Sosial

Ağsuda işıq qalmaqalı

“Ağsu rayonunda işıq sistemi tamam çöküb. Rayon mərkəzinin özündə düz-əməlli işıq yanmır, tez-tez fasilələr yaranır. Kəndlərdə isə vəziyyət daha acınacaqlıdır. ”
Bu barədə JAMAZ.info-ya Ağsu rayonundakı mənbəmiz məlumat verir. Mənbənin bildirdiyinə görə, Ağsunun əksər kəndlərində işıq dirəkləri və xətləri keçən əsrin 60-70-ci illərindən qaldığından yüngül külək əsən kimi işıq idarəsi işıqları söndürür, çünki hər an qəza baş verə bilir ki, bu da sakinlər üçün dərin təhlükə yaradır: “Dəfələrlə çürük dirəklər aşıb, xətlər qırılıb yerə tökülüb, mal qaranı cərəyan vurub, qısaqapanmadan tikililərdə yanğınlar baş verib, insanlar üçün həyati təhlükələr yaranıb. Xüsusən, belə hallar “Ləngəbiz xətti”nin əhatə etdiyi kəndlərdə baş verir. Ona görə ki, “Ləngəbiz xətti”nin üzərində yerləşən 12-yə qədər böyük kənddə işıq dirəkləri məftillərin hesabına ayaq üstə dayanır. İşıq idarəsinə müraciət edildikdə, bildirirlər ki, mal-materialımız yoxdur, “Azərişıq” haçan material verər, onda dirəkləri və xətləri dəyişərik. Bu üzdən, demək olar, hər gün adıçəkilən xəttin işıqla təmin etdiyi kəndlərdə elektrik verilişi böyük fasilələrlə dayandırılır. Təbii hallar bir yana, əgər bir kənddə işıq xəttində problem yaranarsa, məsələn, dirək aşarsa, problemi aradan qaldırmaq üçün 10-dan yuxarı kəndin hamısının işığı işıq stansiyasından ayrılır, ta ki, yaranmış çətinlik aradan qaldırılan qədər. İşıq işçiləri, ümumiyyətlə, transformatorların yanındakı ayrıcdan istifadə etmirlər. Vəziyyətlə bağlı rayon işıq idarəsinin müdiri Rəhman Fərəcova irad bildirəndə deyir ki, mümkün deyil 5-10 dəqiqədən artıq kəndlərə işıq verilişi dayandırılsın, işçilərim ayrıclardan istifadə etməklə yaranan problemləri aradan qaldırırlar. Deyirik, ay müəllim, dur otağından bir çölə çıx, min maşınını, gəl kəndlərə, vəziyyəti özün gör, amma nə fayda, adam rayon mərkəzindən kənara çıxmır. R.Fərəcov elə bilir ki, müdir ancaq otaqda oturub göstərişlər verməkdən ötrüdür. Bir də, sahə rəislərini qapı-qapı salıb, ay tamam olmamış, obonentlərdən məcburi işıq pulu aldırmaqdan ibarətdir müdirin işi. Hər ayın yarısı keçən kimi, müdir səhə rəislərinə gündəlik plan qoyur ki, məsələn, Gəgəli kəndindən bu gün 500 manat işıq pulu yığılmalıdır, sabah 400 m, birisi gün 600 m və s. Ayın son günlərində isə sahə rəisləri məcburən işıq puluna görə, obonentlərin evlərinə sanki hücum çəkirlər. R.Fərəcovu kəndlərdəki işıq xətlərinin bərbad gündə olması, görünür ki, qətiyyən maraqlandırmır. Əksinə, ona problemlərlə bağlı müraciət edənləri “borclu çıxartmağa” çalışır, bacarıqsız işçilərini müdafiə etməklə, onlara haqq qazandırır. Nəticədə, kəndlər böyük fasilələrlə işıq görür.”
“Hələ qış qarşıdadır. Bu gedişlə, mülayim havalarda işığı qıtın-qıtın görən kəndlilər, yəqin ki, qışın küləyində, şaxtasında nöyüt lampalarının ümidinə qalacaqlar.” – deyə, mənbə sonda bildirir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button