Media

Xanım jurnalistləri şantaj edən “manyak” kimdir? – FOTOLAR

Həyatımızın ayrılmaz hissəsinə çevrilən internetdən istifadə edənlərin sayı sürətlə artmaqdadır. İnsanlar internetdən informasiya əldə etmək, məktublaşmaq, şəkillərə və video roliklərə baxmaq, ünsiyyət yaratmaq, oyun oynamaq və s. məqsədlər üçün istifadə edirlər.

Qeyd edək ki, sosial şəbəkələr arasında ən məşhuru “Facebook”dur. Bu şəbəkə istifadəçilərinin müsbət tərəflərindən biri müəyyən sahələr üzrə klubların yaranmasıdır. Məsələn, həkimlər, iqtisadçılar, hüquqşünaslar, jurnalistlər və digər klublar. Belə klublar istifadəçilərin həm də öz peşəkar biliklərinin artırılmasında da böyük rol oynayır. Burada insanlar ən müxtəlif sahələrdə öz biliklərini bölüşürlər. Həmçinin, bir çox  digər faydalı tərəflərdən də uzun-uzadı danışmaq olar.

Amma təəssüflər olsun ki, müsbət tərəflərinə baxmayaraq, sosial şəbəkələrin mənfi tərəfləri də var. Məsələn, qız-qadınlara hədə-qorxu gəlmək, falçılıq etməklə soyğunçuluq, talançılıq, intihara sürükləmə halları, şantajlar, insan və silah-sursat, həmçinin, narkotik maddələrin alveri və s.

Facebook sosial şəbəkəsindən məhz mənfur niyyətlə istifadə edənlərdən biri “Murad Jurnalist Murad Jurnalist” səhifənin istifadəçisidir. Belə ki, adını “jurnalist” qoyaraq medianın xanım nümayəndələrinə ləyaqətsiz təkliflər edən, falçılıqla məşğul olduğunu bildirən, qadınları fotolarını paylaşacağı və ya cadu edəcəyi ilə hədələyən, həmçinin, müxtəlif xoşagəlməz işlərdə istifadə edəcəyini bildirən bu şəxs həm də tanınmış adamların yaxını olduğunu yazır.  Məsələn, “jurnalist” Murad bir neçə xanıma Əməkdar Artist Tahir və Cabir İmanovların dostu olduğunu söyləyir. Həmçinin, özünü “Şən və Hazırcavablar Klubu”nun işçisi kimi təqdim edir.

Məsələ ilə bağlı Cabir İmanovla əlaqə saxlamalı olduq. Əməkdar Artistin bildirdiyinə görə, onun nə yaxın çevrəsində, nə də işlədiyi komandada belə birisi yoxdur.  “Mənim hadisədən xəbərim var, amma beləsini tanımıram”, – deyə Mediapress.az-a açıqlama verən Əməkdar Artist lazımi orqanlara müraciət etməyin vacib olduğunu söylədi.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən isə Mediapress.az-a bildirildi ki, məlum hadisədən xəbərdardırlar. Belə ki, artıq bir neçə xanım jurnalist şikayətini bildirib və məsələ ilə bağlı araşdırma aparılır.

Hazırladı: Könül Aypara 

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button