Media

Oruc tutmağın İlahi standartı

İlqar Kamil
Tarixə diqqətlə baxsanız, ta əyyami-qədimdən insanların ən maraqlı məşğələlərindən biri də bu olub: büt yaratmaq! Uzun əslər adamlar öz əlləriylə yaratdığı bütlərə ibadət ediblər. Təəccübləndiniz, bilirəm və hətta sual da yarandı içinizdə: gərək nə qədər axmaq olasan ki, öz əlinlə yaratdığın bir şeyə Tanrı deyəsən! Halbuki, əzizim, biz bunu elə indi də, 21-ci əsrin ən bərk gedən vaxtı da edirik, etmirikmi?
Mənə görə, məsələn, “dünya standartı”, “avropa standartı” kimi anlayışlar da müasir insanın əz əlləriylə yaratdığı və qorxa-qorxa tapındığı müasir bütlərdir. Təsəvvür edin, adamın tamam fikri-zikri konkret kimin, harda, necə, nəylə yaratdığı bəlli olmayan dünya standartlarına uyğun yaşamaq olsun, alındıra bilməyəndə də düşsün depressiyaya…
Belə hallarımdan birində qanrılıb yavaşca soruşmuşdum özümdən: əzizim, bəs görəsən, insanın İlahi standartı da varmı? Lap dəqiqi, əcəba, İlahi statndartlara uyğun həyat tərzi də mövcuddurmu? Ki, sən həyatını ona uyğun qurub xoşbəxt olasan, vecinə də olmasın Əli, Vəli, Pirvəli… nin həyatı, tərzi?
Ana Kitabın annotasiya alandıra biləcəyimiz ayələri (oxu: özü haqqında danışan, hansı dərdə dərman ola biləcəyini açıqlayan ayələri) var, onlardan birində “bəsair” sözü keçir. Bəsair yəni nəzər nöqtəsi, İlahi baxış, səmavi rakurs! Allah deyir, əzizim, bu kitab bəsairdi – insana yeni nəzər nöqtəsi, İlahi standart təyin edən kitabdır. (Casiyə, 20)
Dünyəvi standartlarla İlahi standartın fərqi budur ki, birincilər insanda təlaş, gərginlik, konqnitiv dissonas, daxili narahatlıq yaradıb, onu qeyri-bərabər bir yarışa soxursa, ikinci (İlahi standart) əksinə, insana hüzur verir, aramlıq bəxş edir, ən çətin hallarında qulağına pçıldayır ki,
dərdlərin var, qəm yemə, kim bilməsə, Allah bilir.
Lap qoy heç kim bilməsin, Pərvərdigar, vallah, bilir.
İki standartın digər fərqi birincinin insanın zahiriylə, çölüylə, bər-bəzəyi ilə, ikincinin (İlahi standartın) onun iç dünyasıyla əlləşməsidir. İlahi olana görə, hərəkat içdən başlamalıdır, yoxsa hamısı rəngdi, boyadı, bəzəkdi. Deyəsən İbni Sinanın sözüydü axı: məsələ yumurtanın qırılması deyil, onun içdənmi, yoxsa çöldən qırılmasıdır: yumurta yalnız içdən qırılarsa yeni bir həyatın başlanmasına səbəb ola bilər, dərd budur.
Məsələn, Ana Kitab “Allahı yad etməklə qəlblər sakitlik tapar” deməklə, eyni zamanda bir standart təyin edir: O yadına düşəndə hansı vəziyyətdə olursan ol, qəlbinə hüzur dolmalıdır, dolmursa demək nəsə qaydasında deyil. Buyurun sizə başqa, daha üstün bir İlahi standart:
“Gerçək möminlər o kəslərdir ki, Allah xatırlanan zaman qəlbləri (sevincdən, həzzdən) titrəyər”. (Ənfal, 2)
Bəqərə surəsi, 183-cü ayəyə görə oruc tutmağın da İlahi standartı var və o, Təqvadır. Yəni oruc tutmaq səndə təqva halı yaratmalıdır, qayda budur.
Bəs təqva halı nədir?
Böyük şəxsiyyətlərdən biri bu halı belə izah etmişdi: təsəvvür edin, evinizə gizli kamera quraşdırırlar, bir həftə gecə-gündüz sizi çəkirlər (təbii, xüsusi məhrəm hallar istisna olmaqla), bir həftə sonra siz bundan xəbər tutursunuz, üstəlik, deyirlər, o çəkilişləri bir başa efirə verəcəklər, hamı baxacaq, hər kəs sizin gizlininizi izləyəcək… Bunu eşitcək halınız dəyişmir, tükünüz belə tərpənmirsə, hətta üzünüzdə qəşəng bir təbəssüm də yaranırsa, xoş halınıza – Təqva halı budur!

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button