Cəmiyyət

“Qarabağ yürüşü” ilə bağlı sonuncu 12 nəfərə də cəza kəsildi

2020-ci ilin iyulunda Bakıda keçirilmiş Orduya dəstək yürüşündən sonra həbs olunan 36 nəfərdən sonuncu – üçüncü qrupun da məhkəməsi yekunlaşıb.

İyunun 22-də axşam saatlarında Səbail rayon Məhkəməsinin bu qrupdakı 12 nəfər haqqında çıxardığı hökm elan olunub.

Məlum olub ki, bu da əvvəlki iki qrupdakılar haqqında verilmiş hökmlə bənzərdir. Burada da təqsirləndirilən şəxslər yürüş zamanı Milli Məclisin binasına daxil olmaqda parlamentin qarşısında polis maşınını aşırmaqda və s. qanunsuz əməllərdə suçlu sayılıb. Amma onlara şərti cəza verilməsi qərara alınıb.

Bu qrupda mühakimə olunan 12 nəfərdən 7-si Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalıdır. Cəbhəçilərdən Ramid Nağıyev və İsmayıl Həsənov 4 il, Ceyhun Novruzov və Baba Süleymanov 3 il 9 ay, Telman Seyfullayev 3 il 6 ay, Məhəbbət Nağıyev 3 il 2 ay, Gündüz Mirzəyev isə 3 il 1 ay şərti azadlıqdan məhrum edilib. Digər təqsirləndirilən şəxslərə də şərti cəza verilib.

AXCP mətbuat xidmətindən “AzadlıqRadiosu”na bildirilib ki, hökmdən apellyasiya şikayəti veriləcək. Cəbhəçilərin təqsirsiz olduğunu hesab edirlər: “Şərti məhkumetmənin məqsədi də AXCP funksionerlərinin gələcəkdə, yəni, hakimiyyətə lazım olan həbsini asanlaşdırmaqdır. Heç bir sübut-dəlil olmadan AXCP funksionerlərini saxta ittihamlarla məhkum ediblər. Apellyasiya məhkəməsinə şikayət verməklə ədalətli nəticə gözləntimiz yoxdur. Bu işi Avropa Məhkəməsi müstəvisinə çıxarmaq üçün prosedurdur, onu keçmək lazımdır”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button