Siyasət

Azərbaycanla Ermənistan sərhədlərlə bağlı sənəd imzalayacaq? – “Buna artıq Paşinyan da etiraz etmir”

“Paşinyan başa düşür ki, müharibədən sonra yaranan geopolitik vəziyyəti dəyişmək mümkün deyil. O zənn edirdi ki, İranın köməyilə bu məsələləri bir az uzada bilər. Amma gözlənilən dəstək İrandan da gəlməyəndən sonra Ermənistan sülh sazişini bağlamağa daha adekvat yanaşacaq”.

Bu sözləri “Toplum TV”-yə açıqlamasında Milli Məclisin deputatı Razi Nurullayev deyib. O, noyabrın ilk on günlüyündə Moskvada keçirilməsi ehtimal edilən Ermənistan, Azərbaycan və Rusiya üçtərəfli görüşünü belə şərh edib. Görüşün keçirilməsi ilə bağlı ehtimalı “RİA Novosti” agentliyi yayıb. Danışıqların yekunları ilə bağlı üçtərəfli bəyanatın da imzalanacağı iddia edilib. “Bəli, belə bir görüşün keçirilməsi gözlənilir. Təxminən 8-9 noyabr tarixlərində, Moskvada”, – deyə agentliyin diplomatik mənbəsi bildirib.

Ermənistan mətbuatında və sosial mediada yayılan iddialara görə isə, üçtərəfli görüşdə iki maddəli sənəd imzalanacaq. Birinci maddə Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası və demarkasiyasına aid olacaq.  İkinci maddənin isə bölgədə nəqliyyat kommunikasiyalarının açılmasına aid  olacağı deyilir.

“Buna artıq Ermənistanın Baş naziri Nikol Paşinyan da etiraz etmir”

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Elxan Şahinoğlunun sözlərinə görə, “RİA Novosti” Rusiya hökumətinə bağlı informasiya agentliyidir və ona görə də liderlərin noyabrın 8-i və ya 9-da görüşməsi ehtimalı yüksəkdir: “Azərbaycan prezidenti hər iki sənədi imzalamağa hazırdır. Sərhədlərin müəyyənləşməsi və kommunikasiya xətlərinin açılması Azərbaycanın maraqlarına uyğundur. Buna artıq Ermənistanın Baş naziri Nikol Paşinyan da etiraz etmir. O, son açıqlamasında Naxçıvanla Azərbaycanın materik hissəsini birləşdirən nəqliyyat yollarının açılmasının mümkünlüyünü bildirib. Yəni Paşinyan erməni cəmiyyətini buna hazırlayıb. Rusiya Prezidenti Vladimir Putin də Naxçıvana uzanan kommunikasiya xətlərinin açılması zərurətini Valdaydakı müzakirələrdə səsləndirib”.

Elxan Şahinoğlu – Açıq mənbələrdən götürülüb

Razi Nurullayev isə hesab edir ki, imzalanması gözlənilən sənəd ilkin variantdır: “Bu sadəcə olaraq, iki ölkə arasında sərhədlərin delimitasiyası ilə bağlı müəyyən və hələ ki, qaranlıq olmayan məsələlərlə bağlı bir addım olacaq. Ama bu sənədin də sərhəd problemlərini həll etməsi gözlənilən deyil. Çünki orada xeyli eksklav və anklav məsələləri var, onlar müzakirə edilib sonda bu sənəd imzalanmalıdır. Ümumilikdə, fikrimcə, bu, niyyət protokolu sənədi ola bilər”.

Keçmiş diplomat, Azərbaycanın Niderlanddakı səfirliyinin keçmiş konsulu Nahid Cəfərov Ermənistanın Azərbaycan sərhədlərini tanımasından danışmağın hələ tez olduğunu deyir:

“Bunu çətinləşdirən ən əsas məqam Rusiya faktorudur. Yəni həm İlham Əliyev, həm də Nikol Paşinyan iki müstəqil və yalnız təmsil etdikləri dövlətlərin milli maraqlarını güdən siyasi rəhbərlər deyillər”.

Onun sözlərinə görə, sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı məsələlər Rusiyanın Azərbaycana və Ermənistan rəhbərlərinə təzyiqindən asılı olacaq.

Nahid Cəfərov – Sosial Media

Artıq Ermənistan cəmiyyətində ehtimal olunan görüşlə bağlı reaksiyalar da var. Ermənistan parlamentində “Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında təmas xəttində vəziyyət və sərhədlərin müəyyən edilməsi məsələləri” mövzusunda qapalı müzakirələr keçirilib. Ermənistan XİN rəhbəri Ararat Mirzoyan isə hazırda N.Paşinyanla İ.Əliyev arasında noyabrın 9-na görüş təyin edilmədiyini vurğulayıb: “Bu formatda görüşlər hazırda planlaşdırılmayıb. Eyni zamanda, müxtəlif formatlardakı görüşlərlə bağlı təkliflər müntəzəm olaraq müzakirə olunur”.

Ermənistan müxalifəti isə “hökumətin yeni güzəştlər” etməsinə imkan verməmək üçün kütləvi etiraz aksiyalarına başlayacağını bəyan edib. “Daşnaksütun” partiyasının lideri, “Hayastan” blokundan deputat İşxan Saqatelyan bildirib ki, aksiyaların keçirilməsində məqsəd “yeni kapitulyasiyanın və Ermənistanın türkləşməsinin qarşısını almaqdır”.

Deputat Razi Nurullayevin sözlərinə görə, Ermənistan müxalifətinin hökuməti Azərbaycanla sazişdən daşındırmaq barədə tələbləri adekvat deyil. Onun qənaətincə, bu, erməni cəmiyyəti üçün çox  təhlükəli ola bilər: “Amma onlar da gözəl başa düşür ki, hazırki hökumət getsə, bu Azərbaycanın əlini-qolunu daha da aça bilər. Onlar sazişdən boyun qaçırsalar, Azərbaycan daha geniş əməliyyatlar aparıb, daha geniş iddialar ortaya qoya bilər. Hesab edirəm ki, Ermənistan cəmiyyəti də müxalifətə ciddi dəstək verməyəcək. Paşinyan da bunu bilir və daha adekvat addımlar atmağa meyl edir”.

Razi Nurullayev – Rəsmi səhifə

Nahid Cəfərov Ermənistandakı proseslərin Paşinyanın mövqeyinə ciddi təsir göstərməyəcəyi qənaətindədir: “Əgər Paşinyan bu məsələni Rusiya ilə razılaşdırıbsa, o zaman, məncə, öz hakimiyyətinin təhlükəsizliyinin təminatını da Rusiyadan alıb. Biz bunu hətta İlham Əliyevin Paşinyanla bağlı dəyişən ritorikasından da hiss edə bilərik. İlham Əliyevin əvvəlki ritorikası Paşinyanın alçaldılmasına hesablanmışdısa, indi o, sanki onu müdafiə edir. Qarabağ müharibəsindəki məğlubiyyəti də İlham Əliyev Serj Sarkisyanın – Paşinyanın ən böyük düşməninin ayağına yazdı və Sarkisyanı alçaltmağa çalışdı”.

Sərhədlər Vladimir Putinin nəzərdə tutduğu xəritələrlə müəyyən ediləcək?

Nikol Paşinyan oktyabrın 27-də Ermənistan Milli Assambleyasının iclasında Ermənistan və Azərbaycanın sərhədlərinin Rusiya Prezidenti Vladimir Putinin dediyi xəritələr əsasında müəyyən ediləcəyini istisna etməyib və bunun hüquqi əsaslarının olduğunu bildirib.

E.Şahinoğlu düşünür ki, Kreml görüşü İkinci Qarabağ müharibəsinin bitməsinin bir ilinin tamamında keçirməyi planlaşdırır: “Bununla Kreml həm ətrafa mesaj göndərir ki, “proses Kremlin nəzarətindədir”, həm də demək istəyir ki, “məsələni həll edə biləcək tək ölkə Rusiyadır”. Təsadüfi deyil ki, Rusiya prezidenti Vladimir Putin bir neçə gün əvvəl “Valday” diskussiya klubunun iclasında Azərbaycanla Ermənistan arasındakı sərhəd probleminin həllində vasitəçi ola biləcək yeganə ölkənin Rusiyanın olduğunu vurğulayıb”.

R.Nurullayev isə Rusiyanın hazırda Ermənistanla Azərbaycanın münasibətlərinin normallaşmasında maraqlı olduğuna əmin olduğunu bildirir: “Rusiya demək olar ki, bütün dünya ilə savaşır, bütün cəbhələrdə problemlərlə üzləşir. O, Cənubi Qafqazda da çətinliklərlə üzləşmək istəmədiyindən, hesab edirəm ki, Türkiyə ilə də bir sıra məsələlərdə siyasi uzlaşma tapdığına görə sərhədlərin müəyyənləşməsində maraqlıdır. Rəsmi Moskva tərəfindən bu məsələlərdə tərəflərə müəyyən təzyiq olmasa da, hər halda tövsiyələr var”.

Tərəflərin bir-birinin sərhədlərini qarşılıqlı tanımasının Rusiyanın maraqlarına uyğun olmadığını deyən  N.Cəfərov  bu baş verərsə, rus qoşunlarının hüquqi müstəvidə taleyinin Azərbaycanın əlində olacağını vurğulayır. O həmçinin qeyd edir ki, iki qonşu dövlət arasındakı düşmənçilik onları Rusiyanın vassalına çevirir.

“Əgər sərhədlər tanınacaqsa, Azərbaycan Ermənistana qarşı düşmənçilik kampaniyasını dayandırmalı, kommunikasiyaların və iki millət arasındakı dostluq münasibətlərinin bərpa olunmasına çalışmalıdır”, – deyə keçmiş diplomat qeyd edib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button