Siyasət

Britaniya niyə üzr istəmir?

“Hansı ölkədə yerləşməsindən asılı olmayaraq, səfirliklər ciddi şəkildə qorunmalıdır. Ölkələr öz ərazisində fəaliyyət göstərən diplomatik nümayəndəliklərin təhlükəsizliyinin təmin edilməsi öhdəliyini öz üzərinə götürür. Səfirliklərin təhlükəsizliyinin qorunmasının hüquqi əsası 1961-ci ildə qəbul olunmuş “Diplomatik əlaqələr haqqında” Vyana konvensiyasına söykənir. Beynəlxalq hüquq normalarına uyğun olan sənədə bütün dövlətlər əməl etməlidirlər”. Bunu Modern.az-a politoloq, keçmiş diplomat Fikrət Sadıqov radikal dini qrup üzvlərinin Azərbaycanın Londondakı səfirliyinə hücumdan danışarkən deyib.

Onun sözlərinə görə, Avropa ölkəsində Azərbaycan səfirliyinə belə asanlıqla hücum edilməsi təəccüb doğurur: “Mən təsəvvür edə bilmirəm ki, Böyük Britaniyanın Bakıdakı səfirliyinə kimsə daxil ola bilər, heç yaxınından belə keçə bilməz. Orada bir neçə mərhələdə mühafizə dəstəsi dayanır. Ona görə də, məndə belə bir sual yaranır, necə ola bilər ki, Londonun mərkəzində yerləşən Azərbaycan səfirliyinə belə asanlıqla hücum olur, bayrağımız çıxarılır, eyvana qalxaraq şüarlar səsləndirirlər. Bu hadisə fantastik uydurmalara oxşayır.  Diplomatiya tarixində belə presedenti yadıma sala bilmirəm”.

Sabiq diplomatın fikrincə, hadisə ilə əlaqədar ilk növbədə Böyük Britaniya polisi sorğulanmalıdır, onlar insidentə aydınlıq gətirməlidirlər: “Hadisənin səbəbkarı məhz onlardır. Çünki belə şəraiti onlar yaradıblar. Düzdür, London polisi hadisəni pisləyib, ancaq pisləmək üzr istəmək mənasına gəlmir. Əgər onlar bunun düzgün hərəkət olmadığını qəbul edirlərsə, ilk növbədə Azərbaycan hökumətindən və xalqından üzr istəməlidirlər. Təhlükəsizlik tədbirlərinə gəlincə, Azərbaycanda ABŞ səfirliyinin bir neçə mərhələdə qoruyucu strukturu var. Bura daxil olmaq üçün gərək bir neçə mərhələdən keçəsən. Orada müxtəlif yoxlama qurğuları mövcuddur. Ancaq Londonda günün günorta çağı bizim səfirliyə belə asanlıqla daxil ola biliblər. Britaniya səfirliyin təhlükəsizliyini təmin etməliydi, ancaq bunu edə bilmədi, yaxud da özləri etmədilər”.

F.Sadıqov oxşar hadisənin yalnız Yaxın Şərq ölkələrində baş verə biləcəyini vurğulayıb: “Bəzi hallarda, xüsusilə də Yaxın Şərq ölkələrində qaynar nöqtələrdə səfirliyi olan dövlətlər əlavə olaraq öz əsgərlərini də göndərirlər ki, təhlükəsiziliyini təmin edə bilsinlər. Ancaq belə hal yalnız Yaxın Şərq ölkələrindəki qaynar nöqtələrdə olur, Londonda yox. Londonda belə hadisə baş verə bilməzdi. Bu səbəbdən səfirliyimizə hücum böyük sual doğurur. Soruşa bilərik ki, hadisə vaxtı polislər haradaydılar? Səfirliyin qorucu dəstəsi harada gizlənmişdi, polislər niyə dərhal gəlmədilər? Bu sualların cavabları hələ də açıq qalır. Eyni zamanda maraqlıdır ki, Böyük Britaniya Azərbaycandan niyə üzr istəmədi? Bütün bunları təhlil edərkən adam düşünür ki, bəlkə də, bunun arxasında hansısa qüvvələr var. Həmin qüvvəllər kiminləsə razılaşıb. Kimlərsə bundan yararlanmaq istəyib. Ancaq birmənalı şəkildə deyə bilərəm ki, səfirliyimizə hücum təsadüfi bir hadisə deyil”.

Xatırladaq ki, avqustun 4-də Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyi bir qrup radikal dini dəstənin hücumuna məruz qalıb. Səfirliyin binasına daxil olaraq, vandalizm aktı törədən qrup üzvləri binanın eyvanında dini bayraqlar qaldırıb və radikal dini şüarlar səsləndiriblər. Yerli polisin müdaxiləsindən sonra qrup üzvləri binadan çıxarılıb. Hücumla əlaqədar 8 nəfər saxlanılıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button