Ölkə içi

“Şəhid xanımlarının yanında olmaq bütün müalicələrdən təsirlidir” – İctimai rəy (FOTO/VİDEO)

Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Şəhid xanımlarına psixoloji dəstək və təhsil imkanlarının yaradılması” layihəsi sona çatıb.

Layihənin məqsədi şəhid xanımlarının psixoloji dözüm və təhsil səviyyəsini yüksəltmək, bu həyata adaptasiyalarını, ictimai aktivliyini təmin etmək olub.

Layihə çərçivəsində 3 aylıq psixoloji təlim və kompüter kursları təşkil edilməklə yanaşı, 44 günlük Vətən müharibəsində şəhid qəhrəmanlarının xanımları və övladlarının iştirakı ilə “Sən şəhid xanımısan” adlı sosial çarx çəkilib.

Qaynarinfo.az layihə ilə bağlı şəhidlərimizin ailə üzvləri, ziyalılar, ictimai xadimlər arasında sorğu keçirərək onların fikirlərini öyrənib:

Azərbaycanın Milli Qəhrəmanı, şəhid Polad Həşimovun anası Səmayə Həşimova: “Ölkəmizdə şəhid xanımlarına bu kimi dəstək layihələrinin həyata keçirilməsi vacibdir. Çünki gənc xanımlardır, övlad sahibləridir. Onların bu dəstəyə ehtiyacı var. Bu kimi tədbirlərin həyata keçirilməsi asan deyil, bilirik. Övlad, həyat yoldaşı, ata itirmiş insanlardır, həssasdırlar. Amma onlarda dözüm yaratmaq, düzgün istiqamət vermək çox əhəmiyyətlidir. Belə layihələrin davamlı olması lazımdır. Şəhid ailələrini diqqətdə saxlayan, onalrın yanında olan hər kəsə “çox sağ olun” deyirəm”.

Hüquq müdafiəçisi və Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu: “44 günlük Vətən müharibəsi zamanı şanlı zəfərə gedən yolda öz canlarından keçərək şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın ailələri bizə yurd əmanətidir. O əmanətlərə sahib çıxmaq və onları göz bəbəyimiz kimi qorumaq bizim vəzifəmiz, həm də borcumuzdur. Hər bir Azərbaycan vətəndaşı şəhid ailələrinin – xanımlarının, övladlarının, valideynlərinin yenidən cəmiyyətə adaptasiya olması, sosial və mənəvi rifahının yaxşılaşdırılması, həyatlarına yenidən arzu və ümidlə davam etməsi üçün əlindən gələni əsirgəməməlidir. Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Şəhid xanımlarına psixoloji dəstək və təhsil imkanlarının yaradılması” layihəsi də bu baxımdan təqdirəlayiqdir. İstənilən halda bu insanlar psixoloji sarsıntl keçiriblər. Biz nə qədər də şəhid ailələrinə dəstək olsaq, bu, onların yaralarını sağaltmır. Bu baxımdan şəhid xanımlarına psixoloji yardım mütləqdir.

Onlar üçün təhsil imkanlarının yaradılması da zəruridir. Çünki şəhid xanımları arasında elələri var ki, bu və ya digər səbəblərdən təhsili yoxdur. İndiki dövrdə isə təhsili olmayan insanlar üçün bir sıra çətinliklər yarana bilər. Bu layihə şəhid xanımlarının həmin çətinlikləri aşmasında böyük rol oynayacaq.

Sözsüz ki, kompüter biliklərinə bələd olmaq müasir dövrün əsas iş tələblərindən biridir. Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyinin bu təşəbbüsü də şəhid xanımlarının müxtəlif iş sferalarına daha asan uyğunlaşmalarına, sosial və maddi cəhətdən heç kimdən asılı olmadan öz həyatlarını qurmalarına dəstək olmaq məqsədi daşıyır.

İnanıram ki, layihə uğurla başa çatıb və bizə Vətən əmanəti olan şəhid xanımları bütün problemlərin öhdəsindən əzmkarlıqla gələcəklər. Bu çətin və şərəfli yolda hər birimiz onların yanında olmalıyıq!”

Jurnalist Qulu Məhərrəmli: “Xüsusən biz ictimai mövqeyi olan şəxslər daha çox şəhid ailələri, şəhid xanımları, övladları ilə tez-tez ünsiyyətdə oluruq. Onlara baş çəkirik. Və ya başqa tədbirlərdə görüşürük. Təbii ki, onların sıxıntısını da, keçirdiyi ruhi sarsıntıları da görürük. Bax belə vəziyyətdə o insanlara ciddi kömək lazımdır. Ona görə hesab edirəm ki, Sevinc xanımın birliyinin irəli sürdüyü bu layihə həssaslıq və gərəklilik baxımından çox dəyərlidir. İnsanlar gəlir, toplaşır bir-biri ilə fikir mübadiləsi aparır, ünsiyyət qururlar, uşaqlarla bağlı problemlərini bölüşürlər. Təbii ki, şəhid olmuş həyat yoldaşlarının ruhunu yaşadırlar. Ona görə də onların kompüter biliklərinin olması önəmlidir. İnformasiya almaq üçün internetə girmək, bir şey yazmaq, ilkin biliklər almaq, kompüterlə işləmək lazımdır. Onlar həmçinin öyrəndiklərini övladlarına da öyrədirlər. Dünyagörüşü qazanırlar, internetə çıxış imkanı qazanırlar. Bunlar hamısı çox gərəklidir.
İkinci bir tərəfdən mən mətbuatda oxuyuram ki, on beşə yaxın şəhid xanımı kompüter biliyi əldə edib, psixoloji yardım alıb. Hesab edirəm ki, hansı vəziyyətdə necə davranmaq, övladlarıyla bağlı hansı məqamlarda incəlikləri görmək üçün yeni bir dünya, yeni ünsiyyət imkanları yaradır, necə davranmağı öyrədir. Bax, belə vəziyyətdə o insanlar hiss edirlər ki, bu cəmiyyətdə tək deyillər. İndi də bu vətənin, bu cəmiyyətin onlara belə həssas yanaşması, hesab edirəm, çox ciddi məqamdır. Bu cəmiyyətin əxlaqını ifadə edir, layihəni təşkil edən insanların həssaslığını, onların dürüst düşüncəsini, vətənpərvərliyini, insanpərvərliyini üzə çıxardır. Uğurlar arzu edirəm bu layihəyə və hesab edirəm ki, gələcəkdə belə layihələrin davam etdirilməsi çox məqsədəuyğun olardı”.
Yazıçı İlqar Rəsul: “Azərbaycan Ordusu ölkəmizin ərazi bütövlüyünün bərpası, 30 ilə yaxın müddətdə işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda gedən Vətən müharibəsində inamlı qələbə qazanaraq şanlı tarix yazdı. Xalqımızın igid övladları işğalçıya qarşı amansız davranaraq onun özü haqda yaratmış olduğu mifi darmadağın etdi, düşməni uzun müddət şokundan çıxa bilməyəcəyi ağır məğlubiyyətə uğratdı. Vətənin azadlığı, ərazi bütövlüyünün təmin edilməsi naminə apardığımız bu haqq savaşında üç minə yaxın əsgərimiz canından keçərək şəhidlik zirvəsinə yüksəldi, yüzlərlə hərbi qulluqçumuz sağlamlığını itirərək qazi oldu. Hazırda şəhid ailələrinin, qazilərin, müharibə iştirakçılarının sosial müdafiəsi, yenidən cəmiyyətə adaptasiyası dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Dövlətin xüsusi diqqət yetirdiyi bu işdən Qeyri-Hökumət Təşkilatları da kənarda qalmır, şəhid ailələri və qazilərin sosial vəziyyətinin yaxşılaşmasına mütəmadi dəstək verir, müvafiq layihələr işləyib həyata keçirirlər.

Bu baxımdan devizi “Sevgi və bilgi ilə aydın cəmiyyətə doğru”, əsas qayəsi isə qadın və uşaqları maarifləndirmək olan “Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyi” şəhid və qazi ailələrini daim diqqət mərkəzində saxlayır. Birliyin rəhbəri Sevinc Fədai öz komandası ilə vaxtaşırı olaraq şəhid xanımları və uşaqları ilə görüşlər keçirərək, onların problemlərinə həll yolu axtarmağa çalışır. Birliyin həyata keçirdiyi “Şəhid xanımlarına psixoloji dəstək və təhsil imkanlarının yaradılması” layihəsi də məhz bu məqsədi daşıyır.

“Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyi”nin bu yöndə keçirdiyi tədbirlərin iştirakçısı olmuş biri kimi belə təşəbbüsləri alqışlayıram. Ümid edirəm ki, başqa təşkilatlar da belə tədbirlərin keçirilməsində daha fəal olacaqlar. Düşünürəm ki, belə təşəbbüsləri uğurla həyata keçirmək üçün Sevinc Fədainin və onun komandasının təcrübəsindən yaralanmaq ümumi işə tövhə verə bilər”.

Şair, publisist Kamalə Abiyeva: “Fəaliyyətini izlədiyim maraqlı işləriylə yeniliklərə imza atan, cəmiyyətimizin mənəvi sağlamlığı üçün ürəklə fədailik edən Sevinc Fədainin paylaşımlarında rastladığım Qeyri-hökümət Təşkilatlarına Dövlət dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirilən “Şəhid xanımlarına psixoloji dəstək və təhsil imkanlarının yaradılması” layihəsi elə ilk gündən diqqətimi çəkdi.”Nə gözəl, nə böyük təşəbbüsdü” deyə düşündüm həmin andaca. Özüm şəhid və qazilərimiz haqda esselər yazdığımdan bu xanımlar üçün belə bir layihənin nə qədər əhəmiyyətli olduğunu bilirəm. Onların psixoloji dəstəyə, yəni yanlarında olmağımıza ehtiyacı var. Sadəcə “şəhidlərimizi unutmuruq” deməklə yox, məhz işimizlə, əməlimizlə. Arada söhbətləşmək belə onlara dəstək olur. Bir çox şəhid xanımlarının hər hansı peşəyə yiyələnməsi üçün təhsil imkanlarının yaradılması, onların işlə təmin olunması da çox önəmlidir. Bu təkcə maddi ehtiyac deyil, mənəvi ehtiyacdır. Elə xanımlar var ki, “dövlətimizin qayğısı sayəsində maddi ehtiyacımız yoxdur”-deyir, amma işləmək, dövlətimizə gərək olmaq, cəmiyyətin üzvü kimi özünü təsdiqləmək istəkləri var. Onların – bu qələbəni bizə yaşadanların yadigarlarının hamıdan çox sevinmək, rahat yaşamaq haqqı var. “Mən şəhid xanımıyam” video çarxa baxanda çox kövrək duyğular yaşadım. Bu baxımdan “Şəhid xanımlarına psixoloji dəstək və təhsil imkanlarının yaradılması” layihəsi çərçivəsində görülən işlər çox dəyərlidir. Bu işdə zəhməti olanlar alqışa layiqdir. Onların hər birinə ayrı-ayrılıqda təşəkkür edirəm. Var olun vətənsevdalılar!”

Vətən müharibəsinin şəhidi İbrahim Hüseynlinin həyat yoldaşı Surfanə Hüseynli: “Şəhid xanımlarına psixoloji dəstək və təhsil imkanlarının yaradılması” layihəsi çərçivəsində kompüter kurslarından yararlandım. Öyrənmək hər yaşda gözəldir. Mən də bu layihə sayəsində kompüter biliklərimi daha da təkmilləşdirdim, yeniliklərlə tanış oldum. Ofis proqramlarında baza biliklərimi möhkəmləndirməkdə mənə yardımçı oldunuz. Bu layihədə mənə də yer verdiyiniz üçün sizə təşəkkürümü bildirirəm.

Ege hospitalın həkimi, kardioloq, aritmoloq Günay Rəhimova: “Müharibədən sonra ürəklərinə baxdığım bir neçə şəhid həyat yoldaşı oldu. Kardiologiyada belə bir termin var- qırıq qəlb sindromu, bu diaqnoza neçə xanımda rastladım bir bilsəniz. Qırıq qəlblərə həkim olaraq dərmanlarla toxunan mən layihədən xəbər tutanda Sevinc Fədainin necə böyük iş gördüyünü anladım. Psixoloji dəstək, motivasiya, özünü yalnız hiss edən qadına “yanındayam” demək bütün müalicələrdən daha təsirlidir. Alqışlayıram, əməyinə, ürəyinə sağlıq deyirəm”.

Azərbaycannın əməkdar idman ustası, Paratekvando üzrə Azərbaycan Milli Yığmasının üzvü, dünya çempionu, Əlilliyi olan uşaq və gənclərin idmana inteqrasiyası İB-nin sədri Aynur Məmmədova: “Hesab edirəm ki, bu tip layihələr davamlı həyata keçirilməlidir. Bu hər şeydən əvvəl şəhid xanımlarında onların heç də diqqətdən kənarda qalmadığı, hər şeyin bitmədiyi qənaətini möhkəmləndirir, gələcəyə ümidlərini artırır. Xüsusilə, psixoloji təlimlərin keçirilməsi onların aldıqları travmalardan azad olması və daha inamla yaşaması, inkişaf etməsinı şərtləndirir.

Eləcədə mən butun şəhid analarına bacılarına həyatda möhkəm olmağı, övladlarnı gözəl, sağlam, ali təhsilli, savadlı bacarıqlı böyütmək üçün güclü olmağı arzu edirəm”.

Filologiya üzrə fəlsəfə doktoru İlahə Qurbanlı: “Şəhid anaları və ailələri Azərbaycan cəmiyyəti və bütövlükdə xalqı üçün sadəcə əmanət deyil, eyni zamanda milli mənəvi dəyər, daha doğrusu, dəyər ölçüsüdür deyə bilərik. Vətən müharibəsindən sonra bu kimi layihələrin əhəmiyyəti daha da artdı. Bu cür layihələrin ictimai faydası çox böyükdür. Düşünürəm ki, bu istiqamətdə gələcəkyönümlü bir çox işlər görüb, yeni layihələr hazırlamaq lazımdır. Onu da qeyd edim ki, son zamanlar məktəblilər arasında artan suisidlər göstərir ki, cəmiyyətdə mənəvi boşluq var. Yüksək amalların yerini yüksək bal toplamaq kimi absurd ideya və məqsədlər alır. Məktəblərdə təhsillə bərabər, mənəvi boşluğu doldurmaq, psixoloji dəstəyi təmin etmək üçün xüsusi kurslar, seminaralar, treninqlər təşkil olunmalıdır. Şəhid ailələri bu seminar və treninqlərin əsas aparıcı gücünə çevrilməlidir. Məktəblilərə ali dəyərlərdən bəhs etmək ilk öncə onların haqqı və missiyasıdır. Məktəblərdə psixoloji dəstək məqsədi ilə məktəbli valideynləri də işə cəlb olunmalı və onların da şəhid ailələrindən alacaqları dəstək və ekstremal situasiyalarda səbirli və məntiqli davranma məsləhətləri real olaraq təsiredici gücə malik ola bilər”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button