Sosial

Zahir Əzəmət: “Bakı nəinki kitab paytaxtı, heç əyaləti olmağa hazır deyil”

“Bizim ölkədə kitab masanın bir ayağı laxlayanda yada düşür. Ya da biriylə dalaşanda soyuq silah kimi əlimizə götürürük, üstünə isti çay qoymaq üçün istifadə edirik”. Şair Zahir Əzəmət “Toplum TV”-yə belə deyir.

Aprelin 23-də Gürcüstanın paytaxtı Tbilisi şəhəri “Dünya kitab paytaxtı” seçilib. “Dünya kitab paytaxtı” layihəsi 2001-ci ildə təsis olunub və ilk dəfə Madrid şəhəri bu statusu qazanıb.

2012-ci ildə Yerevan ( Ermənistan) layihəyə ev sahibliyi edib.

2001-ci ildən etibarən hər il BMT və UNESCO  şəhərlərdən birini “Dünya kitab paytaxtı” seçir.

Açıq mənbələrdən götürülüb

Nominasiyada əsasən aşağıdakı meyarlara xüsusi diqqət yetirilir:

– uşaq ədəbiyyatının inkişafı və azyaşlılar arasında kitaba, mütaliəyə xüsusi marağın yaradılması;
– mərkəzi dövlət kitabxanalarına xüsusi diqqət göstərilməsi, onlara maddi vəsaitin ayrılması və fondunun genişləndirilməsi;
– kitab mağazalarının çoxaldılması və ictimaiyyət arasında bir istehlak malı kimi kitabların sürətli alış-verişi;
– kütlənin  kitaba cəlb edilməsi və bu yöndə xüsusi tədbirlərin keçirilməsi.

Bəs Bakı niyə “Dünya kitab paytaxtı” seçilmir sualına Zahir Əzəmət belə cavab verib: “Niyə seçilsin ki?”

“Heç kəs həyatında kitabın rolunu hiss etmir” 

“Dünya bizi niyə seçsin? Dünya-dünya deyirik, əvvəlcə kitab özümüzə lazım olmalıdır. Sonra dünya görəcək ki, kitaba sahib çıxırıq, gəlib bizi seçəcək də”, – yazıçı belə deyir.

Z. Əzəmət hesab edir ki, dövlət kitabçılıq sektorunda güzəştlər etməlidir: “Azərbaycanda kitab sahəsində islahat aparılmır, nəşriyyatlara güzəştli kreditlər verilmir və kitab kağızı ƏDV-dən azad edilmir. Sovet dövründən qalma kitabxanalar, kitab mağazaları da indi restoranlara, kinoteatrlara, şadlıq evlərinə çevrilib. Ölkəyə kitab lazım deyilsə, kitab öz funksiyasını itiribsə, dünya niyə bizə dəstək olsun? Uşaqdan böyüyə heç kim həyatında kitabın rolu hiss etmir. Əvvəl çox oxuyan adam karyera baxımından irəli gedirdi, indi qohumu olan irəliləyir. Efirlərdə ekspert adı ilə 3 manatlıq müğənnilərə qulaq asanların həyatına kitab necə təsir göstərə bilər axı?”

Zahir Əzəmət – Qaynar.info

“Mədəniyyət Nazirliyi oyunbazlıqla məşğuldur” 

Z.Əzəmətin fikrincə, ölkədə məktəblər də bağlansa, heç nə dəyişməyəcək: “Onsuz da təhsil 30 ildir ki, yoxdur. Dünyanın məşhur kitab yarmarkalarında Gürcüstan günləri keçirilir, bizim Mədəniyyət Nazirliyi isə hələ tarixi abidələrin satılması ilə, oyunbazlıqla məşğuldur. Ümumiyyətlə, bu ölkədə hansısa sahəni cənnətə döndərmək mümkün deyil, hamısı bir-birilə zəncirvari bağlıdır. Biz kitabın inkişafını istəyiriksə, gərək iqtisadiyyatın da müəyyən sahələri inkişaf etsin. Bir istehlakçının kitab almağa, bir naşirin qonorar verməyə pulu yoxdursa, dövlət bu sahəni stimullaşdırmırsa, hansı inkişafdan danışaq? Bakı nəinki dünya kitab evinin paytaxtı, heç onun əyaləti də olmağa hazır deyil”.

“İdarəetmə sovetdənqalma bürokratik tiplərdən təmizlənməlidir”

Yazıçı-şair Rasim Qaraca deyir ki, Tbilisinin kitab paytaxtı seçilməsi təsadüfi deyil: “Gürcüstan Mədəniyyət Nazirliyi dünyada gedən proseslərə uyğun adekvat addımlar atır. Gürcülər kitab, nəşriyyat sektorundakı islahatlarda daha aktivdirlər. Hələ 2018-ci ildə Frankfurt kitab fuarında Gürcüstan qonaq ölkə olub. Biz bu məsələlərdə çox gecikmişik. Mədəniyyət sahəsinin demokratikləşməsi proseslərində gürcülərdən geridəyik”.

Rasim Qaraca – Sosial Media

Yazıçı Gürcüstanın Mədəniyyət Nazirliyinin nəzdində “Ceorcian Nəşnl Buk” (“Georgian National Book”) adlı fond yaratdıqlarını vurğulayır.

Onun sözlərinə görə, fondun məqsədi gürcü ədəbiyyatını xaricdə tanıtmaqdır: “Kasıb Gürcüstan hökuməti  2014-cü ildən etibarən hər il bu fonda 250 min avro həcmində büdcə ayırır. Bu məbləğ bəs edir ki, yüzlərlə ədəbiyyat nümunələrini dünya dillərinə tərcümə etsinlər. Əlbəttə ki,  250 min avro Azərbaycan hökuməti üçün böyük rəqəm deyil, amma müvafiq struktur da yaradılmayıb”.

R.Qaraca yeni mədəniyyət nazirinin islahatlar aparacağı anonsunu verdiyini də qeyd edir: “Bizdə hələ indi-indi nəşriyyatlar birliyi yaranır, tərcümə fondunu yaratmaqdan heç söhbət belə getmir.

Dövlət Tərcümə Mərkəzi beynəlxalq standartlara uyğun deyil – xarici naşirləri dəstəkləmir, əksinə, xarici fondlardan, səfirliklərdən dəstək arayışındadır”.
Yazıçının dediyinə görə, yaradıcı insanların arxasında dövlət dayanmalı, əsərlərinin dünyaya çıxmasına şərait yaratmalıdır, amma azərbaycanlı şair və yazarlar ehtiyac içində yaradıcılıq haqqında düşünmək belə istəmir.

“Böyük danışmaqla, vədlər verməklə deyil, qarışqa kimi işləmək, addım-addım, qarış-qarış məqsədə doğru irəliləmək lazımdır. İdarəetmə qeyri-demokratik ünsürlərdən, sovetdənqalma bürokratik tiplərdən təmizlənməlidir. Yalnız bundan sonra biz Bakının kitab paytaxtı olması haqqında düşünə bilərik”, – Rasim Qaraca belə deyir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button