Sosial

Tanınmış jurnalist tərcümə dələduzlarının sirrini necə tapdı?

50 tərcümçiyə göndərilən 1500-2000 işarəlik yazılar, 500-600 səhifəlik kitabın pulsuz tərcüməsi və Hacıbala Abutalıbovun 200 dollar məsələsi   

 

Tanınmış jurnalist və yazıçı Qalib Arif maraqlı bir məsələyə toxunub. JAMAZ.İNFO xəbər verir ki, jurnalist bu barədə özünün sosial şəbəkədəki hesabında yazıb. Məsələ isə tərcümə işində dələduzluq edənlərlə bağlıdır.

Qalib Aarif yazır ki, o, peşəkar yazıçı-jurnalistdir, rusca, azərbaycanca eyni dərəcədə yaxşı bilir. “20 ildən çoxdur ki, vaxtım, ehtiyacım olanda, rusdan azəriyə, azəridən rusa tərcümə edirəm. İstər bədii əsərlər olsun, istər elmi, istər fəlsəfi məqalələr, fərqi yoxdur. Rusdan azəriyə ən yaxşı tərcüməçilərdən biriyəm, ən qısa müddətdə və ən yaxşı keyfiyyətdə tərcümə edirəm”.

O bu əsnada Bakının sabiq meri Hacıbala Abutalıbovla bağlı maraqlı bir məqama toxunub. Daha doğrusu, onun rusca məqalələr yazmasından danışıb. “Təsəvvür edin ki, Hacıbala Abutalıbov icra başçısı işlədiyi, Bakını tikib-çevirdiyi vaxtlarda cəmi 3-4 məqalə yazıb, onları da mən rus dilindən tərcümə etmişəm. Bəli, bəli, Hacıbala müəllim rus dilində yazırdı, elə azəricə danışdığı kimi yazırdı. Məsələn, Azərbaycan Prezidentini “Rey-xan mirovoy politiki” adlandırırdı. İndi gəl bunu tərcümə elə, görüm necə edirsən…

Müəllim özü də bunu anlayırdı, köməkçisinə 200 dollar verib AzərTac-a yollayırdı. Hardasa 7-8 min işarəlik yazıya 7-8 saat vaxt qoyurdu… AzərTac-dakı həmkarlar təbii ki, bu qədər qısa vaxtda bu qədər uzun və çətin yazını tərcümə etmək istəmirdilər. “Dədə malı” kimi pulun üstündən 100 dollar götürürdülər və yazını mənə gətirirdilər. Mən hələ “Xalq qəzeti”ndə işləyirdim, canımın canı çıxırdı, axşam saat 8-ə kimi tərcümə edirdim”.

Qalib Arif qeyd edir ki, hazırda heç yerdə işləmir. “Odur ki, tərcümələrə daha həvəsliyəm. Vaxtaşırı müxtəlif saytlara elanlar verirəm, səbrlə gözləyirəm… Həmin fasilələri boş keçirmirəm, Feyzdə işləyirəm. Amma,.. indi o qədər tərcümə dələduzları meydana çıxıb ki, gəl görəsən”.

Onun sözlərinə görə, hazırda leqal və qeyri-leqal dələduzlar var. “Leqal dələduzların başında hamının tanıdığı məlum nəşriyyatın məşhur sədri gəlir. Yazının mahiyyətindən asılı olmayaraq, səhifəyə (300 söz) 3 manat vəd edir, kitabı göndərir. Tərcüməni hissə-hissə qəbul edir, sonda “bəyənmədik” deyib pul vermir, ya da 5-3 ilə verir..

Qeyri-leqal dələduzlar isə müxtəlifdir. Bunlar, bir qayda olaraq, sizinlə “Votsap”-la danışır. Baş aldatmaq üçün bir az “burcudub” qiymətdə razılaşır. Sizə nümunə kimi 2 səhifə (1500-2000 söz) yazı göndərir. Siz peşəkarsınızsa birini, həvəskarsınızsa ikisini də tez tərcümə edib göndərirsiz. Qarşı tərəf peşəkar dələduzdırsa, bəyənmədim deyir, xudafizləşir. Yox əgər həvəskardırsa, daha iki səhifə göndərir. “gəlin bir də sınayaq” deyir. Soruşa bilərsiz ki, bunun mənası nədir? İndi bilərsiz”.

Tanınmış jurnalist başına gələn daha bir maraqlı məqamdan bəhs edib. “Bir ayın söhbətidir, mənə “Votsap”-la 050-230…55 nömrəsindən zəng etdilər, tərcümə təklif etdilər. Təcili nümunə kimi 2 səhifə (1500-2000 söz) yazı göndərdilər. Elmi-fəlsəfi əsər idi, mən bir səhifəsini tez tərcümə etdim və göndərdim. Müəllif bəyəndi, amma 1500-2000 sözün bir səhifə kimi qəbul olunmasında israr etdi. Dedim bu, 7-8 kitab səhifəsi deməkdir. Xudafizləşdik. Üstündən bir müddət keçdi, mənim başqa operatorda olan nömrəmə  həmin nömrədən zəng gəldi. Müəllif bu dəfə əsərinin başqa bir hissəsindən 2 səhifə göndərdi. Və mən başa düşdüm. Hərif əsərini səhifə-səhifə tərcüməçilərə göndərir, “bəyənmədim” deyib pul vermir. Sonra müxtəlif səhifələri səliqə ilə redaktə edir, birləşdirir. Beləliklə, 300 –  500 səhifəlik kitab pulsuz tərcümə edilir. Dostlar, dələduzluğun miqyasını təsəvvür edirsinizmi?!”

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button