdlərinə görə Avropa İttifaqının nəzarəti altındadır. Sloveniya da bu yolla gedir”.

“Azərbaycan hakimiyyəti ölkədə media azadlığının təmin olunduğunu desə də, bir sıra müstəqil və müxalif media saytlarının bağlanması, bu ilin əvvəlində qüvvəyə minmiş yeni media qanunu bunun əksini deməyə əsas verir. Beynəlxalq media və insan haqları təşkilatları Azərbaycan hakimiyyətini dövlətin mediaya nəzarətini gücləndirə biləcək qanunu ləğv etməyə çağırıb”, – Hesabatda bildirilir.

Hesabatda Azərbaycan, Macarıstan və Polşanın «Pegasus» izləmə proqramından istifadə etdiyi də yer alır.

Qurumun hesabatında Azərbaycanda dörd jurnalistin (Əfqan Sadıqov, Aslan Qurbanov, Elçin Məmməd və Polad Aslanov) həbsdə olduğu vurğulanır.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button