Siyasət

Rus dili pərdəsi altında separatizm

Qondarma Dağlıq Qarabağ Respublikasında rus dili ikinci rəsmi dil elan olunub. Martın 25-də «DQR»-in qondarma «parlamenti» bununla bağlı qərar qəbul edib. Qanun layihəsində deyilir ki, «Artsax» (Dağlıq Qarabağ) və Rusiya arasında mədəni, hərbi və iqtisadi əlaqələrin tarixini və rus dilinin «artsaxlıların» çoxunun ikinci dili olduğunu nəzərə alaraq, yeni keyfiyyətli münasibətlərin və yeni gündəmin formalaşması vacibdir.

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 26-da keçirdiyi mətbuat konfransda bildirib ki, Qarabağda rus dilinin istifadə ediləcəyi barədə məlumatlar qeyri-qanuni olaraq özlərini rəhbər adlandıranların manipulyasiyadır. «Onlar orada suahili dilini də Qarabağın rəsmi dili elan edə bilərlər. Bunun heç bir təsiri və nəticəsi ola bilməz. Dağlıq Qarabağ mövcud deyil və hər kəs oranı Azərbaycanın tərkib hissəsi olaraq tanıyır. Düşünürəm, bu, onların, həmin cinayətkar xunta rejiminin son nəfəsidir, son cəhdləridir ki, guya onlar dövlətdirlər».

İlham Əliyev qeyd edib ki, Dağlıq Qarabağı hər kəs Azərbaycanın tərkib hissəsi kimi tanıyır. «Azərbaycanda yeganə rəsmi dil Azərbaycan dilidir. Digər bir dilin Azərbaycanda rəsmi statusu ola bilməz».

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov hesab edir ki, qondarma bir rejimin belə bir qətnamənin qəbul etməsi keçən ilin 10 noyabr tarixində və cari ilin yanvarın 11-də imzalanmış üçtərəfli bəyanatların ümumi ruhuna daban-dabana zidd bir addımdır. O, Turana bildirib ki, belə bir addım bunu göstərir ki, heç bir dövlət tərəfindən tanınmayan qondarma rejimin tör-töküntüləri mövcüddur. «Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələri Ali Baş komandanın rəhbərliyi altında Ermənistan ordusunu darmadağın edib və bunun sadəcə tör-töküntüləri qanuna zidd addımları atmaqla regionda çox mürəkkəb ssenari üzrə inkişaf edən hadisələrə şərait yaradırlar».

Komitə üzvünün fikrincə, bunu edənlər regiona sülh və əməkdaşlıq deyil, yenidən qarşıdurma gətirir. «Revanşist qüvvələrin diqtəsi altında bu baş verib. Heç bir halda Azərbaycanın ərazisində başqa bir dövlətin dili, indiki halda isə rus dili dövlət dili ola bilməz. Həmin ərazi Azərbaycan dövlətinin ərazisidir və Azərbaycan ərazisində bizim Konstitusiyamıza görə, dövlət dili məhz Azərbaycan dilidir».

E.Nəsirov vurğulayıb ki, həmin ərazidə yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır. «Onlar tezliklə Azərbaycan pasportunu daşıyacaqlar və məhz Azərbaycan dilini öyrənmək onların vətəndaşlığı üçün əsas şərtlərdən biri olacaq. Azərbaycan vətəndaşlığını almaq istəyirlərsə Azərbaycan pasportunu daşımalı və Azərbaycan dilini bilməlidilər».

Deputat qeyd edib ki, bu addımın atılması ilk növbədə regionda yenidən qarşıdurma mühitin yaradılmasına ünvanlanmış və qəbulolunmaz bir addımdır. «Təbii ki, Azərbaycan dövləti, onun müvafiq qurumları bu istiqamətdə beynəlxalq təşkilatları məlumatlandıracaq və bu qeyri-qanuni addımın qarşısını alınması üçün konkret tədbirlər görülməlidir».

Komitə üzvü hesab edir ki, Rusiya Federasiyası, onun ali rəhbərliyi belə bir addımın əleyhinə yönəlmiş addımlar atmalıdır. «Əks halda regionda heç bir halda davamlı və dayanıqlı sülhdən söhbət gedə bilməz. Halbuki Azərbaycan Prezidenti cənab İlham Əliyev altıtərəfli əməkdaşlıq formatı təklif edib və həmin formatı Ermənistanın iştirakı da nəzərdə tutulub».

Deputat əlavə edib ki, Ermənistanın dəstəyi ilə qondarma rejimin belə bir qeyri-qanuni addımın atması bütün bu təşəbbüslərin üstündə xətt çəkir. «Bundan sonra baş verə biləcək bütün hadisələrin məsuliyyəti Ermənistanın və onun siyasi rəhbərliyi və onun dəstəklədiyi qondarma rejimin tör-töküntüləri üzərinə düşəcək. Ali Baş komandanın sözlərini unutmasınlar ki, dəmir yumruq yerindədir».

Politoloq Ərəstun Oruclu isə AzadlıqRadiosuna bildirib ki, qondarma Dağlıq Qarabağ Respublikasının, onun qondarma parlamentinin heç bir hüquqi və beynəlxalq statusu olmadığına görə qəbul etdiyi istənilən qanunların heç bir hüquqi qüvvəsi ola bilməz. «Amma bu o demək deyil ki, Azərbaycan tərəfi bu məsələlərə laqeyd qalmalıdır».

Ekspert deyir ki, bu qərarın qəbul edilməsi onin üçün sürpriz olmadı. «Çünki bu bir planlı fəaliyyətin bir hissəsidir. Bunun arxasınca ikili vətəndaşlıq haqqında hansısa qanun kimi bir şey qəbul edəcəklər və Qarabağdakı erməni icmasının nümayəndələri kütləvi şəkildə Rusiya vətəndaşlığını qəbul edəcəklər. Rusiya qanunvericiliyində buna qarşı heç bir maneə yoxdur».

Ə.Oruclunun fikrincə, bundan sonra Qarabağdakı sülhməramlı adı altında fəaliyyət göstərən Rusiya qoşunlarının statusu dəyişdiriləcək. «Onlar Rusiya vətəndaşlarını qoruyan silahlı qüvvələri kimi təqdim olunacaq. Azərbaycan onların çıxarılmasını tələb etdikdə bu, faktiki olaraq Abxaziyanın və Cənubi Osetiyanın məsələsinə dönəcək».

Politoloq hesab edir ki, Azərbaycan tərəf həmin qondarma qurumun və olmayan rejimin heç bir addımlarına rəsmi münasibət bildirməməlidir. «Çünki burada məqsədlərdən biri də Azərbaycanı həmin o separatçılarla danışığa cəlb etməkdir. Məhz bu səbəbdən də biz rəsmi İrəvanın mövqeyi ilə Qarabağdakı həmin o separatçı tör-töküntülərin mövqelərində əsaslı fərq görürük. Yəni, faktiki olaraq Rusiya çalışır Azərbaycanı onlarla siyasi dialoqa çəksin. Buna heç bir halda yol vermək olmaz».

Ekspert qeyd edib ki, separatçı rejimlə dialoq və polemika apara biləcək yeganə tərəf Azərbaycan ordusudur. «Təcrübə göstərir ki, belə dialoq kifayət qədər effektiv və ayıldıcı olur».

Ə.Oruclu qeyd edib ki, Azərbaycan buna münasibətini separatçılara yox, birbaşa Rusiyaya bildirməlidir. «Azərbaycan Rusiya hökumətindən tələb etməlidir ki, Rusiya bu fəaliyyətinin qarşısını alsın və Rusiya qoşunları öz missiyasını yerinə yetirsin. Çünki onlar öz missiyasını yerinə yetirmir və Azərbaycan ərazisində özlərini işğalçı kimi aparır».

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button