Siyasət

Zəngəzurdan keçərək Naxçıvana gedən yol bu vaxt reallaşa bilər – Politoloq

“Kommunikasiyaların açılması barədə hər iki tərəfdən səslənən fikirlərin reallaşması ən yaxşı halda iki ildən sonra mümkün ola bilər. Çünki İrəvan iki il sonra əldə edəcəyi pula görə hələlik məsələ ətrafında naz-qoz edir”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə son zamanlar Azərbaycan və Ermənistanda ən yüksək səviyyələrdə iki ölkəni birləşdirən yolların, kommunikasiyaların açılması vacibliyindən danışılmasına baxmayaraq, prosesin hələ ki, reallaşmamasının səbəbindən danışarkən deyib:
“Nəzərdə tutulur ki, sovet dövrü tikilən və Mehridən, Sünikdən, Zəngəzurdan keçərək Naxçıvana gedən dəmir yolu ilə şose yolu bərpa olunmalıdır. Lakin həmin yol dağıdılıb. 27 illik işğal dövründə Qarabağdakı ermənilər 137 km-lik uzunluğunda olan dəmir yolunu tamamilə söküb, İrana satıblar. Həmin yolu yenidən tikmək üçün 150-200 milyon manat vəsait lazımdır. Azərbaycan bu pulu ayırıb və Horadizdən başlayaraq Ermənistan sərhədinə qədər olan yolun çəkilişinə başlanılıb. Yolun tam bərpası üçün belədə 1,5-2 ilə qədər vaxt lazımdır.
Deməli, kommunikasiyaların açılması barədə hər iki tərəfdən səslənən fikirlərin reallaşması ən yaxşı halda iki ildən sonra həyata keçə bilər. Ermənistandan Naxçıvana doğru gedən dəmir yolu da dağıdılıb. Yolun bir hissəsi də suyun altında qalıb. Ermənistanın dəmir yolu Cənubi Rusiya dəmir yolu şirkətinə icarəyə verilib. Mincivandan Naxçıvana qədər olan 43 km-lik bu yolu Rusiya çəkməlidir. Hələ ki, çəkilməyib. Bundan əlavə, şose yolu da çəkilməlidir. Belədə, indilikdə yol yoxdur, sadəcə prinsipial razılıq var”.
 
Digər tərəfdən, həmsöhbətimiz bildirir ki, yolun statusunun necə olacağı məsələsi də hələlik tam aydınlaşmayıb:
“Ermənistanın cənub sərhədləri Rusiyanın sərhəd qoşunları tərəfindən qorunur. Üçtərəfli bəyanatda vurğulanıb ki, həmin yol açılanda onun təhlükəsizliyinə təminatı Rusiyanın sərhəd qoşunları verəcək. Amma Ermənistan bu zaman maliyyə qazancı əldə etmək üçün öz ərazisindən keçən yükləri yoxlamaq və tranzit haqqı almaq hüququndan istifadə etmək istəyir. Bakı isə bildirir ki, ermənilərin Xankəndinə getməsi üçün keçdikləri və rus sülhməramlıların qoruduğu Laçın dəhlizində Azərbaycan sərhədçiləri və kömrükçüləri yoxdur. Bu səbəbdən İrəvan da Mincivan-Naxçıvan yolunu dəhliz olaraq verməlidir.
Görünən odur ki, İrəvan iki il sonra əldə edəcəyi pula görə hələlik məsələ ətrafında naz-qoz edir. İrəvanda qatara minən ermənilər həm də Azərbaycandan keçərək Rusiyaya getməlidir. Bu yolun uzunluğu isə 400 km-dir. Belədə, yolun uzunluğuna görə, ermənilər də tranzit haqqı verməyə başlasa, bu onlara baha başa gələcək. Bu sadə həqiqətləri anlamaq üçün erməni siyasi dairələrinin savadı çatsa da, erməni xalqının savadı çatmır”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button