Siyasət

“Xalqımız hürriyyət havasına təşnədir” – Rəşad Bakuvi

“Ölkəmizi xarici düşmənlər qarşısında daha qüdrətli etmək üçün, keçmişdə buraxılan nöqsanları, çatışmamazlıqları təkrarlamamaq və daxili ictimai-siyasi həyatda, dövlət idarəetmə sistemində, dövlətçilik ənənələrinin yaradılmasında, azad, demokratik, hüquqi ölkə quruculuğunda ciddi,  fundamental dəyişiklikləri zəruri edir”. Bu barədə JAMAZ.info-ya Yüksəliş Partiyasının başqan müavini Rəşad Bakuvi bildirib.

O qeyd edib ki,  44 günlük müharibədə ətrafımızı saran düşmənlərin sıradan düşmən olmadıqlarına bir daha əmin olduq: “Ona görə də hesab edirəm ki, əldə etdiyimiz tarixi zəfər bizə imkan yaradır ki, ölkənin bütün vacib sferalarında yeni mərhələnin başlandığını elan etməklə, ölkə qarşısında duran yeni tələbləri həll edək. Bir yandan, ölkəni zəif salan, ona ciddi ictimai-siyasi, sosial-iqtisadi problemlər yaradan nöqsanlı yerlər aradan qaldırılmalı, dinc və sabitlik şəraitində geniş praktiki əhəmiyyəti və səmərəsi olan islahatlar həyata keçirilməli, ölkənin beynəlxalq imicinə çox böyük zərbə vuran azadlıqların məhdudlaşdırılması, hüquqi nihilizm, siyasi məhbus problemi həll edilməli, o cümlədən korrupsiya ilə şiddətli mübarizə aparılmalı, digər yandan isə, işğaldan azad edilmiş ərazilərimizdə böyük tikinti-quruculuq və bərpa işləri, sürətli məskunlaşma aparmalı, Vətən Müharibəsində qazandığımız hərbi zəfəri beynəlxalq müstəvidə diplomatik uğura və bölgədə qalıcı sülhə çevirməliyik”.

Rəşad Bakuvi bildirib ki, bütün bu çoxşaxəli istiqamətlər üzrə əldə olunacaq müvəffəqiyyətlər siyasi hakimiyyətdən böyük iş, peşəkarlıq və ciddi məsuliyyət tələb etdiyi kimi, müxalifətin də üzərinə ciddi öhdəliklər qoyur. “Elə buna görə də qarşıdakı mərhələdə iqtidarla müxalifətin praktiki səmərə verən dialoquna, milli maraqlar ətrafında sıx birləşməsinə və ortaq qərarlar almasına çox böyük ehtiyac var.

Müharibədən əvvəl müxalifət partiyalarıyla başlanan dialoq prosesi, məhz həqiqi milli birliyə nail olmaq və birgə sürətli islahatlar həyata keçirilməsi istiqamətində ortaq nöqtələr tapmaqla Vətənimiz Azərbaycanımızı ədalətlə idarə olunan inkişaf etmiş bir dövlətə çevirməyin  mümkünlüyünə əminlik yaradıb.

44 gün ərzində qazandığımız böyük zəfərləri əbədi etmək üçün bu gün xalqımız hürriyyət havasını tənəffüs etməyə bir təşnədir”.

JAMAZ.info

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button