Sosial

Sürüşmə zonasında yaşayanlar: Uçqun olsa, kim məsuliyyət daşıyacaq?

Xətai rayonu, Gəncə prospekti 89. Dağ yamacında yerləşən yol yararsız vəziyyətə düşüb, bir hissəsi uçub, sakinlərin büdrəməməsi üçün bərkidilmiş tutacaqlar dağılıb. Yola bitişik bina və evlər olduğundan yaxınlıqda yaşayanlar ondan istifadə etməyə məcburdur. Onlar illərdir təhlükəli yamacla gündəlik hərəkət edir, işə gedir, övladlarını məktəbə yola salırlar. Xüsusən payız və qış aylarında havanın yağışlı və qarlı olması təhlükəni bir az da artırır.

191 saylı orta məktəb də yamacda tikildiyindən məktəblilərin əksəriyyəti bu yolla gedib-gəlməyə vadar olurlar.

Məsələni ictimailəşdirən Murad Əhədin sözlərinə görə, vaxtilə yaxınlıqda aparılan qazıntı işlərindən sonra torpaq sürüşməsinin qarşısının alınması üçün qabaqlayıcı tədbirlər görülməyib.

“Həmin yol 191 saylı məktəbin həyətinə aparır. Daha güclü yağışlar yağsa, torpaq sürüşməsi baş versə, məktəbin binası üçün də təhlükə yaranar”,- Murad Əhəd söyləyir.

Elə ərazidə oynayan məktəblilər də dağılmış yolda çətinliklə düşüb-qalxdıqlarını söyləyirlər.

Yamacın altında parkinq üçün yer ayrılıb, uçqun baş verərsə, aşağıda hərəkət edən insanları və avtomobilləri də təhlükə gözləyir.

Sakinlərin sözlərinə görə, təhlükəli vəziyyətin yaranmasına 2013-cü ildə tikinti aparan şirkət səbəb olub. Vaxtilə ərazidə yaşayış binaları tikilib, onlar istismara verildikdən sonra şirkət avtomobil dayanacağı və park salmaq üçün qazıntı işləri aparıb. Lakin işlər sonradan dayandırılsa da, yol indiyədək bərpa olunmayıb, bərkitmə işləri görülməyib.

İcra Hakimiyyəti: “Biz vətəndaşın tərəfindəyik”

Xətai rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov sözügedən problemdən illərdir xəbərdar olduqlarını bildirir.

“O binanın sahibkarı orada qanunsuz dayanacaq tikmək üçün ərazidə qazıntı işləri aparanda həbs olundu, işlər dayandırıldı. Ancaq həmin ərazidə bərpa-bərkitmə işləri rayon icra hakimiyyətinin səlahiyyətində deyil. Biz vətəndaşın tərəfindəyik, bu məsələni dəfələrlə qaldırmışıq. Məsələ kiçik olanda kimsədən soruşmadan özümüz həll edirik, qaydasına qoyuruq. Amma elə şey olur ki, bizim səlahiyyətimizi aşır. Bu halda biz əlaqədar təşkilatları xəbərdar edə bilərik”,- şöbə müdiri belə deyir.

Nazirlik xəbər gözləyir

Prezidentin 26 dekabr 2006-cı il tarixli fərmanına əsasən Fövqəladə Hallar Nazirliyi yanında Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tikinti sahəsinə aid fəaliyyətin bütün mərhələlərində təhlükəsizlik tələbləri ilə bağlı dövlət nəzarətini həyata keçirir.

Bundan başqa qurum nazirliyin digər struktur bölmələri, müvafiq dövlət orqanları ilə birlikdə ərazilərin, bina və qurğuların fövqəladə hallardan müdafiəsi və nəticələrinin aradan qaldırılmasının təşkilində iştirak edir.

Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyindən sözügedən məsələyə münasibət almaq cəhdilərimiz boşa çıxır.

FHN-in Baş idarəsinin Fövqəladə Halların Xəbərdar Edilməsi İşinin Təşkili İdarəsinin Əhalinin və Ərazilərin Təhlükəsizliyinin Təşkili Şöbəsinin müdiri Pərviz Mehdiyev problemlə bağlı sosial mediadan xəbər tutduqlarını, ancaq indiyədək nazirliyə rəsmi şəkildə müraciət olunmadığını bildirir.

“FHN verdiyi rəyi ictimayyətə açıqlamır. O ki qaldı vətəndaşın yaşayış şəraiti ilə bağlı məsələyə, bunun üçün ayrı-ayrı qurumlar var. Vətəndaşın şikayəti qeydə alındıqdan sonra əlaqədar icra skturukturları bizə müraciət edir, bundan sonra nazirlik vəziyyəti qiymətləndirir. Prosedur belədir”, – nazirlik rəsmisi söyləyir.

O, yalnız icra orqanları tərəfindən rəsmi məktub aldıqdan sonra hərəkətə keçəcəklərini vurğulayır.

İcra Hakimiyyətinin nümayəndəsi P. İmanovsa daha əvvəl də FHN-ə müraciət olunduğunu deyir: “Bütün təşkilatlar məsələdən xəbərdardır. Bundan başqa bütün televiziyalar, saytlar bu barədə yazır. Necə ola bilər ki, hər kəsin xəbəri var, Fövqəladə Hallar Nazirliyinin yoxdur?”

Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat katibi Ramiz İdrisoğlu isə məsələ ilə əlaqədar FHN və İcra Hakimiyyətinin məsul olduqlarını bildirərək ərazidə abadlaşdırılma işlərinin görülməli olduğunu qeyd edir.

Tikinti  və təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyevin sözlərinə görə, ərazi sürüşmə zonasıdırsa və orda aktivlik varsa tikintinin aparılması yolverilməzdir: “Bu halda iş dayandırılmalı, ya da tikintinin təyinatı dəyişdirilməli idi”.

Onun sözlərinə görə, əgər indiki vaxtda ərazidə sürüşmə, aktivlik müşahidə edilirsə, ekspertiza təyin olunaraq vəziyyət araşdırılmalıdır, təhlükə varsa, tədbirlər planı hazırlanmalıdır.

“İstənilən tikinti işi layihə əsasında həyata keçirilir. Layihə hazırlanır, aidiyyatı qurumlara təqdim olunur, tikintidə istifadə olunacaq materiallardan tutmuş yan tikililərlə ara məsafəsinə qədər hər şey detallı şəkildə göstərilir. Əgər layihə təsdiqlənərsə, ondan sonra işə başlamaq olar”,- deyə ekspert bildirir.

Rəsmi açıqlamalardan anlaşılan odur ki, ərazidə təhlükəsizliyi təmin etmək üçün nə zaman tədbir görüləcəyi bəlli deyil. Sakinlərsə hələ bir müddət də dağ yamacında təhlükəli vəziyyətdə yaşamalı olacaqlar.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button