Ölkə içi

Müdafiə Nazirliyindən ermənilərə xəbərdarlıq: “Bir daha təkrarlanarsa, sərt cavab veriləcək”

Xəbər verildiyi kiki, dünən Ermənistanın müdafiə naziri Arşak Karapetyan Rusiya sülhməramlılarının müvəqqəti olaraq yerləşdirildiyi Azərbaycan ərazilərinə qanunsuz səfər edib. JAMAZ.İNFO xəbər verir ki, Azərbaycan Müdafiə Nazirliyi bununla bağlı bəyanat yayıb.

Bəyanatda deyilir ki, Ermənistan müdafiə nazirinin icazəsiz olaraq Azərbaycan ərazilərinə daxil olması, qanunsuz erməni birləşmələri ilə görüşlər keçirməsi və onların döyüş hazırlığı barədə fikirlər səsləndirməsi hərbi-siyasi təxribatdır. “Ermənistanın müdafiə nazirinin bu təhrikçi səfəri qəsdən Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Baş nazirinin 10 noyabr 2020-ci ildə imzaladıqları üçtərəfli bəyanatın ildönümü  ərəfəsində həyata keçirilmişdir. Bununla, Ermənistanın siyasi-hərbi rəhbərliyi üçtərəfli bəyanatın müddəalarını kobud şəkildə pozaraq, qəsdən regionda vəziyyətin gərginləşdirilməsi və Rusiya sülhməramlılarının fəaliyyətinə kölgə salınması məqsədini güdür”.

Nazirliyin bəyanatında bildirilir ki, Ermənistanın hərbi rəhbərliyi 44 günlük 2-ci Qarabağ müharibəsindəki total məğlubiyyətdən nəticə çıxarmaq, regionda yaranmış yeni geosiyasi vəziyyətə uyğunlaşmaq, sülhü və təhlükəsizliyi gücləndirmək əvəzinə daxili istehlak məqsədilə bu kimi ucuz hərbi avantüralara cəhd edir. “Ermənistan müdafiə nazirinin bu səfəri Ermənistanın Azərbaycan Respublikası ərazisində qanunsuz erməni hərbi birləşmələrini, aqressiv separatizmi və terror-təxribat əməllərini birbaşa dəstəkləməkdə davam etdirdiyini növbəti dəfə nümayiş etdirir. Eyni zamanda Ermənistan silahlı qüvvələrinin ünsürlərinin Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində mövcudluğu qalmaqda davam edir.  Ermənistanın müdafiə nazirinə “keçilməz Ohanyan xətti”, “yeni müharibələr yeni ərazilər” kimi utopik iddialarla çıxış etmiş sabiq həmkarlarının və digər erməni generallarının aqibətini xatırlatmaq istərdik”.

Müdafiə Nazirliyimiz Ermənistanın hərbi-siyasi rəhbərliyinə xəbərdarlıq edib. “Azərbaycan ərazilərinə bu kimi qanunsuz səfərlərin həyata keçirilməsi təkrarlandığı hallarda, Azərbaycan Respublikasının qanunlarını rəhbər tutaraq, aqressiv separatizm və terror-təxribat əməllərinin qarşısının alınması məqsədilə zəruri tədbirlər həyata keçiriləcəkdir”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button