Media

YAP və AzTV-də yoxlamalar: “Bəzi xərclər təhrif olunub”

Hesablama Palatası ilk dəfə olaraq Yeni Azərbaycan Partiyasında audit həyata keçirib. Bu barədə APA-ya Hesablama Palatasının sədri Vüqar Gülməmmədov məlumat verib.

V. Gülməmmədov deyib ki, Hesablama Palatası tərəfindən YAP-ın maliyyə hesabatlarının auditi aparılıb: “Ümumiyyətlə, siyasi partiyaların auditinin aparılması beynəlxalq səviyyədə ali audit qurumlarının predmetinə daxildir. Azərbaycanda da ilk dəfə bu sahədə audit aparılıb. Auditin predmeti YAP-ın maliyyə hesabatlarının nə dərəcədə doğru-düzgün tərtib edilməsidir. Audit nəticəsində bəzi gəlir və xərclərdə təhrif olunma göstəriciləri müəyyən olunub. Bununla bağlı Hesablama Palatasının Kollegiyasının müvafiq qərarı qəbul olunub, YAP-a da göndərilib. Qeyd edim ki, gəlir və xərclərin hesablanması, onların əsaslandırılması ilə bağlı Kollegiya qərarında kifayət qədər təklif və tövsiyə var”.

AzTv-də maliyyə pozuntuları

“Biz cari ildə Azərbaycan “Dövlət Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətində maliyyə hesabatlarının auditini aparmışıq”. Bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib.

V. Gülməmmədov deyib ki, audit nəticəsində bəzi maliyyə pozuntuları aşkarlanıb: “Bununla bağlı məsələ Hesablama Palatası Kollegiyasında müzakirə olunub, müvafiq Kollegiya qərarı qəbul edilib. Kollegiya qərarında AzTV rəhbərliyinə bəzi tədbirlərin həyata keçirilməsi tövsiyə olunub, bəziləri haqqında ciddi qərar qəbul olunub. Bunlar, əsasən, televiziyanın inkişafı ilə bağlı institusional məsələlərin həllidir. Maliyyə hesabatlarında bəzi gəlir və xərclərin təhrif olunması nəzərə alınaraq, o hesabatlara yenidən baxılması tövsiyə olunub. Televiziya işçilərinin əməkhaqqı və qonorar sistemi ilə bağlı yol verilmiş bəzi pozuntuların dövlət büdcəsinə bərpası, ümumiyyətlə, əməkhaqqı və qonorar sistemini tənzimləyən yeni sənədin hazırlanmasını tövsiyə etmişik. Bununla yanaşı, QSC-nin gəlirlərinin, xüsusən reklamdan əldə olunan gəlirlərin şəffaflaşması ilə bağlı tədbirlərin görülməsini də Kollegiya qərarında qeyd etmişik. Müvafiq vaxt verilib, bizdə olan məlumata görə, televiziya rəhbərliyi bu sahədə tədbir görülməsinə başlayıb”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button