Media

İki xırda daş haqqında

İlqar Kamil

Məscidin yanında yaşayan bir dostum vardı, hər azan veriləndə titrətmə düşərdi canına; tez qalxardı ayaga, keçərdi hamama, dəstəmaz alardı, nə bilim, otaqda var-gəl edərdi, hətta bəzən geyinib məscidə də düşərdi, amma… namaz qılmazdı.

Bir dəfə dözmədim, dedim, ə avara, bu nə teatrdı çıxarırsan, axı sən heç namaz qıla da bilmirsən… Utana-utana qayıtdı ki, bilirsən, o boyda kişi (Allahı nəzərdə tuturdu) elə hey “tələsin namaza doğru” deyir, elə hey çağırır, özü də belə gözəl avazla, şirin-şirin, mədənicə, neyniyim, necə laqeyd qalım? Qılmasam da heç olmasa bir tərpənim də yerimdən, ayıb deyil?

Təsirləndim, düzü, çəkib alnından opdum: mərifətinə bərəkallah!

Yadımdadı, bir dəfə çəpər hörürdük, hamı işləyirdi, hərə bir işin qulpundan yapışmışdı, bircə mən əlim qoynumda dayanmışdım, bircə mən baxırdım, uşaqdım… Birdən atam qeyzlə yaxınlaşdı üstümə, ovcuma iki xırda daş dürtüb dedi ki, oğul, hamı işləyəndə sən bekar qalma, heç olmasa götür bunları oynat.

İndi mübarək aydı, müsəlman dünyası həyəcanlı, hamı bacardığı qədər ibadət, itaətdə, bəs biz, bəs biz heç olmasa həyəcanlanmayaq da, heç olmasa əl-ayağa da düşməyək? Dostum demiş, o boyda kişiyə ayıb olmaz?

Ən azından ikicə xırda daş götürüb oynatmaq olar axı!

Mənim tanıdığım Allaha bu da bəs edər, inanın ki, edər, və mənim tanıdığım Allah bu mərifəti, bu qanacagı, bu həyəcanı qarşılıqsız qoymaz: Siyahıya bizim də adımızı yazar!

Siyahı demişkən, həzrəti Yusifi qul kimi Misir bazarında satışa çıxaranda görürlər bir qarı, qoltuğunda yekə bir xoruz, qaçır qul bazarına tərəf. Gülüb istehza edirlər: ay xanım, Yusifin hüsnünün sorağı hər yanı bürüyüb, kimdi onu sənə bir xoruza satan, axmaqsan? Qarı gülümsünür: bilirəm satmazlar, sadəcə istəyirəm “Yusifin müştəriləri” siyahısında mənim də adım olsun.

Ehh, əzizim, bu gün sübh namazında məscidin yanında yaşayan həmin o dostumla dərdi-dil eləmişəm, yorğun-yorğun deyirəm, qardaşım, oralarda bizim üçün də dua elə, Allah Şəhidin duasını tez eşidər.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button