Siyasət

İran Ermənistanı Azərbaycanla müharibəyə hazırlayır? – Ekspert

“İranın Ermənistandan Azərbaycana qarşı güc kimi istifadə etməyə qüdrəti və qabiliyyəti yoxdur”.
Bunu Qaynarinfo-ya açıqlamasında “Orta Doğu” Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan “Caliber” hərbi analitik layihəsinin İranın Ermənistanla hərbi sahədə əməkdaşlığı daha da genişləndirməklə İrəvanı Azərbaycanla yeni müharibəyə hazırladığı barədə iddiasına münasibət bildirərkən deyib. Həmsöhbətimizin fikrincə, belə bir yanaşma sadəcə, hansısa bir müəllifin mülahizəsidir:
“Əslində isə, İranın Ermənistanı Azərbaycana qarşı müharibəyə hazırlaması ilə bağlı hər hansı bir fəaliyyət müşahidə olunmur. Ermənistanı müharibəyə hazırlamaq üçün öncə onun ordusunu qurmaq lazımdır. Buna isə külli miqdarda vəsait lazımdır. Ermənistan gələn il üçün dövlət büdcəsindən hərbi xərclərə 700 milyon dollar pul ayırıb. Tehranın isə Ermənistan ordusunu qurmaq üçün bu qədər pulu yoxdur. İranın pulu varsa, gedib ölkədə müəllimlərin, fəhlələrin maaşlarını versin. Gorus-Qafan yolunu çəkib başa çatdırsın”.
Ekspert bildirir ki, belə bir versiyanın baş tutması indiki şəraitdə, ümumiyyətlə, ağlabatan deyil:
“Ümumiyyətlə, İranın Ermənistandan Azərbaycana qarşı güc kimi istifadə etməyə qüdrəti və qabiliyyəti yoxdur. İran bu tip məsələlərdə adətən İslam faktorundan istifadə edir. Məsələn, “Hizbullah”ı, İraqda SEPAH-ın “Qüds” qolunu, Yəməndə Husiləri hazırlayır. Ermənini hansı əsasla Azərbaycana qarşı hazırlayacaq? Odur ki, belə bir versiya inandırıcı və ağlabatan deyil, xüsusən də indiki şəraitdə”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button