Ölkə içi

Masallıda siyahıyaalma korrupsiyası – Mühüm dövlət tədbirinin pulu kimi cibinə gedib?

YAP Masallı rayon Təşkilatının sədri Seyfəddin Əliyev təlaşdadır. Səbəb isə 2019-cu ildə həyata keçirilən əhalinin siyahıya alınması zamanı büdcədən ayrılan vəsaitlərin çırpışdırılmasının yoxlanılmasıdır. Mühüm dövlət tədbiri olan əhalinin siyahıya alınması 2 il əvvəl, oktyabr ayının 1-dən 10-a kimi keçirilib. Dövlət bu tədbiri həyata keçirmək üçün hələ 2016-cı ildən tədbirlər görməyə başlayıb, hazırlıq işləri görülüb. Əhalinin siyahıya alınmasına hazırlıq mərhələsinin ən vacib tədbirlərindən biri olan və siyahıya alma zamanı əhalinin tam əhatə olunması üçün dolğun uçotun təşkil edilməsi, siyahıya almanın rayonlaşdırılması, şəhər, qəsəbə və kəndlərin ərazilərinin siyahıya alma, təlimatçı və sayıcı məntəqələrinə düzgün bölüşdürülməsinin təmin edilməsi üçün xüsusi əhəmiyyət daşıyan şəhər, rayon və şəhər rayonları üzrə təşkilati planların tərtib olunması məqsədilə formalar, habelə “Əhalinin siyahıya alınması ilə bağlı Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkilati planların tərtib edilməsinə dair göstərişlər” təsdiq edilib. Əhalinin siyahıya alınması üçün 2019-cu ilin dövlət büdcəsindən 23 milyon 200 min manat vəsait ayrılıb.  Hər nəfərə 2 manat 30 qəpik və ya orta hesabla hər ailəyə 9 manat 20 qəpik ayrılıb.

Masallıda bu işin başında duran Seyfəddin Əliyev olub. Ərazi nümayəndələrinə verdiyi tapşırıqlar nəticəsində 3-4 nəfər qohum-qardaşın adını sayıcı, təlimatçı kimi yazdırıblar. Sənəd üzərində hər kənddə sayıcıların sayı 10 nəfər göstərilsə də, faktiki olaraq 3, ən yaxşı halda 4 sayıcı bu işlə məşğul olub. Adı olub, özü olmayan sayıcılara isə əmək haqqı yazılıb və götürülüb. Bu isə hər kənd üzrə 3-4 min manatın çırpışdırılması deməkdir. Masallıda kəndlərin sayı 90-dan artıqdır…

2020-ci ildə 1 il əvvəl keçirilən siyahıyaalmanın keyfiyyətinin yoxlanılması gerçəkləşib və bu zamanı çox ciddi nöqsanlar aşkar olunub. “Bəs əhalinin siyahıya alınması niyə zəif keçirilib” sualına ən yaxşı cavab Masallıda baş verənlərin timsalında ortadadır.

BMT-nin Statistika Komissiyası əhalinin siyahıya alınmasını qiymətləndirən zaman bunun sosial iqtisadi hadisə olduğunu bildirir. O baxımdan Azərbaycanda da siyahıyaalma ölkəmizdə iqtisadi siyasətin növbəti illərdə mövcud çağrışlara uyğun olaraq təkmilləşdirilməsi, yeni iqtisadi proqramların reallaşması baxımdan vacib idi. Nəzərə alsaq ki, bu siyahıyaalma yalnız vətəndaşlarımızın sayını deyil, əslində daha çox ixtisaslı kadrların yerləşmə coğrafiyası, Azərbaycanda ixtisaslı kadrların, eləcə də xarici dil biliyi olan vətəndaşların sayının necə dəyişməsi, daxili miqrasiya, fiziki imkanları məhdud olan şəxslərin işlə təmin olunması və eyni zamanda qeyri-rəsmi məşğulluq, qeyri-leqal iqtisadiyyatın dövriyyəsinin müəyyənləşdirilməsi baxımdan da vacib idi. Halbuki bu göstəricilərin rəsmi statistika ilə əldə edilməsi ya mümkün deyil, ya da çətindir. O baxımdan bu, əslində sadəcə bir siyahıyaalma deyildi, daha çox növbəti dövrlərdə iqtisadi siyasəti müəyyənləşdirəcək faktorlardan biri kimi xarakterizə olunurdu. Lakin əhalinin bir hissəsinin siyahıya alınmadığını, ümumiyyətlə onların qapılarının döyülmədiyi ortalıqdadır. Həmçinin bunun səbəbi də gizli deyil.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button