Siyasət

Paşinyanın “Qarabağı tanımaq müharibə gətirir” sözlərinin açması nədir? – Politoloq şərh edir

Ötən gün seçiciləri ilə görüşdə Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanın Qarabağın “müstəqilliyini” tanımasına dair bəyanatların təhlükəli və müharibəyə səbəb olduğunu bəyan edib. JAMAZ.İNFO xəbər verir ki, baş nazirin açıqlamasında həmçinin o da vurğulanır ki, bundan sonrakı mərhələdə kifayət qədər diqqətli olmasalar, yeni hərbi əməliyyatlar və ya toqquşmalar qaçılmaz olacaq.

Məsələ ilə bağlı danışan politoloq Asif Nərimanlı bildirib ki, Nikol Paşinyan seçkidən öncə verdiyi bu açıqlama ilə erməni cəmiyyətinə iki məsələni izah etmək istəyir: “Birincisi, o, “Qarabağ” vədləri ilə erməni seçicilərin dəstəyini qazanmaq istəyən opponentlərinin yalan danışdığını göstərir. İkincisi isə deməyə çalışır ki, əgər ermənilər yeni müharibə istəyirsə, Ermənistan Qarabağı tanıya bilər. Və bununla Qarabağın “müstəqilliyinin” tanınmasının mümkün olmadığını göstərir”.

Politoloq hesab edir ki, bu, Ermənistanda hakimiyyətin sərhəd hadisələrindən sonra Qarabağda yaranmış reallığı tədicən qəbul etməsi kimi də başa düşülə bilər. Onun sözlərinə görə, Paşinyan bununla bölgədə maraqları olan qüvvələrə revanşizmə getməyəcəyinin də mesajını verir. “Hesab edirəm ki, Ermənistanda seçkidən sonra iki məsələ aktuallaşa bilər. Birincisi, sərhədlərin müəyyənləşməsidir ki, bu, bir qədər uzana bilər. İkincisi isə Qarabağdakı erməni qoşunlarının çıxarılmasıdır. Diqqətin sərhəddə yənəldiyi vaxt, Bakının əsas tələblərindən biri üçtərəfli razılaşmanın bununla bağlı bəndinin icra edilməsi olacaq.

Əks təqdirdə güc tətbiqi masaya gətirilə bilər. Şuşa Bəyannaməni bu məsələdə Bakının əlini xüsusilə gücləndirdi. Bu kontekstdə erməni hərbi ekspertin dedikləri diqqət çəkir: “Bir müddət sonra Ermənistan ordusu Xankəndidən könüllü şəkildə çıxmaqdan imtina etsə, Azərbaycan Silahlı Qüvvələri yeni hərbi əməliyyata başlaya bilər”. Ssenari məlumdur”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button