Cəmiyyət

Zalımın xətrinə dəymək

İlqar Kamil 
Bir dəfə dostum tutdurub ki, axı sən mənim güzgüm olmalısan, deməlisən nəyim çatır, nəyim yox, göstərməlisən məni mənə olduğum kimi… Deyirəm, qardaşım, promlem deyil e, ancaq desəm, elə güzgü kimi də çilik-çilik olacaqsan axı. İsrar edir: yox, vallah, inciməyəcəm, de! Yerimi bərkidirəm: bax, xətrinə dəyəcək ha! Həyəcanlanır: dəyməyəcək, söz verirəm, ya Allah! Tamam, deyirəm, al gəldi: sənin, əzizim, ən böyük çatışmazlığın heç kimin xətrinə dəymək istəməməyindir.
Dünyamızın bu gündə olmasına indiyə qədər min bir səbəb göstəriblər, birinə də mən spot işığı tutum?
Dünyamızın bu halda olmasının ən vacib, eyni zamanda ən unudulmuş səbəbkarlarından biri də heç bir vəchlə, heç kimin xətrinə dəymək istəməyən adamlardır. Bunun üçün dəridən-qabıqdan çıxanlar, üstəlik, cəhdini (oxu: xarakter zəifliyini) insanlıq, ali əxlaq hesab edən ultra-humanistlər.
Halbuki dünya xətirə dəyməyi bacaran insanların çiyni üzərində dayanır, əzizim, “bir dəyqə dayan, bu belə olmamalıdır axı, siz düz eləmirsiz axı” deyə bilən ərənlərin! Əlbəttə, məqsəd illah ki, xətirə dəymək deyil, sadəcə bu haq ki var…
Şəhid kimdir? İkinci Qarabağ Müharibəsini yadınıza salın və təsəvvür edin, biz düşmənin xətrini incitmək istəməyəydik. Təəccübləndiniz, deyilmi? Amma vardı, hətta ən gərgin ekstrimal vəziyyətimizdə belə xətir-hörmət düşünən “sülh göyərçinləri” vardı. Az qalırdılar desinlər: əsgər, lütfən gülləni atanda xəbər elə, düşmənin gizlənməyə vaxtı olsun…
Şəhid, haq sözünü ən sərt formada, təcavüzkarın birbaşa üzünə deyən həqiqətdir.
“Polad necə bərkidi” kitabında yazmışdım ki, haqqın ən böyük problemi batilin nazıyla oynamaqdır; hay necə deyim incitməsin, ay necə bildirim ağrıtmasın? Bu minvalla o əzəmətdə haqqı qız beli kimi nazildib elə hala salmışıq ki, bir suyundan elə batilə oxşayır.
Sitat: haqqı bəzən dron kimi, batilin başına çırpmaq lazımdır! Yəni bəzən sagaltmağın şərti incitməkdir, oyatmağın çarəsi şok effekti yaşatmaq!
Misal üçün, mənə görə tarixin ən böyük xətirə dəyən adamı İmam Əli, ən xətirə dəyən kitabı “Nəhcül-bəlağə”dir. Və bu gün Beynəlxalq Qüds Günüdür – Xətirə dəyə bilənlərin günü!
Yadımdadı, tez-tez “belə laqeyd olma, heç olmasa arada xətrimə dəy” dediyim adam, o əziz adam, o pak adam bir dəfə artıq dözmədi, dilləndi ki, əzizim, sən də belə qorxaq, iki üzlü, yola verən, yaltaq olma, heç olmasa arada xətrinə dəy… zalımın!
Bu gün zalımın xətrinə dəyən gündür!
Və bu günün ən böyük ibadəti zalımın xətrinə dəyməyi məşq etməkdir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button