DünyaManşet

Qazaxıstanda repressiyalar başladı: 2000 nəfər həbs olunub, polis aksiyaçılara atəş açır

Yanvarın 2-dən etibarən Qazaxıstanda başlayan etirazlar səngimək bilmir. Hazırda Almatı və Kostonay şəhərlərində vəziyyətin gərgin olduğu, etirazçılarla polislər arasında silahlı toqquşmaların baş verdiyi deyilir. JAMAZ.İNFO xəbər verir ki, ölkənin Daxili İşlər Nazirliyi əhaliyə müraciət edərək, onlardan küçələri boşaltmalarını tələb edib.

Nazirlik rəsmiləri bildiriblər ki, əgər etirazçılar evlərinə dağılışmasalar, polis onlara atəş açacaq. “Bəyan edirik ki, evlərinizə dağılışın. Əks təqdirdə, müqavimət göstərənlər güllələnəcək”.

Bildirək ki, Qazaxıstanda etiraz aksiyalarında iştirak edənlərin şəxsiyyətləri müəyyən edilərək, həbs olunurlar. Ölkəboyu dəhşətli repressiyanın aparıldığı bildirilir. Son məlumatlara görə, indiyə qədər 2000-ə yaxın etirazçı həbs olunub. Onların təcridxanalarda dəhşətli işgəncələrə məruz qaldıqlarına dair məlumatlar var.

JAMAZ.İNFO xəbər verir ki, Qazaxıstanın prezidenti Comart Tokayev ötən gün KTMT-yə müraciət edərək, onlardan hərbi yardım istəyib. KTMT rəhbərliyi, daha doğrusu, Rusiya da bu çağırışa dərhal reaksiya verərək, bu gündən etibarən 3000 nəfərlik hərbi kontingentini Qazaxıstana göndərib. Bundan başqa, Belarusiya 500 nəfər, Tacikistan 200 nəfər, Ermənistan isə 70 nəfərlik “sülhməramlı” dəstələrini Qazaxıstana transfer ediblər. Yalnız Qırğızıstan hökuməti ordu göndərməkdən imtina edib.

Hazırda əsas sual budur ki, KTMT adı altında Qazaxıstana soxulmuş Rusiya bu ölkədə nə qədər qalacaq? Bununla bağlı suala cavab verən KTMT-nin katibi Stanislav Zas bildirib ki, bu, Qazaxıstan rəhbərliyinin qərarından və faktiki vəziyyətdən asılıdır. Onun sözlərinə görə, zəruri əməliyyatlar başa çatdıqdan sonra qoşunlar ölkədən çıxarılacaq. “Biz hesasb edirik ki, qoşunların Qazaxıstanda qalma müddəti qısa olacaq. KTMT-nin Təhlükəsizlik Şurasının qərarında da belə göstərilir: “qısa müddətliyinə”. “Qısa müddət” dedikdə hansı vaxt nəzərdə tutulur, dəqiq deyə bilmərəm. Bu bir neçə gün də, bir neçə həftə də çəkə bilər. Bu birmənalı olaraq, hadisələrin gedişatından və Qazaxıstan hökumətinin verəcəyi qərardan asılıdır”.

Zas daha sonra bildirib ki, Qazaxıstana göndərilən “sülhməramlılar”a, onlara hücum edən “quldurlara” atəş açmaq səlahiyyəti verilib. “Bəli, belə vəziyyətdə silahdan istifadəyə icazə verilib. Əgər “quldurlar” onlara hücum edərlərsə, atəş açacaqlar”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button