Ölkə içi

Toyvo Klaarın Azərbaycan, Gürcüstan və Ermənistana səfərinin məqsədi nədir?

“Aİ rəsmisi Bakı ilə İrəvan arasında vasitəçi rolunda çıxış etmək niyyətilə bağlı tərəflərin mövqeyini öyrənmək üçün gəlir”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Elşən Mirzəoğlu Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaarın Azərbaycan, Gürcüstan və Ermənistana səfər edəcəyilə bağlı özünün Twitter səhifəsində verdiyi məlumata münasibət bildirərkən deyib:
“Bu günlərdə Avropa İttifaqı bəyan etdi ki, qurum Bakı ilə İrəvan arasında danışıqlarda vasitəçi qismində çıxış etməyə hazırdır. Azərbaycan Prezidenti də bəyan etmişdi ki, bu məsələdə Aİ-nin vasitəçiliyini qəbul edir və onun vasitəçiliyi ilə danışıqlara getməyə hazırdır. Hələlik bu məsələyə Ermənistan rəsmiləri heç bir mövqe bildirməyib. Bu mənada güman ki, qurum rəsmisi bölgəyə səfəri çərçivəsində Bakı ilə İrəvanın vasitəçilik məsələsinə növbəti dəfə münasibətlərini öyrənməyə çalışacaq”.
Politoloq onu da bildirir ki, Aİ rəsmisinin Cənubi Qafqaz ölkələrinə gözlənilən səfəri bölgədə yaranan yeni geosiyasi reallıqlar baxımından anlaşılandır:
“Sevindirici haldır ki, son vaxtlar Aİ-nin Azərbaycanla Ermənistan arasında olan münaqişəyə münasibətində beynəlxalq hüquq əsas götürülür. Azərbaycan ərazilərinin minalardan təmizlənməsi məsələsində də Aİ Bakının haqlı mövqedə olduğunu və Ermənistanın mina xəritələrini ölkəmizə verilməsilə bağlı məsələdə beynəlxalq qanunvericiliyə görə məsuliyyət daşıdığını bəyan etdi. Azərbaycan Aİ ölkələrinin enerji təhlükəsizliyində mühüm rol oynayır. Bu baxımdan Aİ-nin Azərbaycanla münasibətə xüsusi sayğı və hörmətlə yanaşması da anlaşılandır. Azərbaycan Avropa üçün mühüm geostrateji əhəmiyyət kəsb edən nəqliyyat-kommunikasiya yolu üzərində yerləşir. Ona görə də bölgədə stabillik və təhlükəsizliyin təmin olunması, münaqişə tərəfləri arasında böyük sülh sazişi şərtlərinin müəyyən edilməsi məsələsində də Aİ-nin mövqeyi başa düşüləndir”.
Həmsöhbətimiz Aİ ilə Bakı arasında bəzi narazı məqamların olduğunu da dedi:
“Etiraf edək ki, Aİ-nin son zamanlar Bakı ilə İrəvan arasındakı münasinətlərə yanaşmasında ölkəmizi narazı salan məqamlar da vardır. Aİ-nin rəsmi nümayəndəsinin iki ay öncə Bakı və İrəvana səfərindən sonra məlum oldu ki, qurum Ermənistana 2,6 milyard avro kredit ayırmağa hazır olsa da, ölkəmizə münasibətdə belə bir mövqe sərgiləməyib.
Hər halda, görünən odur ki, bölgədə yaranan yeni geosiyasi reallıqlar fonunda Aİ özünün region dövlətləriylə münasibətinə yeni ştrix və münasibətlər gətirməyə çalışır”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button