Ölkə içi

“Spayder” sözünü lüğətə kim daxil edib? – Sədr qızı… (AÇIQLAMA)

Tanınmış jurnalist Qulu Məhərrəmli Azərbaycan dilinin sonuncu orfoqrafiya lüğətindən “hörümçək” sözünün çıxarıldığını, əvəzində lüğətə “spayder” sözünün salındığını bildirib. Bu ciddi müzakirələrə səbəb olub.
Qaynarinfo “hörümçək” sözünü lüğətdə “spayder”lə əvəzləyən şəxsin kimliyini araşdırıb.
Əvvəlcə lüğətin elmi redaktoru, AMEA-nın həqiqi üzvü Möhsün Nağısoylu məsələyə münasibət bildirdi:
“Kitabda 90 min söz var. Hansısa bir səhvin getməsi faciə deyil. Burda nə var ki? “Hörümçək” Azərbaycan dilinin ən qədim sözüdür. Bu sözün lüğətə salınmaması səhvdir. “Spayder” sözünü lüğətə əlavə edən Ləman Qasımlı bunu da etməli idi. Əgər “hörümçəyəbənzər”, “hörümçəyəoxşar” sözü var idisə, “hörümçək” də olmalı idi”.
Lüğətin məsul redaktoru İsmayıl Məmmədli əvvəlcə kitabda “hörümçək” sözünün olduğunu bildirdi. Bir neçə dəqiqə apardığı araşdırmadan sonra isə olmadığını görüb bunları dedi:
“Bu necə yoxdur? Belə şey olar? Mən bu kitabın redaktoruyam. Düzgün etməyiblər. Növbəti lüğətdə “hörümçək” sözü əlavə ediləcək. Buna terminalogiya komitəsi baxmalı idi”.
Lüğətə “spayder” sözünü əlavə edən Ləman Qasımlı məsələyə belə münasibət bildirdi:
“Mənim bu müzakirələrdən xəbərim yoxdur. “Hörümçək” sözü lüğətdən çıxa bilməzdi. “H” hərfinin müəllifi mən deyiləm. Bu hərflə başlayan sözləri başqa adam tərtib etmişdi. Bu texniki səhv ola bilər. Söz çıxmamalı idi. “Spayder” sözünü lüğətə ona görə əlavə etmişəm ki, ölkəmizdə də məlum cizgi filmi qəhramanına görə çox işlək hal alıb. Bu xüsusən uşaqlar arasında işlək sözdür. Ona görə bu sözü lüğətə saldım”.
Qeyd edək ki, Ləman Qasımlı Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlının qızıdır.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button