Siyasət

Zərdüşt Əlizadə: “Rusiyanı yalnız Ukrayna ordusunun zəfəri dayandıra bilər”

“Sanksiyalar Rusiyanı Ukraynaya qarşı aqressiyadan çəkindirməyəcək. Onu yalnız döyüş meydanında Ukrayna ordusunun zəfəri dayandıra biləcək”. Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə ABŞ Prezidenti Co Bayden tərəfindən imzalanan Rusiyadan enerji idxalını qadağan edən, habelə Moskva və Minsk ilə normal ticari münasibətlərin dayandırılmasını nəzərdə tutan qanunu şərh edərkən deyib.
“Baydenin bu qərarında heç bir qəribəlik yoxdur. Rusiyanın Ukraynaya hücumundan sonra Qərb dövlətlərinin Moskvaya qarşı sanksiyalar fonunda atdığı addımdır qərarıdır. Bundan əvvəl də ABŞ 18 milyard dollarlıq rus qazı və ağır neftin alınmasına qadağa qoyub. Bu istiqamətdə fəaliyyətlərini Qərb indi də davam etdirir ki, Rusiya Ukraynaya qarşı təcavüzə son versin”, deyə politoloq bildirib.
Ekspertə görə, mövcud vəziyyətdə Rusiya qadağaların təsirindən qurtulmaq üçün müxtəlif yollara baş vuracaq: “Bununla belə, aydın məsələdir ki, həmin sanksiyalar fonunda Rusiya böyük iqtisadi itkilərə məruz qalacaq. Amma qaz idxalından imtina sahəsində Qərbdə vahid mövqe yoxdur. Almaniya, Avstriya hələlik rus qazından imtina etməyi düşünmür. Onlar rus qazı olmadan yaşaya bilməyəcəklərini bəyan edirlər. Amma Berlin rus kömründən imtina etdi. Böyük Britaniya isə Rusiya ilə yeni müqavilələrin imzalanmasını dayandırır, Rusiyadan daha heç nə almayacaq. Bu müstəvidə Rusiya karbohidrlogen ehtiyatlarını satmaq üçün müxtəlif yollar axtarır. İrana qarşı da 39 il ərzində ciddi sanksiyalar qoyuldu. Bu ölkə də ciddi problemlərlə üzləşdi. Öz məhsulunu dünya qiymətindən dəfələrlə aşağı qiymətə satmalı oldu. Yəqin Rusiya da eyni addımları ataraq, itkiləri bacardığı qədər azaltmağa çalışacaq”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button