Media

Təzə medianız mübarək

Ənnağı Hacıbəyli
Avropa Şurası yenə də bizə ayı xidməti göstərdi. Onun lap altdakı komitələrindən hansısa biri fərman buyurdu ki, Azərbaycanın təzə media qanunu Venesiya Komissiyasında texniki baxışdan keçməlidir. Hökumətimiz də eləmədi tənbəllik, tezcənə götürüb qanunu təsdiqlədi. Hə, ay Avropa Şurası, indi qal yana-yana…
Bu qanunun xəbəri ortaya çıxandan bəzi ağzıgöyçəklər başlayıb mətbuata elegiya, yəni ölü duası oxumağa. Çoxu da mənim kimi heç qanunu oxumadan başlayıblar ölkəmizin daxili və xarici düşmənlərinin dəyirmanını sulamağa. Ay, nə bilim, Venesiyadan rəy gələcək, qanun dəyişəcək, Əli Həsənov bir də dirilməyəcək, Əflatun Amaşov Mətbuatın Şurasını boşayacaq və s. və i.a.
Mən hökumətimizin media siyasətinin ölkəmizin siktorial inkişafına yönəldiyinə şübhə eləmirəm və bu siyasəti, türkün məsəli, ürəkdən qulplayıram, yəni dəstəkləyirəm.
Niyə?
Birinci, bu siyasət qədim tarixi olan dövlətçiliyimizin əbədi ənənələrindən irəli gəlir. Məsələn, birtəhər yola verdiyimiz keçən əsrin əvvəllərində Bakı mollaları fərmayiş buyurmuşdu ki, müsəlmanın evini bu qəzetlər yıxır, qəzetlər artdıqca lotuların da sayı artır.
Qəzetlər çıxmayan zamanlarda müsəlman əhalinin sayı cəmi qəzet buraxan millətlərin sayından çox idi.
Qəzetlər çoxalandan bəri müsəlman millətinin də sayı azalmağa başlayıb. Bilmirəm millətin başı nəyə qarışıb, amma qəzetlərin ziyanı göz qabağındadı.
İkinci, yenə də ötən əsrin əvvəllərində Bakı, Təbriz, Lənkəran və başqa yerlərin üləmaları minbəri yumruqlaya-yumruqlaya, yüz iyirmi dörd min peyğəmbərə and içə-içə fətva vermişdilər ki, qəzet oxumaq orucu batil edər.
Bu fətva indi də qüvvədədi, ona veto qoyulmayıb, Konstitusiya Məhkəməsi də onun Konstitusiyaya uyğunluğu barədə mübarək bir rəy verib. Həccə gedib şeytanlara biri bir dollardan daş alıb tolazlamış media həci-kapitanları da bu rəyi doğru buyurublar.
Üçüncü, jurnalistlərin qeydiyyatının ayrımçılıq salacağı barədə dedi-qoduların da heç bir əsası yoxdur. Doqquz il qabaq QHT-lər barədə qanunlara dəyişiklik ediləndə onlar da çığır-bağır salmışdılar ki, bu dəyişikliklər müstəqil QHT-lərə qarşı çevrilib.
O zaman da hökumətimiz nə qədər and-aman elədisə ki, təzə qaydalar kimsəyə ziyan vurmayacaq, bu dəyirmançılar dediklərindən dönmədilər. Amma tarix göstərdi ki, onların dediyi kimi deyil. İndi ölkəmizdə müstəqil QHT problemi uğurla həll edilib, əvəzində dövlətimizin müstəqilliyi daha da güclənib, QHT-lər də onun qucağında xumar-xumar uyumaqdadı.
Dördüncü, rəhmətlik Molla Nəsrəddin deyirdi: “Mənim sözüm camaat içində bir pula getmir, bilirəm ki, camaat məni kəmetiqad hesab edir, söz yox, o qədər tas quran, fal açan, ilan oynadanlara lağ elədik ki, axırı bu günə düşdük”.
İndi jurnalist dınışkası ala bilməyəcəyindən xoflananlar da mollanın günündədi; dəqiq bilirlər ki, öz əməllərinin qurbanına çevriliblər. Kiminsə halal qazancına mız qoyanda, kiminsə kiməsə beş manat hörmət eləməsini şişirdib filə döndərəndə, ölkənin möhtərəm şəxslərinin cibinə girib pulunu sayanda bilməli idilər ki, onların da sözü sabah bir pula getməyəcək.
Beşinci, bu Venesiya Komissiyası var ya, onun rəyinə bel bağlayanlara lap yazığım gəlir. Tutaq ki, rəy verdilər və dedilər ki, bu qanun işə yaramır. O rəy əvvəlcə Avropa Şurasında müzakirə edilməlidir.
Orda bizi təmsil edən dubtatlar – ikra daşıyanlar, arpa biçənlər, molla zad eləyənlər minbərə çıxıb elə bir nitq irad eləyəcəklər ki, türk qardaşlarımız, rus partnyorlarımız və ingilis boyfrendlərimiz arxamızda dağ kimi dayanacaqlar.
Hökumətimiz də media qanunundan narazı olan keçmiş jurnalistlərə izah edəcək ki, Venesiya Komissiyasının rəyi tövsiyə xarakteri daşıyır, yəni bizim üçün məcburi deyil.
Tövsiyə dedim, bu yaxınlarda bələdiyyələrlə bağlı fəaliyyət göstərən bir QHT sədrinin radiodakı çıxışı yadıma düşdü. Görünür, qeydiyyat problemi olan birlik sədri jurnalistin sualına cavab olaraq dedi ki, son vaxtlar Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Mərkəzi qanun pozuntuları ilə bağlı bələdiyyələrə çox ciddi tövsiyələr verirlər.
“Ciddi tövsiyə”nin adi tövsiyədən fərqini tam anlamasam da, ümid edirəm ki, Venesiya Komissiyası bizim hökumətə ciddi tövsiyə verməyəcək.
Heç kəs bizimlə təzyiq dilində danışa bilməz!

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button