Media

“Bu uğursuz media siyasətini ört-basdır etmək üçün atılan addım idi”

“II Qarabağ müharibəsi zamanı xarici KİV-lərin yerli mediada qınaq obyektinə çevrilməsi hökumətin uğursuz media siyasətini ört-basdır etmək üçün idi”. JAMAZ.İNFO xəbər verir ki, bu fikirləri “Turan” informasiya agentliyinin rəhbəri Mehman Əliyev “Arqument.az”a deyib.
O, hökumətin II Qarabağ müharibəsi zamanı apardığı media siyasətini təhlil edərkən bu qənaətə gəldiyini deyir.
Mehman Əliyevin fikrincə, müharibə dövründə yerli ictimaiyyətdə ruh yüksəkliyini artırmaq və səfərbər etmək üçün xəbərlərin çatdırılması istiqamətində yaxşı işlər görülsə də, xarici media ilə əlaqələr zəif qurulub: “Əlbəttə, itkilərin olmasına və Ermənistanın əks-propaqandasına baxmayaraq, cəmiyyəti ruhlandırmaq lazım idi. Yəni vəziyyət göstərdi ki, heç nəyə hazır deyilik. Dünya ictimaiyyətini bu hərbi əməliyyatların məqsədləri, səbəbləri barədə həqiqətlərə inandıra bilmədik. Müharibəni udsaq da, Azərbaycanın hüdudlarından kənarda uduzduq. Nəticədə hökumət və hökumətə yaxın medialar tərəfindən xarici KİV-lər qınaq obyektinə çevrildi. Bu isə uğursuz media siyasətini ört-basdır etmək üçün atılan addım idi”.
M. Əliyev deyir ki, münaqişənin başlanmasından 30 il keçməsinə baxmayaraq, bu müharibə dövründə müxtəlif dövlət qurumlarının – komitələr, parlament və diasporanın indiyə qədər normal iş görə bilmədiyi bir daha üzə çıxıb.
O, informasiya təhlükəsizliyi sahəsində də görülən işləri qənaətbəxş hesab etmir: “Cəbhə bölgəsindən bəzi xəbərlərin və görüntülərin yayılmasının dövlətə xeyli problemlər yaratdığını gördük. Sonuncu dəfə Baş Prokurorluğun erməni əsirləri və qəbirlərinin təhqir edilməsi ilə bağlı 4 hərbçiyə cinayət işi açması da bunun nəticəsi idi. Yəni müharibə başlayanda bu istiqamətdə dövlətin media siyasəti yox idi”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button