Media

“Tanış MAXE-lərdən təzə xəbər var”

MN: Ermənistan kəndlərimizi raket və artilleriya atəşinə tutur. Sosial şəbəkələrdə yenə müharibə əhval-ruhiyyəsi hökm sürür. Ermənistan silahlı qüvvələrinin son günlər bir neçə istiqamətdə mövqelərimizi atəşə tutması, Azərbaycanın sosial şəbəkə istifadəçiləri tərəfindən də reaksiyasız qalmadı.

Hər birimizin yaxını, dostu və ya tanışı hazırda ordu sıralarında xidmət edir. Narahatlıq, nigaranlıq başa düşüləndir.

Lakin informasiyadan çox dezinformasiyalar və heç də erməni təxribatından fərqlənməyən “atmaca” tipli statuslar da qarşımıza çıxır.

Bir zamanlar “Tanış MAXE-lərdən təzə xəbər var” tipində məlumatlar, vatsap səsləri yenidən yayılmağa başladı.

İş o yerə çatdı ki, Kəlbəcərdə xidmət edən hərbçilərimiz də video yayaraq xahiş ediblər ki, hər yoxlanılmamış məlumatı yaymayın: “Bizim evdə yaxınlarımız, analarımız var, onlar narahat olurlar”.

Əvvəlkinə nisbətən, hazırda dezinformasiya yayanlar, küyə gedənlər azdır. Lakin müharibə zamanı mövqelərimizi az qala deşifrə edən, hərbi sirləri belə təhlükə altına salan videoların, məlumatların yayılması, bu zaman dövlət tərəfindən görülən tədbirlər bəzi soydaşlarımızın yadından çıxıb.

Bir sözlə, baş verənlər bəzilərimizə dərs olmayıb.

2007-ci ildən mətbuatdayam və bu illər ərzində müşahidə etmişəm ki, adətən hansısa işgüzar səfərlər və ya görüşlər ərəfəsində Ermənistan qoşunları sərhəddə və təmas xəttində daim təxribatlar törədir, atəşkəsi pozmağa, ardınca da Azərbaycanı ittiham etməyə çalışırlar.

Ermənistanda hakimiyyət nə qədər dəyişirsə də, xislət yenə öz yerində qalır.

Məlumdur ki, Azərbaycan Ermənistana müharibə meydanında lazımlı cavabı verib. Paşinyan üçtərəfli bəyanatı imzalasa da, hər vəchlə imzaladığı şərtləri yerinə yetirməkdən boyun qaçırır və bununla yanaşı, özünün “təslimçi” olmadığını isbat etməyə çalışır… Həmçinin, Azərbaycan cəmiyyətində çaxnaşma salmaq, dövlətə inamsızlıq yaratmağa.

Digər tərəfdən isə son günlərdə baş verən siyasi hadisələrə nəzər salaq.

Azərbaycan Prezidenti qarşı tərəfi Azərbaycanın ərazi bütövlüyünü tanımağa və “Zəngəzur dəhlizi” məsələsini tezləşdirməyə çağırıb. Ermənistan tərəfi isə “Zəngəzura qayıdacağıq” sözündən tutaraq, dünyaya car çəkir ki, “Azərbaycan aqressor dövlətdir”. Bu ittihamın yanında isə son təxribatları göstərir və yenə də günahı bizim üstümüzə atır.

Bu gün isə Şarl Mişel İrəvanda idi. Paşinyan ağlaya-ağlaya ondan 2,6 milyard avro qopara bildi. Həmçinin, bir az ada ağlaşma quraraq, Azərbaycanın erməniləri öz ərazisi ilə Rusiyaya buraxmadığını, ərazi iddiaları sürdüyünü də dilə gətirdi. Bu yaxınlarda isə Emmanuel Makron İrəvana gələcək. Çox güman ki, Paşinyan yeni ağlaşma üçün başqa ssenarilər də hazırlayıb.

Biz isə bir-birimizi didir, statuslarda mübahisə aparırıq ki, Azərbaycan niyə Xankəndiyə qoşun yeritmir?!

Yaxın bir ilə qədər “əşşi, o torpaqlar getdi, əlinizi üzün” deyən az idi? Hər şeyin öz zamanı var. Zamanımızı gözləyək…

Rüfət Əhmədzadə,

Bizimyol.info

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button