Siyasət

ABŞ-dan 907-ci düzəlişlə bağlı qərar

Dövlət Departamentinin Federal Reyestrin son buraxılışında dərc edilmiş bildirişində deyilir ki, ABŞ Azadlığa Dəstək Qanununun Azərbaycana yardımla bağlı 907-ci maddəsinin tətbiqindən imtina müddətini uzadıb. Xəbəri “Turan”-ın Vaşinqton müxbiri verib.

Rəsmi hesabatlara əsasən, ABŞ-ın Azərbaycana istənilən birbaşa yardımını qadağan edən 907-ci düzəlişin dondurulmasına rəsmi icazə dövlət katibinin idarəetmə məsələləri və resurslar üzrə müavini Brayan MakKeon tərəfindən imzalanıb.

“Azadlığa Dəstək Qanununa 907-ci düzəlişdən imtinanın uzadılması və Azərbaycan hökumətinə yardımın davam etdirilməsi.

Bununla Azadlığa Dəstək Qanununa Azərbaycanla bağlı 907-ci düzəlişdən imtina müddətinin uzadıldığını müəyyən və təsdiq edirəm: 

* Bu, ABŞ-ın beynəlxalq terrorçuluğa qarşı mübarizə səylərinə dəstək üçün zəruridir və ya

* Beynəlxalq terrorçuluğa qarşı mübarizədə ABŞ-ın və ya koalisiyaya daxil olan tərəfdaşlarının silahlı qüvvələrinin əməliyyat hazırlığına dəstək üçün zəruridir və ya

* Azərbaycanın sərhədlərinin təhlükəsizliyi üçün böyük əhəmiyyət kəsb edir, həmçinin

* Ermənistan və Azərbaycan arasında davam edən dinc nizamlanma cəhdlərini pozmur və onlara mane olmur, yaxud Ermənistana qarşı hücum üçün istifadə olunmur”.

21 iyun 2022-ci il.

Brayan P.MakKeon,

Dövlət katibinin idarəetmə məsələləri və resurslar üzrə müavini.

ABŞ Konqresi Azadlığa Dəstək Qanununa 907-ci düzəlişi 1992-ci ildə Dağlıq Qarabağ münaqişəsi zamanı qəbul edib. 2001-ci il sentyabrın 11-dən sonra Konqres prezidentə 907-ci düzəlişə riayət etməkdən imtina hüququ verən xarici əməliyyatlar üçün ayrılan yardımlar haqqında qanun qəbul edib və ABŞ-ın bütün sonrakı administrasiyaları bununla razılaşıblar.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button