Ölkə içi

Meyxanaçı Rəsulzadə haqqındakı qafiyələrə görə həbs olunub?

“Meyxanaçı Cavid Babaşovun (Sumqayıtlı) siyasi qafiyələrə görə həbs olunması ilə bağlı yayılan iddialar əsassızdır”. Bunu oktyabrın 19-da Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev deyib.

Onun sözlərinə görə, həbs olunan şəxs istintaqda əməllərini etiraf edib. “Cavid Babaşov narkotik vasitələrin satışı ilə məşğul olmaqda şübhəli bilindiyi üçün cari ilin may ayında Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən tutularaq istintaqa cəlb edilib.

Üzərinə baxış keçirilən zaman 206 qram narkotik vasitə heroin və elektron tərəzi aşkar edilib.

Cavid Babaşova Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə ittiham elan edilib və o, təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunaraq barəsində həbs qətimkan tədbiri seçilib. Onun əməli istintaqla tam sübuta yetirilib. Onun cinayət işi üzrə istintaq hərəkətləri sona çatıb və iş baxılması üçün məhkəməyə göndərilib”, – deyə E.Hacıyev bildirib.

KİV-də yayılan xəbərlərə görə, Cavid Sumqayıtlının Məmməd Əmin Rəsulzadə haqqında meyxanasında bu fikirlər yer alıb:

“Məmməd Əmin Rəsulzadə heykəlindən toz tökülür
Bu boyda dövlət qoyub kişi sizə…”

Təqsirləndirilən meyxanaçının ona ünvanlanan ittihamlara münasibəti, özünü təqsirli bilib-bilmədiyi məlum deyil. Onun ittiham edildiyi maddədə 5 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button