ManşetSosial

“Edupol Öğretim Kurumları”nda özbaşınalıq: Bullinqə məruz qalan qız kurslardan kənarlaşdırılıb

“Edupol Öğretim Kurumları” MMC-in şagirdi Nigar Kərimovanın anası S.Kərimova qızının təhsil aldığı kursdan qanunsuz olaraq xaric olunduğunu iddia edir. JAMAZ.İNFO xəbər verir ki, S.Kərimova bildirib ki, sözügedən kurs bu addımı özünün qanunazidd əməllərinin ört-basdır edilməsi məqsədilə atıb.

Onun sözlərinə görə, tədris müəssisəsində qızına qarşı ayrı-seçkiliyə yol verilib. “Nigar qrup yoldaşları tərəfindən bullinqə məruz qalıb. Ona qarşı aqressiv olublar, incidiblər. Psixoloji zorakılığa məruz qalan qızım kursun dərslərindən, yarışlarından da hər vəchlə kənarlaşdırılıb, ona qəsdən məlumat verilməyib. Nəticədə, o, dərslərində geriləməklə yanaşı, stress keçirib, psixoloji sarsıntı yaşayıb”.

O bildirib ki, yaranmış vəziyyətlə bağlı kursun rəhbərliyinə müraciət etsə də, lazımi tədbir görülməyib. Əksinə, çıxış yolu kimi N.Kərimovanı tədris mərkəzindən xaric ediblər: “Kursun tədris mütəxəssisi ilə bu məsələni müzakirə etdim. Xahiş etdim ki, bu mənfi halın aradan qaldırılması üçün tədbir görülsün. Problemin həlli üçün kursun rəhbərliyi ilə görüşmək istədiyimi bildirdim. Lakin onlar buna şərait yaratmadılar. İmkan vermədilər ki, mən rəhbərliklə görüşüb şikayətimi bildirim. Daha sonra müqaviləyə birtərəfli qaydada xitam verərək qızımı kursdan kənarlaşdırdılar. Nigara qarşı bu cür münasibətin yaranmasına səbəb onun kursda baş verən mənfi hallar barədə bizə danışması olub. Onlar hesab edir ki, qızım orada yaşanan problemləri bizə bildirməməlidir, gizlətməlidir. Valideynin heç bir şeydən xəbəri olmamalıdır. Bu necə yanaşmadır?! Niyə neqativ halları ört-basdır edib valideyndən gizlətməyə çalışırlar? Onlar qızıma qarşı baş verənlərə göz yumdular, onu dərslərdən kənarlaşdırmaqla psixoloji vəziyyətini daha da kəskinləşdirdilər. Nigar bütün bunlara görə ağır psixoloji travma alıb”.

S.Kərimova məsələyə hüquqi qiymət verilməsini və qızına qarşı qanunsuzluğa yol verən kursun rəhbərliyinin cəzalandırılmasını istəyir: “Təhsil qanunvericiliyinin əsas məqsədi təhsil sahəsində vətəndaşların konstitusiya hüququnun təmin edilməsindən və qorunmasından, icra strukturlarının, təhsilalanların və təhsilverənlərin, fiziki və hüquqi şəxslərin hüquq və vəzifələrinin düzgün müəyyən edilməsindən, onlar arasında münasibətlərin tənzimlənməsindən, təhsil sisteminin sərbəst fəaliyyəti və inkişafı üçün hüquqi təminatların yaradılmasından ibarətdir. Təhsil sahəsində dövlət siyasətinin əsas prinsiplərindən biri də humanistlik prinsipidir – milli və ümumbəşəri dəyərlərin, şəxsiyyətin azad inkişafının, insan hüquqları və azadlıqlarının, sağlamlığın və təhlükəsizliyin, ətraf mühitə və insanlara qayğı və hörmətin, tolerantlıq və dözümlülüyün prioritet kimi qəbul olunması. Bütün bunları nəzərə alaraq “Metropol Eğitim Kurumları”nın filialı kimi fəaliyyət göstərən “Edupol Öğretim Kurumları” MMC rəhbərliyinin qanunsuz hərəkətlərinə görə hüquq çərçivəsində cəzalandırılmasını tələb edirəm”.

Kursun rəsmisi Zaur Məmmədzadə isə Axeber.az-a açıqlamasında valideynin iddiasının əsassız olduğunu bildirib. Onun sözlərinə görə, kursda N.Kərimovaya qarşı heç bir ayrı-seçkilik və ya psixoloji təzyiq olmayıb. Z.Məmmədzadə deyib ki, N.Kərimovanın kursdan kənarlaşdırılmasına səbəb valideyni S.Kərimovanın digər şagirdləri təhqir etməsi olub. “Bizim Nigar Kərimova ilə heç bir problemimiz yoxdur. O, uşaqdır, onunla nə problemimiz ola bilər ki? Nigarın kursdan uzaqlaşdırılmasının səbəbi onun anasının digər şagirdləri təhqir etməsidir. Belə ki, Nigar alt sinifdə idi, imtahan nəticəsinə görə onu üst sinifə keçirdik. Sinif dəyişikliyindən sonra Nigar yeni sinif yoldaşları ilə ünsiyyət qura bilmədi. Tənəffüslərdə köhnə sinif yoldaşlarının yanına gedirdi. Biz ona bildirdik ki, yeni sinif yoldaşları ilə qaynayıb-qarışması üçün onlarla ünsiyyətdə olması, söhbət etməsi daha yaxşı olar. Lakin Nigar yenə də yeni sinif yoldaşları ilə ünsiyyətdən qaçdı. Sonradan digər uşaqlarla ünsiyyət qura bilməməsinə görə onlarla arasında problem yaranıb. Nigar bu barədə öz valideyninə bildirib. Anası bizə bu barədə müraciət etdi. Biz sinif şagirdlərini bir araya yığıb məsələni müzakirə etdik. Uşaqlar Nigarla aralarında heç bir problem olmadığını dedilər. Bir müddət sonra anası yenə də eyni məsələ ilə bağlı bizə müraciət etdi. Biz sinif uşaqları ilə valideyni yenidən görüşdürdük ki, danışıb müzakirə etsinlər. Lakin valideyn sinifə daxil olan kimi digər uşaqları təhqir etməyə başladı. Onlara qarşı çox xoşagəlməz ifadələr səsləndirdi. Biz də məcbur qalıb digər uşaqları qorumaq üçün Nigarı kursdan kənarlaşdırdıq. Biz səbəbsiz yerə heç vaxt bu addımı atmazdıq”.

Z.Məmmədzadə bildirib ki, indi N.Kərimovanın anası kursa ödənilən təhsil haqqının tam şəkildə geri qaytarılmasını tələb edir, lakin bu mümkün deyil: “İndi onlar ödənilən təhsil haqqının hamısının qaytarılmasını tələb edirlər. Bu, mümkün deyil. Çünki Nigar o pulun müqabilində dərslərdə iştirak edib. Biz ödənilən puldan keçdiyimiz dərslərin haqqını çıxaraq, yerdə qalan məbləği ödəməyə hazır olduğumuzu bildirdik. Lakin onlar etiraz edir, bütün məbləği istəyirlər. Hazırda təxminən 346 manat məbləğində pulu geri qaytarmalıyıq. Valideyninə də bildirmişik ki, gəlib həmin pulu apara bilərlər. Amma razılaşmırlar. Deyirəm, əgər biz haqsızıqsa, məhkəməyə müraciət etsinlər. Məhkəmədə onların haqlı olduğu sübut olunsa, biz də pulu ödəyərik. Amma bu məsələdə biz tamamilə haqlıyıq”.

Qeyd edək ki, S.Kərimova məsələ ilə bağlı Təhsil Nazirliyinə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət edib.

P.S. Qeyd edək ki, “Edupol Öğretim Kurumları” MMC-nin təşkil etdiyi kurslarda belə hadisələrin baş verməsi adi hala çevrilib. Kurs rəhbərliyinin sığındığı əsas məsələ isə onların Türkiyədən gəlmiş investor olmaları və kurs rəhbərliyinə qarşı hər hansı mənfi addımın guya, Türkiyə-Azərbaycan münasibətlərinə xələl gələcək. Görünən odur ki, bu MMC özünü çox “yekə” bir şey bilir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button