Ölkə içi

Əli Kərimlinin mühafizəçisi həbsdə aclıq aksiyasına başlayıb

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdəki üzvlərindən biri, eyni zamanda, partiya sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi olmuş Niyaməddin Əhmədov aclıq aksiyasına başlayıb. Bu barədə Meydan TV-yə partiyadan məlumat verilib.

Bildirilir ki, Niyaməddin Əhmədov saxlandığı cəzaçəkmə müəssisəsində məruz qaldığı təzyiqlərə etiraz olaraq, aclığa başlayıb.

AXCP üzvü martın əvvəlində Bakı Apelyasiya Məhkəməsinin qərarından dərhal sonra 12 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb. “Cəzaçəkmə müəssisəsinə köçürüldüyü vaxtdan qeyri-insani rəftarla, sərt davranışla üzləşib. Açıq-aşkar şəkildə ayrı-seçkiliyə məruz qalıb. O da baş verənlərə etiraz olaraq, aclığa başlayıb. Aclıq etməsi haqda rəsmi ərizə ilə cəzaçəkmə müəssisəsinin rəhbərliyinə də müraciət edib. Aclıq etməsi müəssisə rəhbərliyini daha da qəzəbləndirib və onu daha sərt şəkildə cəzalandırmaq qərarı verilib. Aclıq edən adamı üstəlik, “karsa” salıblar”, – partiyadan bildirilib.

Niyaməddin Əhmədovun ailəsindən Meydan TV-yə bildirilib ki, cəzaçəkmə müəssisəsində incidildiyinə görə aclığa başlamasından onlar da məlumatlıdır.

Novruz bayramı ilə əlaqədar ölkədə qeyri-iş günləri olduğuna görə Penitensiar Xidmətdən məsələyə münasibət öyrənmək mümkün olmayıb. Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən bundan öncə verilən açıqlamalarda bildirilib ki, kimliyindən asılı olmayaraq, məhkumlar arasında ayrı-seçkiliyə yol verilmir, onların hamısının qanunvericilikdə nəzərdə tutulan qaydada hüquqları təmin olunur. Məhbuslara qarşı işgəncə və başqa formada təzyiqlərlə bağlı iddialar isə təkzib olunub.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button