Ölkə içi

Bələdiyyə sədri: “Böhtan yayanlar hüquqi müstəvidə cəzalandırılacaqlar”

Lerik şəhər bələdiyyəsinin sədri rayonunun ziyalıları, ağsaqqalları, şəhid ataları və qazilərinin şikayətini nəzərə alıb Prezident Admintrasiyasına və Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət edib.

Müraciətin məzmunu rayonda baş verən qohumbazlıq, rüşvətxorluq, dövlət əmlakını mənimsəmə, rayonun abadlığı üçün ayrılmış vəsaitin rayon rəhbərliyi tərəfindən saxta yollarla dağıdılması, mənimsənilməsi və vətəndaşlara mənfi münasibətə son qoyulması olub.

Ölkə başçısına ünvanlanan şikayətdə qeyd olunur ki, rayonda dərəbəylik hökm sürür: “Bu mafiya 15 ilə yaxındır ki, rayonu bərbad vəziyyətdə qoyub. Bu da əhalinin ciddi narazılığına səbəb olub”.

“Deyirlər ki, rayonu dağıdan rəhbərliyə Respublikanın ən mötəbər və hörmətli bir ağsaqqalı himayədarlıq edir. Amma biz bu ağsaqqalın, yəni Xoşbəxt Yusifzadənin onlara arxa-dayaq durmasına qətiyyən inanmırıq. Çünki hamımızın hörmətlə yanaşdığı bu insan heç vaxt belə korrupsionerlərə himayədarlıq etməz”, – deyə bələdiyyə sədrinin müraciətində qeyd olunur.

Lerik rayonundan aldığımız məlmata görə, bu şikayət məktublarından sonra rayon rəhbərliyi öz “silləvuranları”nı başına yığaraq bələdiyyə sədri və ziyalılara qarşı hücuma keçib.
Hətta bəzi media orqanları və sosial şəbəkələrdə bələdiyyə sədri və ziyalılar haqqında böhtan və yalan məlumatlar dərc edilir. Bildirilir ki, əslində bununla da şikayətçiləri hədələmək və geri çəkilməyə məcbur etmək istəyirlər.

“Cumhuriyyət.net” məsələ ilə bağlı Bələdiyyə sədri Balaşirin Nəsirovla əlaqə saxlayıb. O bildirib ki, haqqında yayılan informasiyalar sifarişdir: “Belə hallar təsadüf baş vermir. Amma biz artıq öyrəşmişik. Bu rayon rəhbərinin köhnə metodudur. Buna baxmayaraq, heç kəs bizi yolumuzdan çəkindirə bilməz. Bizi xalq, seçicilər bələdiyyəyə seçib. Ona görə də biz məhz onların tələblərini yerinə yetirməli, onların probleminə biganə qalmamalıyıq. Haqqımızda böhtan yazan media orqanları barədə Media Agentliyi və Mətbuat Şurasına, həmçinin hüquq-mühafizə orqanlarına şikayət edəcəyik. Hüququ müstəvidə bütün addımları atacağıq ki, bu böhtanları yayanlar cəzalarını alsınlar”.

Bələdiyyə sədri onu da bildirib ki, bundan sonra da rayonun talanması və büdcə vəsaitlərinin səmərəsiz xərclənməsinə qarşı etiraz edəcəklər: “Bu, təkcə mənim deyil, bütün rayon ziyalılarının, ağsaqqalların, qazilərin tələbidir”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button